SIĞORTA

Sahibkar biznesini gözlənilməz risklərdən necə qoruya bilər? - TÖVSİYƏ
14 İYUL
233

Sahibkar biznesini gözlənilməz risklərdən necə qoruya bilər? - TÖVSİYƏ

2016-07-14 12:08:00

Son dövrdə ölkə ərazisində, xüsusilə də Bakıda iri sahibkarlıq obyektlərində iri yanğın və partlayışların sayı artıb. Məsələn, iyul ayının 5-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində "Lider-Cola" istehsalat sexində karbon qazı olan 4 tonluq dəmir çən partlayıb. Nəticədə, sexin  1500-2000 kv.m ərazisi, hasarı dağılıb, inzibati binanın və yaxınlıqdakı 3 evin şüşələri sınıb, dam örtükləri yararsız hala düşüb.Daha bir hadisə iyun ayının 13-də Binəqədi rayonunda baş verib. 900 kv.m-lik mebel sexinin yarısı yanğın nəticəsində tamamilə yararsız hala düşüb. Daha bir yanğın Tovuz rayonunda istirahət mərkəzində baş verib. Mərkəzdə 4 otaqlı kotecin böyük hissəsi yanıb. Sadalanan faktlar da onu göstərir ki,  sahibkarlar da  hər an yanğın,  partlayış kimi gözlənilməz hadisələr nəticəsində  böyük ziyanla qarşılaşa bilərlər. Belə  gözlənilməz ziyanları qarşılamaq üçün ən vacib məsələ biznesi, bu tipli obyektləri sığortalamaqdır.Amma bəzən iş adamları gözlənilməz ziyanın olmayacağına ümid edib obyektləri sığortalamırlar.Hadisə baş verəndə isə böyük zərərlə qarşı-qarşıya qalırlar.Digər tərəfdən indi sahibkarlar üçün bizneslərini sığortalmaq daha vacibdir. Çünki iqtisadi durğunluq şəraitində gözlənilmədən ortaya çıxan əlavə ziyanı qarşılamaq daha çətindir. Bəs görəsən, sığorta obyektlərini və istehsal avadanlıqlarını sığortalamaq neçəyə başa gəlir?

“İqtisadi durğunluq zamanı sığorta daha vacibdir”

Sığorta eksperti Cəlal Mehdiyev fins.az-a bildirib ki, ilin əvvəlindən etibarən yaranan iqtisadi durğunluqla əlaqədar olaraq əmlaklarını sığortalayan sahibkarlar da azalıb. İş adamları da qənaəti əvvəlcə sığorta xərclərini ixtisar etməkdə görürlər. Amma qəfil ortaya çıxan yanğın və ya partlayış nəticəsində obyektlərə dəyən böyük ziyan bunun yanlış seçim olduğunu sübut edir. Belə ki, “İcbari sığortalar haqqında” qanuna əsasən zavodlar, mebel sexi və  ictimai iaşə obyetləri, o cümlədən hotel və istirahət mərkəzləri ən təhlükəli  risk qrupuna aid edilib. Yəni, belə müəssisələrdə sığorta hadisəsi baş vermə riski çox yüksəkdir. Ona görə də mütləq sığortalanmalıdırlar.

Sahibkar 70 minlik maşınının sığorta puluna 1 milyonluq əmlakını sığortalaya bilər

Digər tərəfdən bu sahibkarlıq müəssisələrini həm icbari, həm də könüllü qaydada sığortalamaq o qədər də böyük xərc aparmır. Məsələn,qiyməti 500 min manat olan mebel sexini icbari qaydada sığortalamaq 5 min manat azadolma məbləği ilə 1491 manata başa gəlir. 1 milyon manat dəyərində mebel sexi və zavodu isə eyni azadolma məbləği ilə sığortalamaq 2825 manata başa gəlir. Başqa sözlə, iş adamları sadəcə 70 min manatlıq avtomobilini könüllü sığortalamaq üçün bu qədər ödəməlidir. Yəni, müqayisə üçün sığorta haqqı çox deyil. 

1 milyon manatlıq avadanlığı sığortalamaq 2500 manata başa gəlir

Sahibkarlar zavod və fabriklərlə yanaşı, oradakı istehsal avadanlıqlarını da sığortalamalıdırlar. Çünki bəzən bu avadanlıqların sıradan çıxması onlar üçün böyük ziyan hesabına başa gəlir. C.Mehdiyev bildirib ki, könüllü əmlak sığortası 0,2- 0,3 % tariflə hesablanır. Yəni, müəssisədə 500 min manatlıq  istehsal avadanlıqlarını və daşınar əmlakları 1250 manata sığortalamaq olar. Mebel sexində 1 milyon manat dəyərində  avadanlıqların sığortası isə 2500-3000 manata başa gəlir. 

İcbari və könüllü sığorta birlikdə  4800 manat manat

Sığorta şirkətləri  müəssisələrini həm icbari, həm də könüllü qaydada sığortalayan müştərilərinə 5-10%, bəzən hətta 20 %-ə qədər endirim edirlər. Məsələn, 1 milyon manat dəyərində müəssisənin 1 milyon manat avadanlıqla birlikdə bir illik tam sığortası orta hesabla 4800 manata başa gələcək.Bu isə o deməkdir ki, gözlənilmədən 500 min manat ziyana düşməkdə bu ziyanı 4800 manata əvvəlcədən qarşılamaq daha sərfəlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275