PR

Xarakter(siz) olanda
10 İYUL
204

Xarakter(siz) olanda

2019-07-10 09:43:00

Ümumiyyətlə qədim zamanların alimləri ilə bağlı rəvayətlərlə tanış olandan sonra məndə belə bir fikir yaranır ki, onlar adətən küçədə falan oturur, yanlarından keçən adamlar da onlara yaxınlaşıb mütəmadi nəsə soruşurmuş. Bu dəm kimsə kənardan bu danışığı görür, yazır və kitab halına salırmış. İndi bilmirəm həqiqətən də o vaxt belə hadisə olub ya yox, amma Sokratla bağlı oxuduğum maraqlı əhvalatı bölüşmək istəyirəm.

Bir gün bir nəfər Sokrata yaxınlaşır və “dostunla bağlı nə eşitdiyimi bilirsənmi?” deyə soruşur. Sokrat cavab verməzdən öncə həmin adama 3 mərhələli testdən keçməyi və bundan sonra suala cavab verəcəyini deyir. Adam da razılaşıb Sokratdan o 3 mərhələnin nə olduğunu soruşur. Sokrat ilk mərhələnin “həqiqət filtri” olduğunu və buna uyğun olaraq onun “bu an mənə söyləcəyin şeyin həqiqət olduğuna əminsənmi?” sualını verir. Adam “xeyr, əmin deyiləm, eşitmişəm” deyir.

O zaman Sokrat ikinci mərhələnin, yəni “yaxşılıq filtri”nin sualını verir. “Dostum haqqında mənə deyəcəyin şey yaxşı bir şeydirmi?” – “xeyr, tam əksi” deyə həmin adam cavab verir. Deməli, dostum haqqında mənə pis bir şey demək istəyirsən və bunun da doğruluğuna əmin deyilsən deyə Sokrat cavab verir. Nəhayət 3-cü, sonuncu mərhələnin, “faydalılıq filtri”nin sualını verir. Mənim dostum haqqında demək istədiyin şeyin mənim üçün bir faydası varmı deyə soruşur və “xeyr” cavabını alır. O halda mənə demək istədiyin şeyin doğru olduğuna əmin deyilsən, həmin şeyin pis bir şey olduğuna və mənim də bir işimə yaramayacağını düşünürsənsə, mənə niyə deyəsən ki?! deyə Sokrat cavab verir.

İnsanın xarakteri onun peşə biliklərindən çox önəmlidir. Hətta deyərdim ki, insanın xarakteri onun bilik və bacarıqları ilə üst-üstə düşərkən daha ecazkar görünür. Əksi olanda isə daha dözülməz olmağa başlayır. Xarakterin nə olduğuna dair çox nümunələr, tərfilər demək olar, amma bunları yazıb Sizi yormaq istəmirəm. Konkret misallar üzərindən və ya xarakterə dair 2-3 nümunə ilə ümumi təsəvvür formalaşdırmaq olar. Xarakter güc ilə, pul ilə, status ilə olmur.

Baxırsan ki, orta sinif menecerdir, bəlli iş mühitində çıxılmaz hesab edilən bir duruma düşür, amma o anda n qədər başqa alternativləri olmasına baxmayaraq bir prinsip, həyat kriteriyasını ortaya qoyur və o anda nədənsə, türklər demiş vaz keçə bilir. Tərsi də olur. Statusu, gücü yerində olan adam eyni vəziyyətdə elə bir addım atır ki, nə yaşına, nə başına yaraşır. Futbolda fairplay deyilən anlayış var. Bu da bir növ xarakterdir. Məsələn, hakim səhvən Sizin lehinizə qapıya zərbə təyin edir. Siz daxilinizdə, hətta bütün komanda olaraq bilirsiniz ki, lehinizə olsa belə qərar ədalətli deyil və o topu qapıya göndərmirsiniz. Amma əksini edib qapıya topu vursanız, nə olardı? Heç bir şey.

Qaydalara uyğun olduğu üçün qolunuz hesaba alınacaq və üstün duruma düşəcəkdiniz. Amma nəticədə ətrafınızdan qəzəb selinə məruz qalar, qınağa tuş gələrsiniz. Xarakter də belədir. Qaydalara görə normal hesab edilən adddımı bəzən atmamaqla xarakterinizi ortaya qoymuş olursunuz. Xarakterin mərkəzində insanın yaratdığı qaydalar yox, insanın məhz özü var. II dünya müharibəsində ABŞ üçün atomu hazırlayan bəzi alimlər, onun sirrini təmənnasız SSRİ-yə də verməklə dünyada balansın qorunmasının vacib olduğunu hesab edərək əslində xarakterlərini ortaya qoymuşdular. Xarakter sözünü bizim dilimizdəki “kişilik” sözü bəlkə də daha yaxşı ifadə edir. Kişilik, kişi adam olmaq qanunda hər-hansı üstünlük vermir, elə bir anlayış da maddə olaraq qaydalarda yoxdur. Amma xarakterli insanların sərgilədikləri davranış adətən qeyri-rəsmi şəkildə qərarlara və münasibətə təsir edə bilir.

Bəs xarakterli adamların hansı özəllikləri olur? Yuxarıdakı misalı xarakter nümayişinə nümunə kimi göstərmək olar, məsələn. Başqa bir misala keçək.

Günlərin bir günü II dünya müharibəsinin yenicə bitdiyi ərəfələrdə traktor istehsalçısı olan Ferrucio Enzo Ferrarinin yanına gedir və onun avtomobillərində gördüyü bəzi xırda səhvləri ona bildirir. Özü traktor istehsalçısı olmasına baxmayaraq avtomobilləri çox sevir və istifadə də edirdi. Lakin Enzo Ferrari Ferrucionun sözlərinə çox da fikir vermir, hətta “traktor istehsalçısı əsla Ferrarini tənqid edə bilməz” deyir.

Bu söz Ferruciyə çox pis təsir etsə də, ruhdan düşmür və avtomobil istehsalına girişib qısa müddət sonra Ferraridən də yaxşı modellər buraxmağa başlayır. Traktor istehsalçısı Ferrucionun soyadı Lamborgini idi. Bəli, hamımızın yaxşı tanıdığı Lamborgini. Ferrari isə öz sərt cavabı ilə özünə Lamborgini kimi əzəli rəqib yetişdirmişdi. Bu misal bizə xarakterik xüsusiyyət olan prinsipiallığı və sona qədər mübarizə apara bilməyin meyvələrinin nə olacağını göstərir. Xarakterli adamlar adətən prinsipial olurlar, prinsiplərinə ürəkdən bağlı olur, ona xəyanət etmirlər. Prinsipi əsassız eqo ilə qarışdırmaq olmaz. Prinsip insanın davranışlarında özünün özünə qoyduğu qeyri-formal qaydadır, qırmızı və yaşıl xəttlərdir.

Yenə günlərin bir günü bir nəfər Vaşinqtonda metroya girir və bir küncdə skripkasını çıxarıb Sebastian Bax-dan klassik musiqi ifa etməyə başlayır. Skripkanın qutusunu da açıq şəkidə önünə qoyur. Önündən keçən ilk 63 nəfərdən sonra yalnız 1 nəfər dayanır, prosesin davam etdiyi 43 dəqiqə ərzində isə ümumən 1000-dən çox insan skripkaçının önündən keçir. Bu müddət ərzində sadəcə 6 nəfər bir dəqiqəlik durub musiqini dinləyib gedir, 20 nəfər isə pul verir. Toplam 43 dəqiqə ərzində yığılan pul isə 32 dollar olur. Deyə bilərsiniz ki, 43 dəqiqəyə 32 dollar az deyil ki.

Amma eyni adam 2 gün öncə Boston şəhərindəki konsertdə 1 saata 115 min dollar qazanmış məşhur skripka ifaçısı Joshua Bell idi. Metroda ifa etdiyi skripkanın qiyməti elə 3,5 milyon dollar idi. Demək ki, bəzən xarakterin nümayişi üçün mühit də ciddi rol oynaya bilir. Siz öz xarakterinizi düzgün zamanda və düzgün yerdə, daha doğrusu lazım olan yerdə nümayiş etdirməlisiniz ki, onun real təsirlərini görə biləsiniz. Dahi skripkaçının o anda və o məkanda nə ifa etməsinin orada olanların bəlkə də 90%-nin vecinə deyil. Danışmaq lazım olanda yerdə susmaq, susmaq lazım olan yerdə isə danışmaq özü bəlkə də xaraktersizlikdir.

Xarakterli insanın həyat məqsədi də fərqlidir. Beatles qrupunun məşhur üzvü Con Lennon deyir ki, anam həmişə mənə xoşbəxtliyin həyatın əsas açarı olduğunu deyirdi və bu beynimə yerimişdi. Məkətəbdə imtahanda məndən böyüyəndə nə olmaq istəyirsən deyə soruşanda “xoşbəxt olmaq istəyirəm” dedim. “Sualı deyəsən başa düşmədiniz” dedilər. Mən isə onlara “əsl siz həyatı başa düşə bilmədiniz” deyə cavab verdim. Bəli, xarakterli insanlar həyatdan istədiklərinə görə də digərlərindən fərqlənirlər. İstədikləri işlə məşğul olur, gördükləri işi sevirlər. Qalan hər şey hədəflərinə doğru gedən vasitədən ibarət olur. Vasitələrə deyil, hədəfə fokuslanır və bu yolda vasitələrin verdiyi ara-sıra narahatçılıqları çox da veclərinə almırlar.

Odur ki, əziz dostlar, çalışın Sizi siz edən, Sizi başqalarından fərqləndirən xarakterinizin nə olduğunu tapmağa çalışın. Təbii ki, aranızda bunu gözəl bilən, hiss edənləriniz və lazım olanda yetərincə nümayiş etdirənləriniz də var. Hər bir insanın həyatını maraqlı edən dəyərləri var. Dəyərlər özü xarakterin məhsuludur. O zamana və məkana bağlı deyil. Özüm desəm inanmayacaqsız deyə, Aristoteldən bir misal çəkim. Deyir ki, “önəmli olan çox şeyə sahib olmaq deyil, az şeyə ehtiyacı olmaqdır”. O qədər düşündürücüdür ki, rahatca oturub yarım saat düşünmək olar. Qabağa getsən bu sözün işığında imla da yazmaq mümkündür. Xarakter(siz) olanda… deyib başlayasan və durmadan yazasan.

“İdeyalar xarakterlərlə qovuşanda minillərlə dünyanı heytərə salan hadisələr baş verir”.

©Facemark.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır