NƏQLİYYAT

Bu ilin 6 ayında 6 körpü tikilib
08 AVQUST
202

Bu ilin 6 ayında 6 körpü tikilib

2017-08-08 18:30:00

“Azəravtoyol” ASC-də 2017-ci ilin 6 ayının yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib.

“Azəravtoyol”dan verilən məlumata görə, ASC sədri Saleh Məmmədov prezident İlham Əliyevin sədrliyi ilə 2017-ci ilin 10 yanvar tarixində Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət başçısının respublikanın və Bakı şəhərinin avtomobil yollarında yerinə yetirilən işlərdən danışdığını xatırladıb. O bildirib ki, dövlət başçısı 2 məsələni - Bakı şəhərində “Sovetski” kimi tanıdığımız ərazidə təsdiqlənmiş layihənin bu il tam icra edilməsi, həmçinin bu il ərzində 40  kənd və qəsəbələrarası avtomobil yolu layihəsinin həyata keçirilməsini xüsusi olaraq vurğulayıb və “Azəravtoyol” ASC qarşısında tapşırıqlar qoyub.

Daha sonra  S.Məmmədov kollegiya iştirakçılarının diqqətinə “Sovetski” layihəsi çərçivəsində əsasən ümumi uzunluğu 7,1 km, asfalt-beton örtüyünün sahəsi 87,6 min kvadratmetr təşkil edən Nəriman Nərimanov prospekti, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması uğurla yekunlaşdırıldığını çatdırıb.

Cəmiyyət sədri qeyd edib ki, hazırda 40  kənd və qəsəbələrarası avtomobil yolu layihələri uğurla icra olunur və 2017-ci ilin birinci yarım ili ərzində Prezident İlham Əliyevin iştirakı ilə tikintisi başa çatdırılmış bu cür obyektlərdən 7 avtomobil yolu və 1 körpü layihəsinin açılış mərasimi keçirilib.

Bundan başqa,  S. Məmmədov əlavə edib ki, prezident İlham Əliyevin kəndlərarası avtomobil yollarının tikintisi ilə əlaqədar imzaladığı sərəncamlara əsasən respublikanın 36 rayonunda 40 kəndlərarası avtomobil yolu və bir körpünün, Bakı şəhərində isə 10 qəsəbələrarası avtomobil yolu layihəsi üzrə tikinti və yenidənqurma işləri davam edir. Bildirilib ki, bu layihələrin həyata keçirilməsi 1,5 milyon sakinin yaşadığı 466 yaşayış məntəqəsini əhatə edir, onların rahat avtomobil yollarından istifadə etməsinə, yük və sərnişin daşımasının asanlaşmasına, ən əsası isə kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxaracaq.

Qeyd edək ki, 2017-ci ilin 6 ayı ərzində ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 6 yeni avtomobil körpüsü tikilib, 5-i isə təmir edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+29°C
  • $ USD
    1.7009
  • € EUR
    2.0075
  • ₽ RUB
    0.0288