ƏMLAK

4 zavodu alan şirkət: «İnvestisiya yatıracağıq» - ÖZƏLLƏŞDİRMƏ
14 SENTYABR
807

4 zavodu alan şirkət: «İnvestisiya yatıracağıq» - ÖZƏLLƏŞDİRMƏ

2016-09-14 15:00:00
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) keçirdiyi özəlləşdirmə hərracında 9 səhmdar cəmiyyətin səhmləri satılıb. Səhmi satılan müəssisələrdən 4-ü respublikanın müxtəlif bölgələrindəki pambıq zavodları – «Muğan-pambıq» ASC, «Sabirabad-Pambıq» ASC, «Bərdə-Pambıq», «Tərtər-Pambıq» ASC olub. Hərraca bu müəssisələrin səhmlərinin 30%-lik səhm zərfi çıxarılıb.  Həmin səhmləri ölkənin ən böyük pambıq istehsalçısı olan «MKT» İstehsalat kommersiya şirkəti alıb.  

      14 zavodun sahibidir 

Qeyd edək ki, MKT şirkəti Azərbaycanın müxtəlif ərazilərində 14 pambıq zavodunun səhmlərinin sahibidir. Şirkətin baş hüquqşünası İlqar İbrahimov fins.az-a bildirib ki, MKT şirkəti adı çəkilən pambıq zavodlarının səhmlərinin 60%-nə sahib idi: «İndi isə səhmlərin digər hissəsini almaq qərarına gəlmişik». 
 
İ.İbrahimovun sözlərinə görə, MKT bu müəssisələrdə səhm paketinin qalan hissəsini dövlət tərəfindən güzəşt elan olunduqdan sonra alıb: «Güzəşt ondan ibarətdir ki, həmin məbləin 50%-ni investisiya şəklində zavodlara yatırmalıyıq. Yəni pambıq zavodlarının fəaliyyətini yenidən bərpa edərək regionlarda kənd təsərrüfatının inkişafına dəstək olmalıyıq». 
 
Baş hüquqşünasın sözlərinə görə, 4 zavoda ümumilikdə 1,5 milyon manat yatırılacaq: «Həmin zavodlarda əsasən sovetdən qalma avadanlıqlar idi, onlar sıradan çıxıb, hamısı yenilənəcək». Bundan başqa, regionlarda pambıq əkini ilə bağlı şəraitin yaradılması, pambıq yetişdirilməsi,  qəbulu, emalı və tədarükü sistemi təşkil olunacaq.

«Pamğbığın kiloqramını 50-60 qəpikdən götürürük»

İ.İbrahimov bildirib ki, hazırda MKT şirkəti pambıqçılıqda əhalini həvəsləndirməklə – yəni əhalinin becərdiyi pambığı pula almaqla fəaliyyət göstərir. Hazırda əhalidən pambığın kiloqrammı 50-60 qəpikdən alınır. Amma dövlət dəstəyi olarsa, bu qiymət 1 kiloqram üçün 8 manata qədər arta bilər. Dövlət dəstəyi dedikdə yanacaq və gübrələrin güzəştli qiymətlə satışı aiddir.

Əlavə torpaq sahəsi lazımdır

Şirkət nümayəndəsinin sözlərinə görə, Azərbaycanda pambıqçılığın inkişafı ilə bağlı dövlət başçısı tərəfindən verilən tapşırıqlar və bu sahəyə diqqətin artmasından sonra şirkət pambıq sahələrini genişləndirmək niyyətindədir. 
 
Bunun üçün əlavə torpaq sahələri tələb olunur: «Biz rayon icra hakimiyyətlərinə müraciət edərək ehtiyat fondu torpaqlarından bizim istifadəmizə ayrılmasını istəyirik. Hələlik şirkətimizin 50 min hektar torpaq sahəsinə ehtiyacı var». 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272