SAĞLIQ

Təcili yardım maşınlarına yol verməyənlər – CƏZALANDIRILACAQ
06 YANVAR
418

Təcili yardım maşınlarına yol verməyənlər – CƏZALANDIRILACAQ

2017-01-06 14:04:00

Bakıda təcili yardım maşınlarının həm salonlarında, həm də önündə kameraların quraşdırılması nəzərdə tutulur.

Bunu Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Murad Mirzəzadə bu gün keçirdikləri hesabat xarakterli tədbirdə deyib.

Onun sözlərinə görə, bəzən yollarda digər maşınlar tərəfindən təcili yardım maşınlarına yolun verilməməsi çağırış yerlərinə yubanma ilə çatmağa səbəb olur:

"Stansiya bunu nəzərə alaraq, Səhiyyə Nazirliyinə və Bakı şəhər Baş Polis İdarəsinə təkliflər göndərilib. Təkliflərdə təcili yardım maşınlarının qarşısında kameranın quraşdırılması, onların onlayn rejimdə işləməsi, zəruri və ehtiyac yarandığı halda təcili yardım maşınına yol verməyən maşının nömrəsinin qeydə alınaraq Bakı şəhər Baş Polis İdarəsinə göndərilməsi öz əksini tapıb. Bundan sonra Bakı şəhər Baş Polis İdarəsi tərəfindən hansısa tədbirlər görülə bilər".

M.Mirzəzadə qeyd edib ki, artıq təcili yardım maşınlarına yol verməyən maşın sahiblərinə qarşı hansısa cəzanın verilməsi və ya xəbərdarlığın olunmasını Bakı şəhər Baş Polis İdarəsi müəyyənləşdirməlidir.

M.Mirzəzadə deyib ki, bəzən əhali tərəfindən həkimlərə, orta tibb işççilərinə xəstəyə lazımi yardımın göstərilməməsi iddiası ilə təzyiq edilir. Belə halların qarşısını almaq üçün təcili yardım maşınlarının salonlarında kameraların quraşdırılması nəzərdə tutulur. Həmin kamera vasitəsilə həkimin xəstəyə necə yardım göstərməsi və digər hallar qeydə alınacaq:

"Əgər narazı hallar olarsa, kamera görüntülərinə baxılacaq, bu hallar araşdırılacaq. Bəzən evdə də həkimlərə və orta tibb işçilərinə təzyiqlərin olması halları baş verir. Lakin təcili tibbi yardım maşınları dövlətin mülkiyyəti olduğu üçün yalnız burada kameraların quraşdırılması mümkündür. Amma hansısa evdə kamera çəkilişlərin aparılması mümkün deyil".

M.Mirzəzadə deyib ki, təcili yardım maşınları üçün avtomobil yollarında əlavə zolaqların salınması müvafiq qurumlar tərəfindən verilə bilər. Lakin bu səlahiyyətlər təcili yardıma aid deyil.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7020
  • € EUR
    1.9062
  • ₽ RUB
    0.0300