ƏMLAK

Mebel fabriki və poliklinika satışa çıxarıldı – ƏMLAK HƏRRACI
07 NOYABR
579

Mebel fabriki və poliklinika satışa çıxarıldı – ƏMLAK HƏRRACI

2016-11-07 11:37:00

Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 6-da yeni hərrac keçirəcək. Komitədən fins.az-a verilən xəbərə görə, bu dəfə ümumilikdə 100 dövlət əmlakı çıxarılıb.

Həmin əmlaklardan 26-ı səhmdar cəmiyyəti, 50-i kiçik dövlət müəssisə və obyekti, 24-ü nəqliyyat vasitəsidir. Əmlaklar barədə elanlar və ətraflı məlumatlar Komitənin Özəlləşdirmə portalında (privatization.az) və rəsmi internet səhifəsində yerləşdirilib.

Hərracda əmlak sahibi olmaq istəyən hər kəs iştirak edə bilər. Bunun üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilməli və əmlakın satış qiymətinin 10%-i məbləğində beh elektron və bank vasitəsilə ödənilməlidir. Elektron sifariş hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Obyeklər torpaqla birgə satılır

Hərraca çıxarılan 50 kiçik dövlət müəssisəsi və obyektlərindən 14-ü altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdirilməyə çıxarılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakının Nizami, Suraxanı, Sabunçu, Qaradağ, Xəzər, Binəqədi, Pirallahı rayonları, Gəncə, Mingəçevir, Yevlax və Sumqayıt şəhəri, habelə, Sabirabad, Saatlı, Hacıqabul, Neftçala, Balakən, Cəlilabad və digər rayonlarda yerləşir. Belə ki, tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Hərraca çıxarılan istifadəsiz qeyri-yaşayış sahələrinin isə hamısı paytaxtda yerləşir.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiymətinə təklif olunan dövlət əmlakları Balakəndə yerləşən əmlak kompleksi və paytaxtın Nizami rayonunda yerləşən "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" MMC-dir. Belə ki, bu əmlaklar müvafiq olaraq 1 100 000 manat və 1 075 000 manat ilkin satış qiyməti ilə təklif olunur. Balakəndəki əmlak kompleksinin sahəsi 89 530 kv.m., Bakıdakı "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" MMC-nin torpaq sahəsi isə 4 129,4 kv.m.-dir.

Suraxanı rayon 9 saylı Stomatoloji poliklinikası da hərraca çıxarılacaq. Obyektin ilkin satış qiyməti  717 min manat müəyyən edilib. 

ASC-lər də satılacaq

Bu dəfəki hərracda 26 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, istehsal, emal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Ağsu Sənaye İnşaat”, “Lənkəran Mebel”, “Sabirabad Mexanikləşdirmə”, “Xəzər Avtonəqliyyat”, “Daşkəsən Aqrotexservis” kimi səhmdar cəmiyyətlər var.

Qeyd edək ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda məhdudiyyətsiz iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275