SIĞORTA

Naxçıvanda kənd təsərrüfatı sığortasına başlanıb
18 APREL
352

Naxçıvanda kənd təsərrüfatı sığortasına başlanıb

2016-04-18 09:57:00

Naxçıvanda kənd təsərrüfatı sığortasına başlanılıb. Bu barədə fins.az-a Naxçıvan MR Dövlət Baş Sığorta Agentliyindən bildirilib. Agentlikdən verilən məlumata görə, martın 29-da keçirilən səyyari müşavirədə Ali Məclis sədri Vasif Talıbov tərəfindən muxtar respublikada əkin sahələrinin, meyvə bağlarının, lizinqə verilən kənd təsərrüfatı texnikalarının sığortalanmasının təmin olunması tapşırığı verilib.

Kəndlilər sığorta ilə bağlı maarifləndirilir

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birgə torpaq mülkiyyətçiləri ilə maarifləndirici tədbirlər keçirməyə başlayıb. Artıq kənd təssərrürafı sığortası ilə bağlı Şərur və Sədərək rayonlarında maarifləndirmə tədbirləri keçirilib. Agentlikdən bildirilib ki, ölkəmizdə göyərti istisna olunmaqla, tərəvəz sahələrinin, üzüm, meyvə bağları, buğda, arpa, qarğıdalı, dən üçün günəbaxan, kartof, şəkər çuğunduru məhsulları yanğın, dolu, sel, daşqın, şaxta kimi hadisələrdən sığortalanan zaman bağlanılan sığorta müqavilələrində hesablanmış sığorta haqlarının 50 faizi dövlət büdcəsinin vəsaiti, 50 faizi isə sahibkarın hesabına ödənilir.

Heyvanlar 6%-8% tariflə sığortalanır

İribuynuzlu malların sığorta məbləği isə bazar qiymətinin 70 faizi həcmində və 6 faiz sığorta tarifi dərəcəsinə uyğun hesablanır. Xırdabuynuzlu heyvanlar üçün isə bu rəqəm 8 faizdir. Maarifləndirmə tədbirlərində torpaq mülkiyyətçilərinə sığortanın faydaları haqqında məlumatlar verilir. Məsələn, bildirilir ki, əkin sahələrinin, kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı texnikalarının könüllü sığortası ilə yanğın, sel, dolu, daşqın, şaxtavurma kimi gözlənilməz hadisələrdən sahibkarlara dəyə biləcək maddi zərərlərin əvəzinin ödənilməsi onların işinin uğuru üçün çox vacibdir.

Şərur və Sədərək sakinləri sığortaya başlayıb

Naxçıvan MR Dövlət Baş Sığorta Agentliyindən bildirilib ki, keçirilən maarifləndirici tədbirlərdən sonra Şərur və Sədərək rayonlarında könüllü olaraq öz təsərrüfatlarını sığortalamaq istəyən torpaq mülkiyyətçiləri ilə sığorta müqavilələri bağlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275