NƏQLİYYAT

Metropoliten gediş haqqının maya dəyərini artıq göstərib-HESABAT
08 SENTYABR
1642

Metropoliten gediş haqqının maya dəyərini artıq göstərib-HESABAT

2016-09-08 12:43:00

"Bakı Metropoliteni" QSC metroda sərnişindaşıma xidmətləri üzrə bir gedişin maya dəyərini maliyyə hesabatlarında artıq göstərib. Hesablama Palatasından fins.az-a verilən xəbərə görə, bu, həyata keçirilən auditin nəticəsində üzə çıxıb. 

"Vergi qanunvericiliyinin tələbləri pozularaq kommersiya fəaliyyəti ilə bağlı olmayan müxtəlif xərclərin, o cümlədən fəaliyyətin zərərlə nəticələndiyi şəraitdə əmək haqqına aylıq əlavələrdən başqa əməyin səmərəliliyinin artırılmasının stimullaşdırılması xərclərinin və Dövlət Sosial Müdafiə Fonduna ayırmaların, qeyri-kommersiya təyinatlı obyektlərin saxlanması və sair xərclərin gəlirdən çıxılan xərclərə aid edilməsi nəticəsində Metropolitenlə sərnişindaşıma xidmətləri üzrə bir gedişin daşınma xərci (maya dəyəri) maliyyə hesabatlarında 4,0-5,5% aralığında (2015-ci ildə 0,54 manat) artıq göstərilib. Eyni zamanda, qeyri-rezidentlərin gəlirlərinin vergilərə cəlb olunmamasına, hesablanmış ƏDV məbləğlərinin dövlət büdcəsinə ödənilməməsinə yol verilib, eləcə də subsidiya məbləğlərinin bəyannamələrdə nəzərə alınmaması səbəbindən daha çox ƏDV məbləğlərinin əvəzləşdirilməsinə yol verilib".

Qeyd edək ki, audit dövlət büdcəsindən ayrılan subsidiyalarla birlikdə 2014-cü il üzrə 80,4 mln. manat, 2015-ci il üzrə 90,6 mln. manat, həmçinin cəlb edilən  kredit resursu nəzərə alınmaqla dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılan  602,0 mln. manat məbləğində vəsaiti əhatə edib.

Metropolitenlə sərnişindaşıma xidmətlərinin göstərilməsindən yaranan zərərin qismən ödənilməsi ilə əlaqədar köçürülən 2014-cü ildə 36 mln. manat və 2015-ci ildə 38 mln. manat subsidiya məbləğləri əmək haqqı və digər sosial təyinatlı xərclərin ödənilməsinə yönəldilib.

Avadanlıqların bir qayda olaraq alındığı ildə deyil, növbəti illər ərzində quraşdırılması, eyni zamanda satınalma müqavilələrinin şərtlərinə əməl olunmaması səbəblərindən yaranmış 652,0 min avro və 2 726,8 min manat məbləğində debitor borcların bağlanması istiqamətində tədbirlərin həyata keçirilməməsi nəticəsində dövlət vəsaitlərindən, eləcə də strukturdaxili maddi-texniki bazadan, yüksək məhsuldarlığı olan müasir tunel qazma komplekslərindən səmərəli istifadə olunmayıb.

Qanunvericiliklə müəyyən edilən əsaslar, o cümlədən qarşılıqlı razılıq və məhkəmə qərarı mövcud olmadan 6 mln. manat məbləğində vəsait metro tikintisi çərçivəsində layihə altına düşən ayrı-ayrı əmlaklara görə kompensasiyaların ödənilməsi üçün “Bank Technique” ASC-yə köçürülüb, müvafiq təyinatlar üzrə isə icra olunmayıb və uzun müddət ərzində bank hesabında istifadəsiz qalmasına baxmayaraq maliyyə hesabatlarında kapital qoyuluşları kimi əks etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272