MÜSAHİBƏ

«Vəziyyətdən istifadə edib vergidən yayınırlar» – MÜSAHİBƏ
19 OKTYABR
345

«Vəziyyətdən istifadə edib vergidən yayınırlar» – MÜSAHİBƏ

2016-10-19 13:03:00

Vergi sahəsində gözlənilən dəyişikliklər, vergi yoxlaialarının azalması və bəzi iş adamlarının bu vəziyyətdən sui-istifadə etməsi ilə bağlı suallara Vergilər Nazirliyinin Vergi auditi və operativ vergi nəzarəti idarəsinin rəisi Toğrul Quliyev cavab verir.

- Toğrul müəllim, ölkə Prezidentinin «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamında mühüm istiqamətlərdən biri vergi yoxlamaları ilə bağlıdır. Bu sahədə nə dəyişikliklər gözlənilir?

- Doğrudan da, 2016-cı ildə vergi sahəsində görüləcək işlərdə real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi və vergi inzibatçılığının daha da təkmilləşdirilməsi mühüm yer tutur. İslahatlarda vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesinin təkmilləşdirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında birbaşa təmasın minimuma endiril¬məsi məqsədilə elektron auditin genişləndirilməsi və yoxlamaların keyfiyyətinin artırılması nəzərdə tutulub.

- Bu sahədə işlər nə yerdədir?

- Bu istiqamətlər üzrə işlər yekunlaşmaq ərəfəsindədir. Artıq səyyar vergi yoxlamasının və elektron auditin keçirilməsi qaydaları hazırlanıb və Vergilər Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq edilib. Yeni qaydalara əsasən vergi yoxlamaları təyin edilərkən, aparılarkən və yoxlamaların nəticələri üzrə qərarlar qəbul edilərkən vergi ödəyicilərinin qanuni maraqları qorunacaq.  Eləcə də, vergi ödəyiciləri ilə birbaşa təmas və yoxlama vaxtı azaldılacaq. Artıq elektron auditin aparılması üçün mütəxəssislər də hazırlanır.

- Vergilər Nazirliyi yoxlamaları tam dayandırıb, yoxsa, yoxlamalar davam edir?

- Məlum olduğu kimi, 2015-ci ilin sonlarından sahibkarlıq subyektlərində yoxlamalar və nəzarət tədbirləri azaldılıb. Belə ki, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində 4 441 səyyar vergi yoxlaması başa çatıb ki, bu da 2015-ci ilin eyni dövründəkindən 2 dəfə azdır.

2015-ci ilin yanvar-sentyabr aylarında 58 574 obyektdə vergi nəzarəti aparılıb və 66 527 akt tərtib edilmişdi. 2016-cı ilin eyni dövründə isə 12 735 obyektdə vergi nəzarəti tədbiri keçirilərək 14 567 akt tərtib edilib. Başqa sözlə, aktların sayı 4,6 dəfə azalıb. 

- Yəqin ki, sahibkarlara tətbiq edilən cərimələr də azalıb?

- Bəli, operativ vergi nəzarəti tədbirləri zamanı cari ilin yanvar-sentyabr aylarında tətbiq edilmiş inzibati cərimə və maliyyə sanksiyalarının məbləği keçən ilin ilk doqquz ayı ərzindəkinə nisbətən 8,5 dəfə azalaraq cəmi 2,3 milyon manat olub.

- Elə hallar varmı ki, bu hallarda vergi ödəyicilərinə qarşı əvvəlkindən daha yumşaq davranılıb? 

- Bəli, məsələn, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması, Vergi Məcəlləsinin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsi, əmək müqaviləsi olmaan işçilərin işə cəlb edilməsi, işçilərin maaşlarının gizlədilməsi faktları ilə bağlı 7 292 halda vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsindən imtina edilməsi haq¬qında qərar çıxarılıb.

- Bu güzəştlərdə məqsəd nədir?

- Vergi orqanlarının apardığı operativ nəzarət tədbirlərində əsas məqsəd heç də cərimə tətbiq etmək deyil, vergidən yayınma hallarının qarşısını əvvəlcədən alaraq, vergi mədəniyyətinin yüksəldilməsinə şərait yaratmaqdır. Bunun qarşılığında vergi ödəyiciləri də öz əməllərinə görə cavabdeh olmalı və qanunvericiliklə müəyyən edilmiş vəzifələr əsasında fəaliyyət göstərməlidir. Lakin bir sıra vergi ödəyiciləri onlar üçün yaradılmış şəraiti düzgün qiymətləndirə bilmədiklərinə görə vergi qanunvericiliyinin pozulması hallarına hələ də rast gəlinir.

- Sahibkarlar yoxlamaların azalmasından və edilən gücəştlərdən sui-istifadə edirlərmi?

- Bəli, bəzi hallarda yoxlamaların sayının azaldılmasından sui-istifadə nəticəsində vergidən yayınma hallarına yol verilir. Bu hallar daha çox nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması (dövriyyəni kassaya vurmamaq), əmək müqavilələri hüquqi qüvvəyə minmədən şəxslərin muzdlu işə cəlb edilməsi (işçinin müqaviləsi işləməsi), gəlir və xərclərinin uçotunun aparılmaması, satış məqsədilə mallar alınarkən rəsmiləşdirilmənin (qəbz və şhesab qaiməsiz xərcləmələr) həyata keçirilməməsi zamanı baş verir.

Məsələn, riskli hesab edilən 1148 vergi ödəyicisi üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı qanun pozuntuları aşkar edilib. Bu obyektlərdə xronometraj metodu ilə aparılmış müşahidələr zamanı məlum olub ki, dövriyyə orta hesabla 4,7 dəfə azaldılıb. 

- Bunun qarşısının alınması üçün hansı addımlar atılır?

- Bu məqsədlə cari ilin aprel-sentyabr aylarında aparılmış vergi nəzarəti tədbirləri zamanı 18 vergi ödəyicisi tərəfindən 398 nəfərin əmək müqavilələri hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb olunduğu aşkar edilib. Bu hallar Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olduğu üçün toplanmış sənədlər əsasında cinayət işi başlanılıb.

Bundan əlavə, aksizli malların istehsalı və satışı fəaliyyəti üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı 23,7 min manat məbləğində 2,4 min ədəd saxta aksizli mal, 55,8 min manat məbləğində 16,7 min ədəd aksiz markası olmayan malların satışı halları aşkar edilib.

Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 312 halda qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman-mərc oyunlarının təşkili və ya keçirilməsi halları aşkar edilərək İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib edilərək məhkəmələrə göndərilib və məhkəmələr tərəfindən tətbiq edilmiş inzibatı cərimələrin miqdarı 439,5 min manat təşkil edib.

- Qanunvericiliyə əsasən, vergi ödəyicisi yoxlama aktı ilə razılaşmadıqda yuxarı vergi orqanına müraciət edə bilər. Bu sahədə vəziyyət necədir?

- Vergi ödəyiciləri tərtib edilmiş aktlarla razılaşmadıqda həmin aktlara yuxarı vergi orqanı tərəfindən baxılır, araşdırılır. Aktlar qanunvericiliyin tələblərinə uyğun olmadıqda vergi ödəyicisi məsuliyyətə cəlb olunmur. Bir sözlə, vergi ödəyicilərinin haqlı narazılıqları olduğu hallarda onların şikayətləri təmin olunur.

- Şikayətlərin əsas səbəbi nədir?

- Şikayətlərin araşdırılması zamanı məlum olur ki,  kiçik və orta sahibkarlıqla məşğul olan şəxslər öz maliyyə-təsərrüfat fəaliyyətlərinin (gəlirlərinin və xərclərinin) uçotunu aparmırlar və ya uçotun aparılması üçün mühasiblərdən istifadə etmirlər. Sahibkarlar mühasibat xidmətindən istifadə etməklə öz iqtisadi fəaliyyətlərinə nəzarəti təşkil edə, bununla da gələcəkdə baş verənlərin proqnozunu müəyyənləşdirə, ən əsası da qanunvericiliyin tələblərinin pozulmasının qarşısını ala bilərlər.

Dövlət sahibkarlar üçün əlverişli biznes mühiti yaradıb. Sahibkarlar da, öz növbələrində, qanunvericiliyin tələblərinə əməl etməli, gəlir və xərclərin uçotunu düzgün aparmalı, vergiləri dövlət büdcəsinə vaxtında və tam həcmdə ödəməlidirlər. Bu, hər bir vergi ödəyicisinin Konstitusiya ilə müəyyən edilmiş vəzifəsidir və hamı bu vəzifəni yerinə yetirməyə borcludur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275