SIĞORTA

Kasko və könüllü məsuliyyət sığortası niyə inkişaf etmir?
18 OKTYABR
168

Kasko və könüllü məsuliyyət sığortası niyə inkişaf etmir?

2017-10-18 09:44:00

Kasko sahəsində maraqlı məhsullar yoxdur. Həmçinin maşınların qiyməti qalxdığı üçün kasko sığortasının da qiyməti bahalaşıb. Əvvəllər banklar kreditlə avtomobil alan şəxsləri məcbur edirdilər ki, kasko sığortası alsınlar. Son illərdə yaşanan bank böhranı kasko sığortasının da kəskin azalmasına səbəb olub.

Bu sözləri kasko sığortasının inkişafdan qalma səbəblərindən danışan sığorta eksperti Xəyal Məmmədxanlı deyib. O bildirib ki, kasko sahəsində müştəriyə təqdim edilə biləcək maraqlı məhsulun olmaması da onun inkişafını ləngidən amillərdəndir:

“Respublikada 1 milyon 300 mindən çox maşın var. Bunların çox cüzi bir hissəsinin, təxminən 20 min çivarında avtomobilin kasko sığortası var. Bu çox aşağı rəqəmdir. Avtomobillərin böyük bir qismini şirkət avtomobilləri təşkil edir. Xarici şirkətlərin, diplomatik nümayəndəliklərin, səfirliklərin və digər nümayəndəliklərin avtomobilləri Azərbaycanda sığortalanır. Lakin büdcələrində baş verən maddi çətinliklərdən sonra onlar da sığorta üçün vəsaiti azaldıblar. Adi vətəndaşların bir qismi isə kasko sığortasından məlumatsızdır və yaxud onlar üçün bu sığorta çox baha başa gəlir. Bəzi vətəndaşları isə şirkətlərdə narazı salan hallar var. Onların böyük bir hissəsi sığorta şirkətlərinə inanmırlar. Düşünürlər ki, kaskoya pul verəcəm, amma sabah pulumu ala bilməyəcəm”.

Ekspert bildirib ki, kaskonun inkişaf etməsi üçün bazarda yeni və maraqlı kasko məhsulları yaratmaq və insanların bu sığorta növünə olan etibarını zədələyən faktorları aradan qaldırmaq lazımdır. Yəni sənədlərin toplamasında və zərərin əvəzinin ödənilməsi prosesində müştəriləri çox get-gələ salmaq doğru deyil. Xəyal Məmmədxanlı həmçinin onu da qeyd edib ki, kasko sığortasının azalması könüllü məsuliyyət sığortasının azalmasına da səbəb olur:

“Digər bir məsələ isə ondan ibarətdir ki, icbari sığorta onların məsuliyyətini 5 min manatadək sığortalayır. Buna görə, insanlar düşünürlər ki, 5 min manatdan artığa ehtiyac duyulmayacaq. Bu isə yanlış düşüncədir. Bahalı avtomobil ilə qəza baş verdiyi zaman bu məbləğ zərərin bəzən bir hissəsini belə ödəmir. Ona görə də, belə düşünürəm ki, bu məsələnin inkişafı maariflənmədən və təbliğatdan asılıdır”.

Qeyd edək ki, son statistik göstəricilərə görə, ötən ilin yanvar-avqust aylarında sığorta şirkətləri kasko sığortası üzrə 15 milyon 166 min manat sığorta haqqı toplaya bilib. Bu ilin eyni dövründə isə könüllü avtomobil sığortasından 14 milyon 244 min manat sığorta haqqı yığılıb. Buradan da göründüyü kimi, kasko sığortası üzrə yığımlar 6,1 faiz azalıb. Kasko üzrə ödənişlər isə 9 milyon 789 milyon manatdan 7 milyon 392 manata düşüb – yəni 55,7 faiz azalma qeydə alınıb.

Kasko sığortası ilə yanaşı, avtomobillərin könüllü məsuliyyət sığortası üzrə yığımlar da azalıb. Sığorta şirkətləri bu növ üzrə ötən ilin 8 ayında 1 milyon 58 min manat sığorta haqqı yığa bilmişdilərsə, bu ilin eyni dövründə bu rəqəm 29,5 faiz azalaraq 746 min 585 manat təşkil edib. Avtomobillərin könüllü məsuliyyət sığortası üzrə ödənişlər də, 18,6 faiz azalaraq 77 min 262 manat olub.

© Axar.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285