MÜSAHİBƏ

"Bu, imtina üçün əsas deyil" - MÜSAHİBƏ
28 NOYABR 2013
2413

"Bu, imtina üçün əsas deyil" - MÜSAHİBƏ

2013-11-28 00:00:00
Etibarlı sığorta şirkətini necə tanımaq olar? Sığorta müqaviləsi bağlayanda hansı məqamlara diqqət yetirmək lazımdır? Şirkətdən imtina cavabı almamaq üçün müştəri müqavilə müddətində və hadisə baş verəndə özünü  necə aparmalıdır? Bütün bunlarla bağlı fins.az-ın suallarına "Standard Insurance" sığorta şirkətinin İH sədrinin müavini, Vəkillər Kollegiyasının üzvü Mustafa Abbasbəyli cavab verir.

-  Mustafa müəllim, sığorta xidmətindən istifadə etmək istəyən şəxs sığorta şirkətini necə seçməlidir?

- Doğrudan da sığorta xidmətindən istifadə etmək istəyən şəxsin fikir verməli olduğu məqamlardan biri də sığorta şirkətinin seçimidir. Sığorta şirkətini necə seçmək olar? Bəlkə də indi bunu etmək çətindir. Doğrudur, biznes və maliyyə jurnallarında sığorta şirkətlərinin reytinqləri var. Amma bu reytinqlərdə şirkətlərin yalnız illik yığımları və illik sığorta ödənişlərinin həcmindən söhbət gedir - nə qədər sığorta haqqı yığıb, nə qədər ödəniş verib və s. Yəni bu reytinqlər yalnız professional işçiləri maraqlandırır, müştəriyə isə sığorta şirkətinin seçimi üçün hər hansı bir faydalı məlumat vermir.

Düzdür, sığorta şirkəti seçəndə şirkətin bəzi göstəricilərinə, məsələn nizamnamə kapitalına fikir vermək lazımdır.

- Yəni nizamnamə kapitalı nə qədər yüksək olsa, o qədər yaxşıdır.

- Bəli, nizamnamə kapitalı nə qədər böyük olsa, şirkətin maliyyə sabitliyi o qədər yaxşıdır, yəni sabit şirkətdir. Bu gün bizdə nizamnamə kapitalı barədə məlumat heç kimə maraqlı deyil. Amma biz xarici təcrübəyə baxsaq, nizamnamə kapitalı şirkətin çox önəmli göstəricilərindən biridir. Bu, şirkətin gələcəkdə baş verə biləcək öhdəliklərini hansı vəsaitlə qaytarılmasını özündə ehtiva edən məsələdir. Müştəri buna fikir verməlidir.

Amma bizdə sığortalıları maraqlandıran əsas məsələ sığorta şirkətlərinin xalq arasında nüfuzudur.

- Bunu deyəndə nəyi nəzərdə tutursunuz?

- Yəni sığorta şirkəti hadisə baş verəndə ödənişi necə verir. Azərbaycan o qədər də böyük ölkə deyil - yəni məsələn, Bakı şəhərində hər hansı şirkət barədə bir fikir formalaşanda bunu hamı bilir. Və biz deyəndə ki, hər hansı şirkət barədə nə eşitmisiniz, hər kəs  bu barədə fikrini deyə bilər. Məsələn, deyə bilərlər ki, "ödəniş edən" şirkətdir və ya "pul ödəməyən" şirkətdir. Potensial müştərilər bu məlumatlarla da maraqlana bilərlər.

Nəhayət, insanlar Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə sığorta şirkətləri ilə bağlı edilən şikayətlərin sayı ilə maraqlana bilərlər. Doğrudur, indi sıravi vətəndaşların bu məlumatlara çıxışı yoxdur.

- Müştəri sığorta şirkətini seçdi - bəs müqavilə bağlayanda nəyə fikir verməlidir?

- Ümumiyyətlə, bu, çox ciddi məsələdir və təkcə sığorta fəaliyyətinə aid deyil. Xaricdə istənilən münasibətə daxil olduqda, konsultantların xidmətindən istifadə edirlər. Sığorta işində bu rolu sığorta brokerləri oynayır. Bizdə isə bu məsələ geniş yayılmayıb. Və cəmi 10 dəqiqəlik məsləhətin olmaması gələcəkdə böyük itkilərə və problemlərə şərait yaradır. Bu baxımdan sığortalılar şirkətə müraciət edəndə brokerlərin xidmətindən istifadə edə bilərlər. Bu ən düzgün və etibarlı seçimdir. Bunu etməyənlər digər məsələlərə fikir verməlidirlər. Məsələn, sığorta müqaviləsi bağlananda müqavilənin şərtləri ilə tanış olmalıdırlar.

- Yəni müqaviləni başdan ayağa oxumalıdırla?

- Müqaviləni tamamilə oxumaq şərt deyil. Adətən müqavilələr demək olar ki, eyni şərtlərlə bağlanır. Əsas məsələ müqavilədə olan rəqəmlərdir. Məsələn, franşiza dediyimiz azadolma məbləğinə diqqət yetirmək lazımdır. Və ya avtomobilin hansı dərəcədə sığorta olunmaaına fikir vermək lazımdır. Yəni müştəri avtomobili 100 faiz məbləğində də sığortalatdıra bilər, bunun müqabilində sığorta haqqı tamamilə fərqli olur. Ya da qismən sığortalatdıra bilər, yəni dəyərinin 50-60-70%-i qədər. Bu o deməkdir ki, gələcəkdə hadisə baş verdikdə, əmlakın sığorta olunduğu faiz nisbəti özünü ödənişdə də göstərəcək. Yəni avtomobil 70% həcmində sığortalanıbsa, sabah hadisə baş verəndə sığorta şirkəti dəyən zərərin 70%-ni ödəyəcək və s.

- Müştəri nəyə fikir verməlidir ki, imtinaya səbəb olan hallara yol verməsin?

- Biz minik avtomobillərindən danışırıqsa, Dövlət Sığorta Nəzarəti Xidmətinin bütün sığorta şirkətləri üçün qəbul etdiyi vahid sığorta qaydaları nəzərdə tutulub və bu qaydalar bütün sığorta şirkətləri üçün eynidir. Əgər müştəri minik avtomobilinin sığortası ilə bağlı müraciət edirsə, bütün şrkətlərin qaydaları da, imtina səbəbləri də, ödəniş əsasları da eynidir. Əgər minik avtomobili məhfumundan kənara çıxırıqsa, yəni digər nəqliyyat vasitələri, daşınmaz əmlak, yük  və s. sığortalanırsa, burada sığorta şirkətlərinin təqdim etdiyi qaydalar fərqli olur. Hər bir şirkət özünə məxsus xidmət təklif edir. Bu mənada müştərilər təminat məsələlərinə diqqətlə yanaşmalıdırlar.

- Nəyə görə məhz təminat məsələlərinə?

- Biz avtomobili sığorta edərkən, ona bir çox təminatlar verə bilərik. Bunlardan birincisi, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəyən zərər, ikincisi - oğurluq və digər şəxslərin qeyri-qanuni hərəkətləri, üçüncüsü təbii fəlakətlər, dördüncüsü heyvanların vurduğu zərər və s.-dir. Əgər müştəri sığortalananda bu təminatlardan hamısını deyil, bir hissəsini seçirsə, sığorta hadisəsi baş verəndə də həmin təminata uyğun ödəniş tələb etməlidir. Yəni avtomobil yol-nəqliyyat hadisələrindən sığortalanıb, amma təbii fəlakətlərdən sığortalanmayıbsa, sabah külək nəticəsində avtomobilin üzərinə ağac düşdükdə təbii ki, sığorta şirkəti ödəniş verməyəcək. Bu mütləq nəzərə alınmalıdır. Çünki bir çox hallarda müştərilərlə məhz bu problemlərimiz yaranır.

- Müqavilə bağlayandan sonra müştəri özünü necə aparmalıdır ki, sığorta şirkətinə imtina üçün əsas verməsin?

- Biz sığortaçılar olaraq həmişə 3 termindən istifadə edirik: müştərilərin müqavilə bağlanan zaman, müqavilə müddəti ərzində və hadisə baş verdikdə vəzifə və hüquqları. Müqavilə müddəti zamanı müqavilədə göstərilən və sığorta şirkəti üçün vacib məqamlar var. Biz bunlara sığorta riskinə təsir edəcək amillər deyirik. Yəni əgər sığorta şirkəti bir avtomobili sığortalayırsa, bu avtomobildə hadisə yarada biləcək amillər, risk dərəcəsi dəyişirsə, bu barədə təbii ki, sığorta şirkətinə məlumat verilməlidir.

- Söhbət nədən gedir?

- Məsələn, avtomobilə hansısa əlavə avadanlıq quraşdırılıbsa, bu barədə şirkətə bildirilməlidir.

- Məsələn, hansı avadanlıq ola bilər?

- Məsələn, tutaq ki, sığortalanan alman markalı avtomobildir. Onun texniki  göstəricilərində nəzərdə tutulub ki, onun qabaq faralarında neçəsə voltluq lampa olmalıdır. Əgər biz o lampanı dəyişib daha güclüsünü və ya ksenon lampa qoyuruqsa, ya da texniki göstəricilərdə nəzərdə tutulmayan bir siqnal qoyuruqsa, bu risk səviyyəsini artırır.

- Maşına siqnal qoyulması risk dərəcəsini necə artıra bilər?

-  Bəli artırır, biz dəfələrlə belə hallarla rastlaşmışıq. Siqnalı düz qoymayanda avtomobildə alışma baş verib və maşın  yanıb. Avtomobilə daha güclü fara qoşulması nəticəsində də avtomobilin yanması halları var. Buna görə də, əgər müştəri bu dəyişikliyi edirsə və vaxtında şirkətə xəbər vermirsə sabah hadisə baş verəndə ödəniş tələb edəndə problemlə rastlaşa bilər. Çünki belə məsələlər sığorta müqaviləsində risk məsələlərinin artması kimi qəbul edilir.

- Başqa hansı dəyişikliklər barədə hökmən xəbər vermək lazımdır?

- Məsələn, təkər ölçülərinin dəyişdirilməsi. Bəzən xüsusilə sovet avtomobillərində təkər ölçülərini bir neçə qat yuxarı qoyurlar, bu isə avtomobillərin aşma riskini artırır. Digər misal: avtomobilə əlavə açar sifariş olunur. Bu o deməkdir ki, oğurluq riski artır. Doğrudur, biz bir sığorta şirkəti olaraq belə detallara  çox da fikir vermirik. Çalışırıq ki, bu məqamlarla bağlı müştərini narazı salmayaq. Amma biz müqavilənin şərtlərinə varsaq, bunların hamısı risk dərəcəsini artıran məqamlar olduğu üçün bunların hamısı imtina üçün əsas ola bilər.

- İmtinaya səbəb olan digər məsələlərdən biri avtomobili idarə etmək hüququ olanların adlarının vaxtında sığorta şirkətinə təqdim olunmamasıdır.

- Bir çox sığorta şirkətləri müqavilədə avtomobili idarə edəcək şəxslərin əhatəsini müəyyən edirlər. Bu da risk səviyyəsinə təsir edən birbaşa faktordur. Belə ki, şəxs avtomobili sığortalamaq istədikdə, sığorta şirkətinə müraciət edəndə ondan soruşulur ki, avtomobili idarə edənlər kimlər olacaq. Sığortalı bildirir ki, məsələn, avtomobili özü və qardaşı idarə edəcək,  onun 15 il, qardaşının isə 20 illik sürücülük təcrübəsi var. Sığorta şirkəti də bu göstəricilərə əsasən risklərini müəyyən edir. Şirkətdə hesab edirlər ki, 15 il sürücülük təcrübəsi olan insanda sığorta hadisəsinin baş vermə ehtimalı aşağıdır. Ona görə də onun üçün müəyyən tarif müəyyənləşdirir. Müqavilədə göstərir ki, əgər siz avtomobilinizi başqa şəxsə də etibar etsəniz bu barədə bizə məlumat verin. Bunun da səbəbi odur ki, sabah o sürücülük təcrübəsi az olan şəxsə, məsələn, cəmi 2 həftə əvvəl sürücülük vəsiqəsi almış 20 yaşlı gəncə etibarnamə verəndə avtomobilin sığorta hadisəsi törətmək ehtimalı artır. Ona görə də sığorta şirkəti əlavə sığorta haqqı alır. Əksər hallarda isə buna görə ümumiyətlə əlavə haqq alınmır, yəni etibarnamə alan şəxslərin siyahısını vermək müştərilər üçün qətiyyən çətin deyil.

- Bəzən müştərilərlə sığorta şirkətləri arasında mübahisə müqavilə şərtlərinin düzgün izah olunmaması ilə bağlı yaranır. Müştəri iddia edir ki, ona şərtləri düz izah etməyiblər.

- Ümumiyyətlə, Azərbaycan qanunvericiliyinə görə, 18 yaşa çatan şəxs fəaliyyət qabiliyyəti əldə edir. Yəni imzaladığı bütün sənədlərə və törətdiyi bütün hərəkətlərə görə məsuliyyət daşıyır. Müştəri deyirsə, müqaviləni oxumadım, başa düşmədim və s. bu, əsas deyil. İmza atıbsa, tam məsuliyyət daşıyır.

- Söhbət müqavilə şərtlərinin misal götərilməklə izah edilməsindən gedir.

- Sığorta qanunvericiliyində belə bir müddəa var. Yəni sığorta şirkətinin əməkdaşı müştərini sığorta qaydaları ilə izah etməlidir. Bu o deməkdir ki, sığorta şirkətinin əməkdaşı bütün şərtləri izah eləməlidir. Amma müqaviləni başdan-ayağa izah etmək mümkün deyil. Söhbət əsas məqaamların izah edilməsindən gedir. Bu vəziyyəti həll etmək üçün Dövlət Sığorta Nəzarəti Xidməti bir yenilik edib. Yəni avtomobillərin sığortası zamanı vahid müraciət forması tətbiq olunur - bu, bütün sığorta şirkətləri üçün eynidir. Yəni müştəri müraciət edəndə bu formadakı vacib məqamların hamısının altında imzasını atmalıdır. Təbii ki, bu zaman həmin şərtləri diqqətlə oxumalıdır da. Burada oxuyur ki, avtomobilin sığortalanma faizi nə qədərdir - 100% - imzasını atır. Təminat hansılardır - yanğın, partlayış və s. imzasını atır və s. Bu üsul ona görə tətbiq edilib, yəni bu proses ona görə o qədər sadələşdirilib ki, müştəri sabah deməsin ki, mənim xəbərim olmayıb, filan məsələni görməmişəm.

- Belə halların qarşısını almaq üçün müqavilənin imzalanması və bu zaman şərtlərin izah edilməsi prosesinin videoçəkilişinin aparılması və onun üzünün çıxarılaraq tərəflərə təqdim edilməsi ideyasına necə baxırsınız?

- Görüntü məsələsi bir təklif kimi nəzərdən keçirilə bilər. Sadəcə onu deyim ki, bir sıra şirkətlərdə, o cümlədən bizim şirkətdə hər yerə kameralar qurulub və müqavilə bağlanmasından tutmuş ödəniş edilməsinədək bütün hallar videokamera vasitəsilə qeydə alınır. Mübahisə yarananda biz bu videoları təqdim edə bilərik.

- Bəs hadisə baş verəndə müştəri nə etməlidir ki imtinaya əsas verən addım atmasın?

- Əvvəla müştəri müqavilə müddəti ərzində görməli olduğu vəzifələrini tam yerinə yetirməlidir. Yəni bayaq dediyimiz kimi risk səviyyəsinə təsir edən addımlar və sürücülük hüququ olan şəxslər barədə məlumat verməlidir. Bunları yerinə yetiribsə, hadisə vaxtı onun edə biləcəyi yeganə məsələ sığorta şirkətinə müraciət etməkdir. Bundan sonra isə sığorta şirkətinin təlimatlarına - ona verilən göstərişlərə əməl edir, vəssalam. Yəni sığorta şirkətinə bildirir ki, avtomobillə qəza törətmişəm - sığorta şirkəti ona bildirir ki, bu halda DYP-ya xəbər verməyə ehtiyac var, ya yox. Varsa müraciət olunmalıdır, ehtiyac yoxdursa, yox. Ya da deyir ki, hadisə yerində hər hansı dəyişiklik olmamalıdır. Amma ehtiyac görürsə, maşını kənara çəkə bilər. Deyə bilər ki, heç bir problem yoxdur, gedin evinizə, sabah gəlib ödənişi götürə bilərsiniz və s. Yəni hadisə zamanı sığorta şirkətinə müraciət olunduqdan sonra sığorta şirkətinin verdiyi təlimatlara əməl etmək lazımdır.

- Avtomobil qəzasından sonra maşını hadisə yerindən tərpətmək mümkündürmü? Çünki bəzi şirkətlər onu bəhanə edib ödəniş vermirlər.

- Mən bəzi şirkətlərin buna görə ödənişdən imtina etməsini yenicə eşitmişəm. Açığı, mən bunu qəti şəkildə qəbul eləmirəm ki, avtomobilin hadisə yerindən kənara, yəni, yolun ortasından kənara çəkməyə görə, hər hansı imtina ola bilər.

- Amma belə hallar olur.

- Olur, amma bu imtina üçün əsas deyil. Bir çox hallarda gec məlumat verməyə görə imtinalar olur. Amma buna görə qanunvericilikdə müddəalar bu şəkildədir ki, hər hansı bir dəyişikliyin, hadisə barədə məlumatın gec  verilməsinin sığorta şirkətinin həmin hadisənin araşdırılmasına maneçilik törədildiyi halda imtinadan söhbət gedə bilər. Yəni avtomobil yolun ortasından 2 metr kənara çəkilibsə, burada hadisənin araşdırılmasına hər hansı maneə yoxdur. Əgər dövlət yol polisi hadisəyə qiymət veribsə, aktlaşdırıbsa, burada sığorta şirkəti tərəfindən hadisənin ədalətli araşdırılması prinsipi pozulmur. Bu halda da imtinadan söhbət gedə bilməz. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257