KADR İŞİ

200-ə yaxın rəhbər vəzifə üzrə müsahibə elan edilib
27 DEKABR 2017
790

200-ə yaxın rəhbər vəzifə üzrə müsahibə elan edilib

2017-12-27 18:25:00

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən vakant olan 198 rəhbər vəzifə üzrə (A növü) müsahibə (müsabiqənin müsahibə mərhələsi) elanı verilib.

DİM-dən Fins.az-a verilən məlumata görə, müsahibə üzrə qeydiyyat bir ay - 25 yanvar 2018-ci il tarixədək davam edəcək. İnzibati rəhbər vəzifələr üzrə təqdim olunan vakansiyalar arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına aid Dövlət Mülki Aviasiya Administrasiyasında şöbə müdiri və şöbə müdirinin müavini, Kənd Təsərrüfatı Nazirliyi üzrə şöbə müdirinin müavini (6 vakant vəzifə) vəzifələridir. Kənd Təsərrüfatı Nazirliyi üzrə inzibati rəhbər vəzifələrə aid olan yerli bölmə rəhbərinin müavini yeri üzrə 44, yerli bölmədə sektor müdiri yeri üzrə 95 vakant vəzifə müsabiqəyə təqdim olunmuşdur. Müsabiqənin müsahibə mərhələsində müvafiq vəzifələr üzrə sertifikata malik olan şəxslər iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları işlənilmiş, müsahibə proqramları hazırlanmış və Mərkəzin saytında yerləşdirilmişdir.

Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsahibədə iştirak edir. Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 27 dekabr 2017-ci il tarixdən 25 yanvar 2018-ci il tarixədək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə təqdim etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

 

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255