ƏMLAK

Xaricdə əmlak neçəyədir? – SLOVENİYA
20 OKTYABR
444

Xaricdə əmlak neçəyədir? – SLOVENİYA

2016-10-20 09:19:00

Sağda İtaliya, solda Xorvatiya, qarşıda isə Adriatik dənizi - Balkan yarımadasında yerləşən Sloveniya xariciləri siyasi-iqtisadi sabitliyi, eləcə də dağ-xizək və palçıqla müalicə kurortları ilə cəlb edir. Avropa İttifaqının üzvü olan bu kiçik ölkədə həyat səviyyəsi Şərqi Avropanın digər ölkələri ilə müqayisədə yüksək, daşınmaz əmlakın qiyməti isə Qərbi Avropa ölkələrinə nisbətən xeyli aşağıdır. Bütün bu amillər, eləcə də son illər sürətlə artan turist axını Sloveniyada ev, torpaq, kommersiya obyekti almaq istəyənlərin sayını getdikcə artırır.

Sloveniyanın daşınmaz əmlak bazarı

Sloveniya iqtisadiyyatı ardıcıl 3 ildir ki, artımdadır. Ölkəyə xarici investisiyalarn və turist axını yüksəlir. Ardıcıl olaraq 5-ci ildir ki, Sloveniyaya səyahətə gələnlər artır. Amma ölkə alıcıları təkcə kurortları və turist bazaları ilə yox, həm də biznes və kapitalı ilə cəlb edir. Buradakı sabit siyasi-iqtisadi vəziyyət investorların ürəyincədir. Nəticədə 5 illik tənəzzüldən sonra əmlak bazarı da dirçəlməkdədir - 2014-cü ilin sonundan etibarən əmlakla əməliyyatların sayı artır. Ekspertlər qarşıdakı illərdə ölkədə daşınmaz əmlak defisitinin yaranacağını güman edirlər ki, bu da əmlaka pul qoymaq üçün ən əsas səbəbdir. Artımın digər səbəbi yerli bankların ipoteka kreditləri üzrə faizləri azaltması olub. Ekspertlər güman edir ki, bundan əvvəlki 5 il ərzində ucuzlaşan əmlaklar bundan sonra yalnız bahalaşacaq. Özü də Sloveniyada əmlakı təkcə sahiblərindən yox, banklardan da almaq olar. Müflislik prosedurlarına görə, ölkə banklarının əlində çoxsaylı daşınmaz əmlak toplanıb və potensial alıcılar onları ucuz qiymətə əldə edə bilərlər.

Sloveniyada istənilən növ əmlak – mənzil, ev, villa tapmaq olar. Əmlakı dəniz sahilində, paytaxtda, dağlarda və kurortların yaxınlığında tapmaq mümkündür. Bazarın böyük hissəsi köhnə əmlaklardır. Yeni əmlaklar çox deyil və ipoteka ilə almaq imkanına görə onlara böyük tələbat var.
Hazırda ən populyar əmlaklar dəniz sahilində, dağ kurortlarında və palçıqla müalicə kurortlarındadır. Hər il bunların qiyməti 2-3% artır. Burada əmlakı həm yaşamaq, həm də icarəyə vermək üçün alırlar. Yaşamaq üçün əmlak əsasən, paytaxt Lyublyanada alınır. Burada infrastruktur və xidmətlər inkişaf edib, kriminal yoxdur, paytaxtdakı əmlak da bahalaşır. Ölkənin ucqarlarındakı əmlaklar isə ildə 5-10% ucuzlaşır.
Rəsmi məlumatlara görə, xaricilər arasında Sloveniyada əmlakı ən çox britaniyalılar alır – bütün əmlakın 30%-i. Sonrakı yerləri italiyalılar, almanlar və avstriyalılar tutur.


Əmlakı harada almaq lazımdır?
Ölkənin yığcam olması da burada həyatı rahatlaşdırır. Sloveniyanın ərazisi digər ölkələrlə müqayisədə olduqca kiçik, cəmi 20 min kvadrat kilometr olduğuna görə, paytaxtdakı sakin cəmi saat yarıma sahilə çatıb çimərlikdə istirahətə başlaya bilər. Venetsiya və Vyanaya da bir neçə saatlıq yol var!
Sloveniyada paytaxt şəhərindəki əmlakın xüsusi yeri var. Lyublyanaya sahibkarlarla yanaşı, icarə fəaliyyəti ilə məşğul olmaq istəyənlər də maraq göstərir. Şəhərdəki böyük universitetlərin tələbələri kirayədə yaşamağa üstünlük verir. Maribor və Kran şəhərləri də əmlak almaq üçün münasibdir.
Sloveniyaya pul yatırmaq istəyənlər dağ-xizək kurortlarının yerləşdiyi Kran dağları, Boves və Boxin kimi bölgələri də seçirlər. Ərazisinin 40%-i Alp dağlarından ibarət Sloveniyada dünya səviyyəli onlarla dağ-xizək trasları var.
Palçıqla müalicə kurortları isə Sloveniyanın Dobrna, Portoroj və Roqaşka-Slatina kimi bölgələrində yerləşir.
Və nəyahət, Adriatik dənizi sahilindəki Piran, Portoroj və İzola şəhərləri minlərlə avropalını cəlb edir və burada ev-əmlak almağa dəyər. Sloveniyanın ən dəbdəbəli dəniz kurortu Portoroj şəhəridir. Burada dəniz sahili 5 ulduzlu hotellər və bahalı butiklərlə örtülüb.

Əmlak neçəyədir?

Sloveniyada əmlaklar arasında qiymət fərqi böyükdür. Əsas məsələ əmlakın dənizdən hansı məsafədə olmasıdır. Paytaxtda və populyar dəniz kurortunda əmlakın 1 m2-nin qiyməği 2000 min avro, elit evlərdə isə 3000-6500 avro ətrafındadır.
Dənizdən 20 dəqiqəlik məsafədəki əmlakların qiyməti isə 700 avrodan başlayır. Dağ gölləri və xizək kurortlarında qiymətlər orta hessabla 4 min avrodur. Dəniz kənarındakı evlər 200-300 min avro, villalar isə 500-700 min avroya satılır. Ölkənin dərinliklərində daha ucuz əmlaklar almaq olar. Məsələn, 130 m2 sahəsi və 8 000 m2 üzümlüyü olan evi 65 min avroya tapmaq mümkündür.
Kommersiya obyektlərinə gəlincə, burada ən populyar variant paytaxtdakı kiçik ofislərdir – beləsini 40-50 min avroya almaq olar. Sloveniyada təkcə kommersiya obyektləri yox, adi ev və mənzillərin icarəsi də yaxşı gəlir gətirir. Evi alıb, onun pulunu icarə haqqı ilə ödəmək burada geniş yayılıb. Şəhərdəki mənzillərin qiyməti 170-400 min avro arasında dəyişir. Dəniz sahilindəki mənzillərin qiyməti 150-200 min avro, evlərin qiyməti isə 300-400 min avro arasındadır.

Mənzillər

Lyublyanada sahəsi 37-40 m2 olan 1 otaqlı mənzillər 69-72 min avroya satılır. İki otaqlı evlərin qiyməti isə 75 min avrodan başlayır. Bu qiymətə cəmi 42 m2 sahəsi olan mənzil almaq mümkündür. 3 otaqlı, 91 m2-lik mənzil isə 91 min avroya satışa çıxarılıb. Daha bahalı əmlak istəyənlər şəhər kənarında sahəsi 138 m2 olan taunhausu 110 min avroya ala bilərlər.
Mariborda qiymətlər nisbətən ucuzdur – 47 kvadratmetrlik 1 otaqlı mənzili 38 min avroya satırlar. 4 otaqlı mənzil isə 94 min avrodur. Kurort ərazilərində isə qiymətlər yüksəkdir – 38 kvadratmetrlik mənzil 110 min avroya təklif edilir.
Adriatik dənizinin sahilindəki Portoroje şəhərində isə başgicəlləndirici qiymətlər var – 45 kvadratmetrlik mənzil 145 min avroya satılır. 70-80 kvadratmetrlik 2-3 otaqlı mənzillərin qiyməti isə 150 min avrodan ucuz deyil.

Fərdi evlər

Mənzillərlə müqayisədə evlər nisbətən ucuzdur – Lublyananın yaxınlığında 9,5 sot həyətdəki 30 kvadratmetrlik ev 25 min avroya satışa çıxarılıb. 120 kvadratmetrlik ev isə 119 min avroya təklif olunur.
Şəhərin mərkəzinə yaxın ərazilərdə isə 250 min avrodan ucuz ev yoxdur. Bu qiymətə 165-200 kvadratmetrlik ev almaq olar.
Bəzi bölgələrdə, o cümlədən Maribor şəhərində qiymətlər nisbətən aşağıdır - burada 140 m2-lik fərdi ev 31 min avroya, 160 kvadratlıq, 5 otaqlı ev isə 69 min avroya satılır.
Dəniz sahilindəki İzolada isə qiymətlər 200 min avrodan başlayır. Bu qiymətə sahəsi 101 kvadratmetr olan terraslı ev almaq mümkündür. Nisbətən iri evlərin qiyməti isə yarım milyona yaxındır. Belə ki, dənizdən 3 kilometr məsafədə sahəsi 250 kvadratmetr olan mənzil 420 min avroya, 122 kvadratmetrlik ev 388 min avroya satılır. Sahəsi 164 kvadratmetr olan və üzü dənizə baxan evə 490 min avro verməyə yəqin ki, heç bir alıcı xəsislik etməz.

Torpaq sahələri

Sloveniyada torpaqlar bahadır. Paytaxt Lyublyanada bir sotun qiyməti 5400 avrodan başlayır. Belə ki, şəhər kənarından xeyli məsafədə 10 sot orpağı 54 min avroya, 15 sotluq ərazini isə 107 min avroya almaq olar. Şəhər kənarında isə qiymətlər 30 min dollara satılır. 6 sot torpaq 180 min avrodan bahadır. Mərkəzə yaxınlaşdıqca qiymətlər sürətlə artır. Lyublyananın mərkəzində 70 min avrodan ucuz torpaq yoxdur – 10 sot torpaq 690 min avroya satılır. Bura həmin torpaqda tikinti aparmaq üçün icazə də daxildir.
Amma ən bahalı torpaq sahələri əsasən Adriatik dənizinin sahilindəki Piran bölgəsində aid Portoroj adlı yaşayış məntəqəsindədir. Burada 7,6 sot torpaq 240 min avroya və ya sotu 31 min dollara satılır. Dənizə baxan 30 sotluq ərazi isə 1 milyon 50 min avroya, yəni sotu 35 min avroya satılır.

Kommersiya obyektləri

Sloveniyada iş adamların əldə edə biləcəkləri kommersiya obyektləri əsasən otellərdir. Məsələn, Lyublyanada sahəsi 883 m2 olan, 3 mərtəbəli otel 1,2 milyon avroya satılır. Şəhərin mərkəzində yerləşən 6 mərtəbəli, 35 nömrəlik otel isə 3,5 milyon avroya təklif olunur. Oteldə 75 yerlik restoran və əlavə kommersiya sahələri də var.
Maribor şəhərində isə 4 mərtəbəli binada yerləşən 4 ulduzlu otel 1 milyon avroya satılır. Oteldə 23 nömrə var, burada 50 nəfər yerləşə bilər. Satıcı bildirir ki, otelin illik gəlirliyi 8%-dir, yəni bura yatırılan investisiyanı 12 ilə çıxarmaq olar.
Mariborun kənarında, dağlardakı meşələrin arasında isə nisbətən kiçik hotel yarım milyon avroya satılır. Əla mənzərəsi olan oteldə ümumilikdə 20 nəfərin qala biləcəyi 6 komfortlu nömrə və təbiətdə istirahət üçün bütün şərait var. Ən əsası, bu otel Maribordan 6 km, Avstriya sərhədindən isə cəmi 16 kilometr məsafədədir.
Bundan başqa, Sloveniyada sərfəli qiymətlərlə ofislər də satılır. Paytaxt Lublyanada kiçik ofisləri olduqca sərfəli qiymətlərlə tapmaq olar. Burada 20-30 kvadratmetrlik ofislər 20-30 min avroya satılır. Ümumiyyətlə ofislərin kvadratmetri 1 min avrodan satılır. Mağaza və restoranlarda isə 1 kvadratmetnin qiyməti 1,5-2 min avro ətrafındadır.

Xaricilərin əmlak alması proseduru

Sloveniyada əcnəbilərin əmlak almasına məhdudiyyət var - Avropa İttifaqı və ABŞ vətəndaşı olmayanlar Sloveniyada fiziki şəxs kimi əmlak ala bilməzlər. Onlar yalnız nizamnamə kapitalı 7500 avrodan az olmayan şirkət yaratmaqla əmlak ala bilərlər. 1 ay vaxt sərf edib şirkət yaradanlar istənilən evi, torpaq sahəsini, kommersiya obyektini satın ala bilərlər. Alqı-satqı əməliyyatını aparmaq üçün fərdi vergi nömrəsi də alınmalıdır. Yeri gəlmişkən, firmanın qeydiyyata alınması ölkədə 2 illik müvəqqəti yaşamaq imkanı verir. 5 il sonra isə burada daimi yaşamaq icazəsi alına, əmlakı isə fiziki şəxsin adına keçirmək olar.

İlkin alqı-satqı müqaviləsi

Sloveniyada daşınmaz əmlakın alqı-satqısı 2 mərhələdə həyata keçirilir və 1-2 ay vaxt aparır. Əvvəlcə əmlakla bağlı hüquqi problemin olub-olmadığı dəqiqləşdirilir. Hüquqi problem olmasa, tərəflər arasında notariusda ilkin alqı-satqı müqaviləsi bağlanır alıcı satıcıya əmlakın 10%-i qədər beh ödəyir. Azərbaycanda olduğu kimi Sloveniyada da alıcı fikrini dəyişərsə, verilən beh geri qaytarılmır. Satıcı fikrini dəyişdikdə isə, aldığı behi ikiqat qaytarmalıdır.

Yekun alqı-satqı müqaviləsi

Sonra yekun müqavilə bağlanır. Ardınca isə alıcı qalan məbləği satıcının hesabına köçürür. Alıcı əmlakdan imtina etsə, beh ona qaytarılmır. Yekun alqı-satqı müqaviləsi bir nüxsəsi alıcıya, bir nüxsəsi satıcıya, bir nüxsəsi isə Sloveniyanın kadastr xidmətinə təqdim olunur və daşınmaz əmlakın yeni sahibinin mülkiyyət hüququ rəsmən qeydə alınır. 1 aya yaxın vaxt aparan qeydiyyat prosesindən sonra alıcıya müvafiq sənəd verilir.

Alqı-satqı xərcləri
Qeyd etdiyimiz kimi, Avropa İttifaqı və ABŞ vətəndaşı olmayan xaricilər Sloveniyada əmlak almaq üçün hüquqi şəxs - firma və ya şirkət yaratmalıdırlar. Şirkətin qeydiyyatı üçün nizamnamə kapitalından əlavə 2 min avro xərc tələb olunur.
Bundan başqa, alıcı dövlətə sövdələşmənin dəyərinin 2%-i qədər vergi və əmlakın rəsmiləşdirilməsi üçün onun kadastr dəyərinin 0,15-0,75%-i qədər rüsum ödəməlidir. Notariat kontorunun haqqı 100 avro, tərcüməçilərə ödənilən məbləğ isə 200 avrodur. Rieltora isə əmlakın dəyərinin 4-5%-i qədər xidmət haqqı ödənilir.

Əmlakın saxlanılması, kommunal xidmətlər

Sloveniyada əmlak almaq istəyənlər bilməlidirlər ki, onu saxlamağın illik xərci var. Əvvəla bu - əmlak vergilərdir. Əmlakın növündən, sahəsindən və regiondan asılı olaraq qiymətin 0,03-0,5%-i qədər əmlak vergisi ödənilməlidir. Sloveniyada əmlakın bahalaşması vergisi də var – əmlakın sahibi hər il onun bahalaşdığı məbləğin 20%-i qədər vergi ödəməlidir. Nəticədə, 2 otaqlı mənzilin saxlanmasına ayda 35-110 avro xərclənir. Ev kirayəyə verildikdə isə qazancın 25%-i də vergiyə gedir.
Verglərdən başqa, kommunal və istismar xərcləri də var. Onların məbləği əmlakın növündən, regiondan və ilin fəslindən asılıdır.
Ən bahalı kommunal xidmətlər təbii qaz və istilikdir. Belə ki, isti aylarda bu xidmətlərə görə ayda 20 avro ödənilirsə, soyuq vaxtlarda xidmət haqqı 200 avroya çatır. Elektrik enerjisindən istifadəyə görə ayda orta hesabla 20 avro, içməli su və kanalizasiyaya görə isə hər ay 12 avro ödənilməlidir.

Mənbə: "Daşınmaz Əmlak" jurnalı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272