NƏQLİYYAT

Binəqədinin daha bir küçəsi əsaslı təmir olunur
16 MART
369

Binəqədinin daha bir küçəsi əsaslı təmir olunur

2018-03-16 18:30:00

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən daha bir yol Binəqədi rayonunda əsaslı şəkildə yenidən qurulur.

Agentlikdən Fins.az-a verilən məlumata görə, 1076 metr uzunluğa malik və Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu Biləcəri-Binəqədi yolu ilə (4-cü qapı küç.) birləşdirən 4-cü döngə küçəsi səth sularının axıdılması üçün nəzərdə tutulan sistemin olmaması, küçə boyu tikilən evlər səbəbindən yağış sularının axınının qarşısının kəsilməsi nəticəsində intensiv yağıntılar zamanı küçə su ilə dolurub. Bu, küçə boyu hərəkəti iflic edib, üstəlik yol örtüyünü və torpaq yatağını sıradan çıxarıb.

Küçə ilə normal hərəkətin təmin olunması və sadalanan problemlərin tam olaraq aradan qaldırılması məqsədi ilə agentlik tərəfindən kompleks tədbirlərə start verilib.

Yenidənqurma işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə 0,8-1 metr hündürlükdə yararlı qrunt tökülərək kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir. Bu işlərə paralel olaraq səth sularının kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sistemi yaradılır, 400 mm diametrində borulardan istifadə edilərək 600 metr uzunluğunda yağış suları xətləri çəkilir, lazımi yerlərə yağış barmaqlıqları quraşdırılır. Bununla yağıntılar zamanı yaşanan problemlərin tam olaraq aradan qaldırılması hədəflənir.

Bundan başqa, vətəndaşların yolu kənarı ilə rahat və təhlükəsiz şəraitdə hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa edilir, kənarlarına 2 min paqon-metrdən çox səki daşları düzülür, yolun hərəkət hissəsinə düşən işıq dirəkləri isə kənarlaşdırılır.

Növbəti mərhələdə yol əsası inşa ediləcək və küçəyə 2 laydan ibarət asfalt-beton örtüyü döşənəcək. Daha sonra zəruri yol nişanları quraşdırılmaqla və yolun üfüqi xətlənməsi işləri görülməklə küçə tam yeni və müasir görkəmdə istifadəyə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256