SIĞORTA

Palatanın qərarı icbari sığortada nəyi dəyişəcək? - ARAŞDIRMA
03 İYUN
1033

Palatanın qərarı icbari sığortada nəyi dəyişəcək? - ARAŞDIRMA

2016-06-03 11:02:00

Azərbaycan  sığorta şirkətləri artıq müştərilərinə icbari sığortanı endirimli sata bilməyəcəklər. Belə ki,Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta şirkətlərinə bununla bağlı xəbərdarlıq məktubu ünvanlayıb. Və məktubda bildirilib ki, bu tipli icbari sığorta satışı “İcbari sığortalar haqqında” qanuna əsasən qadağan edilir. Qadağalara məhəl qoymayan şirkətləri isə hətta son mərhələdə lisenziyalarından daimi məhrum oluna bilərlər. Bəs, avtomobillərin icbari sığortasında endirimlərin ləğvi nəyi dəyişəcək?

Sığorta ekspertləri bildirirlər ki, avtomobillərin icbari sığortası  ilə bağlı endirimlərin qadağan edilməsi ümumilikdə sığorta bazarı üçün müsbət addıma çevriləcək. Ucuz icbari sığortanın qadağan edilməsi həm dövlət, həm sığorta şirkətləri, vasitəçi agentlər, həm də müştərilərin xeyrinə olacaq.

Endirimin səbəbkarı iri sığorta şirkətləri idi 

AS PROF sığorta agentiyinin rəhbəri Cahid Qurbanov fins.az-a bildirib ki, avtomobillərin icbari sığortası ilə bağlı böyük endirimlər əslində iri sığorta şirkətlərinin kiçik sığorta şirkətlərini bazardan vurub çıxarmaq üçün atdığı addımlardan biri idi.Yəni, 25-30%-ə qədər endirimlər əslində heç bir şirkət üçün sərfəli deyildi.Kiçik şirkətlər də öz növbəsində müştərilərini itirməmək üçün böyük endirimlər etməyə məcbur qalırdılar. Bu növ şirkətlər üçün zərərli sığorta növünə çevrilmişdi.Məsələn,100 manatlıq icbari sığortanın 30 manatı endirimə, 20 manatı işlərin aparılması xərclərinə, 30-50 manatlıq hissəsi isə ödəniş xəcrlərinə sərf edilir.C.Qurbanov bildirib ki,belə olan halda sığorta şirkətləri icbari avtomobil sığortasından demək olar ki, gəlir götürə bilmirdilər.Nəticədə icbari sığortaya ögey münasibət formalaşmışdı.Ödənişlər  məbləğindən az verilirdi, bəzi hallarda isə imtina edilirdi.Ödənişlərlə bağlı  məhkəmə mübahisələri yaranırdı.Amma  endirimlərin qadağan edilməsindən sonra sığorta şirkətlərinin gəlirliyi 10-15% arasında ola bilər.

Sığorta agentlərinin gəlirləri 2 dəfə artacaq

Endirimli sığorta satışından əsas əziyyət çəkən tərəflərdən biri də sığorta agentləri idi. Belə ki, 15 % komisyon verilməli olduğu halda sığorta şirkəti müştəriyə 20-25 % endirim edirdi. Yəni, 100 manatlıq sığortanı müştəriyə 70 manata təklif edirdi. sığorta agentləri Bakıda 5 manata, bölgələrdə isə cəmi 1-2 manata işləməli olurdu. Belə ki, sığorta şirkətləri satış nümayəndələri və sığorta agentlərinə 30%-ə qədər endirimlər etmək tələbi qoymuşdu. 

Sığorta-vergi mübahisəsinə son qoyulacaq

Bütün bunların fonunda isə agentlərdən sadələşdirilmiş vergi əvəzinə 20 %-lik mənfəət vergisi tələb edilirdi. Bu qazancla isə sığorta agenti təbii ki,  nəzərdə tutulan vergiləri ödəyə bilmirdi və məhkəmə mübahisələri yaranırdı. İndi isə sığorta agenti ona düşən 15%-lik komisyon haqqı tam ala biləcək. Digər müsbət hal isə ondan ibarətdir ki, vergilərin ödənməsində də çətinlik yaranmayacaq. Yəni, sığorta agenti çox asanlıq  müqavilənin 3%-ni vergi kimi köçürə biləcək. Qazancı isə 2 dəfədən çox artacaq. Yəni, 5 manat deyil, hər müqavilədən 12 manat gəlir götürəcək.

Müştərilər bir neçə manat artıq ödəsələr də, xidmət kefiyyətli olacaq

Sığorta şirkəti, sığorta agenti və dövlət yanaşı, dəyişiklikdən həm də müştərilər, yəni avtomobil sürücüləri yararlana biləcəklər. Düzdür, dəyişiklik bir neçə ay sürücülər arasında çaşqınlıq yaradacaq. Amma daha sonra icbari sığortada endirimlərin deyil, kefiyyətin önəmli olduğunu anlayacaqlar. C.Qurbanov bildirib ki, artıq müştərilər zəng vuraraq qiymətlərin yüksəlməsindən şikayətlənirlər. Məsələn, ötən il 60 manata aldığı sığortanın indi 75 manata təklif edildiyini deyirlər. Amma sığorta mübahisələrinin əsas hissəsinin  endirimli icbari sığortalarla bağlı olduğunu nəzərə almırlar. Yəni, müştərilər artıq icbari sığortaya görə bir neçə manat artıq ödəniş etməli olsalar da, daha kefiyyətli xidmət əldə etmiş olacaqlar. Əvvəlcə şirkət sığortanı ucuz satdığına görə ödənişin məbləğini azaldırdısa, indi avtomobilə dəyən ziyan tam ödəniləcək. Nəticədə ödənişlə bağlı əvvəllər baş verən sığorta narazılıqları aradan qalxacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275