ƏMLAK

Gürcüstanda əmlak istəyənlər üçün – TƏKLİFLƏR, QİYMƏTLƏR
27 MAY
746

Gürcüstanda əmlak istəyənlər üçün – TƏKLİFLƏR, QİYMƏTLƏR

2016-05-27 14:39:00

Gürcüstan son illər turizm sektorunun sürətli inkişafı nəticəsində təkcə turistlərin yox, əmlak alıcılarının da diqqətini cəlb edib. Qonşu ölkənin əmlak bazarına diqqət elə böyükdür ki, burada ayrı-ayrı şəhərlərin özünəməxsus yeri yaranıb. Bir qədər əvvəl «Daşınmaz Əmlak» Batuminin əmlak bazarı barədə məlumat vermişdi. İndi isə növbə paytaxt Tbilisinin və Kutaisinindir. Subtropik iqlim, unikal təbiət, gürcü qonaqpərvərliyi, iqtisadi sabitlik kimi amillər Gürcüstanın əksər bölgələri kimi Tbilisi və Kutaisi üçün də xarakterikdir. Odur ki, hər iki şəhərin daşınmaz əmlak bazarına pul qoymağa, mənzil, fərdi ev, torpaq sahəsi, kommersiya obyekti almağa dəyər. 

Gürcüstanın iki paytaxtı varmış

Təəccüblənməyin, Gürcüstanın rəsmi paytaxtı Tbilisi sayılsa da, parlament paytaxtı Kutaisidir. Çünki 2012-ci ildən etibarən Gürcüstan parlamenti bu şəhərdə yerləşib.

Daşınmaz əmlak potensialına gəlincə, Kür çayının üzərində yerləşən Tbilisi, ölkənin siyasi-iqtisadi mərkəzi sayılır. 1,1 milyon əhalisi olan şəhər hər il elə bu qədər də turist qəbul edir. Yerli daşınmaz əmlak bazarının iştirakçıları deyir ki, Tbilisiyə dincəlməyə gələnlər nisbətən baha və elə də rahat olmayan otellərdə qalmaqdansa kirayə ev tutmağa üstünlük verirlər. Odur ki, bu şəhərdə ev alanlar heç vaxt peşman olmur və turist axınından faydalanırlar.

Kutaisi isə Gürcüstanın qərbində, İmereti diyarında, Tbilisidən təqribən 220 kilometr məsafədə yerləşir. Parlament paytaxtı olmaqla yanaşı, Gürcüstandakı üç beynəlxalq hava limanından biri də məhz Kutaisidədir. Təkcə onu qeyd etmək kifayətdir ki, Macarıstanın ucuz qiymətə reyslər təşkil edən məşhur «Wizzair» şirkəti məhz Kutaisiyə uçur. Elə buna görə, əhalisinin sayı 200 min nəfər olan Kutaisiyə hər il bundan qat-qat artıq sayda qonaq gəlir. 2009-cu ildən etibarən isə Kutaisidə azad ticarət zonası yaradılıb. Nəticədə Kutaisinin də daşınmaz əmlak bazarı investorlara yaxşı pul qazandıra bilər.

Qiymətlər hələ ki, azalmaqdadır

Gürcüstanda milli valyutanın - larinin son 1 ildə 20% dəyərdən düşməsi bütün ölkədə olduğu kimi, Tbilisi və Kutaisidə də əmlakı ucuzlaşdırıb - bəzi yerlərdə qiymətlər hətta 15-20% azalıb. Amma mütəxəssislər deyir ki, bu ucuzlaşma investorlar üçün yaxşı fürsətdir. Turizm sektorunun inkişafı əmlak bazarında da qiymətləri artacaq.

Hələlik isə Tbilisidə mənzillərin 1 m2-nin qiyməti 300-400 dollardan 10 min dollara qədər dəyişir. Bahalı evlər əsasən şəhərin «Qədim şəhər» adlı ərazisindədir. Bura kükürdlü hamamları ilə məşhurdur. Bununla yanaşı, lüks otellərin, köhnə parlament binasının yerləşdiyi Vake, meriya binasının, universitetlərin olduğu Saburtalo rayonları da prestijli ərazilərdən sayılır və son nəticədə qiymətlər yüksəkdir.

Paytaxtda ucuz ev almaq istəyənlər isə Qldani, Poniçala, Didi Diqomi kimi rayonlara üz tutmalıdır. Əmlak bazarı Tbilisi ilə müqayisədə 5-6 dəfə kiçik olan Kutaisidə isə mənzillərin 1 m2-i 700 dollardan baha deyil. Qiymətin aşağı həddi isə 300-400 dollardır. 

Tbilisidə mənzillər

Gürcüstan paytaxtında mənzillərin qiyməti 10 min dollardan başlayır. Ən bahalı evlərin qiyməti isə 1 milyon dolları üstələyir. Söhbət hündürmərtəbəli, elit yaşayış binalarında yerləşən mənzillərdən gedir.

Məsələn, şəhərin Vedzisi rayonunun Oniaşvili küçəsində, sahəsi 255 m2 olan, 5 otaqlı elit mənzili 2 milyon 480 min dollara almaq olar. Yəni, mənzilin hər m2-i 9700 dollardan baha başa gələcək. Tbilisinin Saburtalo rayonunun Nusubidze küçəsində isə 120m2-lik, 3 otaqlı elit mənzilə 1 milyon 250 min dollar qiymət qoyulub. Yəni hər m2-i 10400 dollar.

Amma Tbilisidə bu qiymətə mənzil çox deyil. Burada bahalı mənzil deyəndə əsasən, 1 m2-i təxminən 3 min dollara satılan evlər nəzərdə tutulur. Belə mənzillər “Qədim Tbilisi”də,  geniş yayılıb. Məsələn, Abonotubani rayonunda sahəsi 165 m2 olan, 3 otaqlı mənzil 550 min dollara, Vake rayonunun Çavçavadze küçəsində isə 300 m2-lik, 8 otaqlı mənzil 930 min dollara satışa çıxarılıb.

«Normal» qiymətlərə gəlincə,  şəhərin Çiqureti rayonunun Uznadze küçəsində, sahəsi 70 m2 olan 3 otaqlı mənzil 90 min dollara satılır. Yəni, mənzilin 1m2-i təxminən 1300 dollara başa gəlir. Şəhərin Bakı küçəsində isə 75 m2-lik, 3 otaqlı mənzil 50 min dollara alıcı gözləyir.

Tbilisidə daha ucuz mənzillər də var. Məsələn, Qldani rayonunun Skalsadeni küçəsində, sahəsi 40 m2 olan 1 otaqlı mənzil 25 min dollara, Poniçala rayonunda 60 m2-lik 3 otaqlı mənzil 20 min dollara (1 m2-i təxminən 350 dollara),  Didi Doqimi rayonunun Tavdadebuli küçəsində isə ümumi sahəsi 38 m2 olan 2 otaqlı mənzil 15 min dollara satılır.

Kutaisidə mənzillər 

Daşınmaz əmlak bazarı Tbilisiyə nisbətən məhdud olan Kutaisidə isə mənzillərin qiyməti 10 min dollardan 100 min dollaradək dəyişir.  Məsələn, burada 35 m2-lik 1 otaqlı mənzili 13 min dollara, 68 m2-lik 3 otaqlı mənzili 33 min dollara, 125 m2-lik 3 otaqlı mənzili isə 90 min dollara almaq olar. 

Tbilisidə fərdi evlər

Gürcüstan paytaxtında fərdi evlərin qiyməti 20-25 min dollardan 1,5-2 milyon dollara qədər, onların 1 m2-nin qiyməti isə 300 dollardan 7500 dollara qədər dəyişir. Məsələn, şəhərin Vera rayonunun Şanidze küçəsində, ümumi sahəsi 543 m2 olan 12 otaqlı həyət evi 2 milyon dollara satılır – 6 sot torpaq sahəsi ilə birgə. Skneti rayonunda isə 834 m2-lik, 11 otaqlı şəxsi mülkü 1,5 milyon dollara almaq olar. Evin 32 sot həyətyanı sahəsi var.

Şəhərdə bundan dəfələrlə ucuz evlər də var. Məsələn, Saburtalo rayonunun Nasidze küçəsində isə 606 m2-lik 13 otaqlı fərdi evə 120 min dollar qiymət qoyulub. Konianki qəsəbəsində isə sahəsi 100 m2 olan şəxsi ev 30 min dollara satılır. Evin həyətində 1 sota yaxın boş yer var. Paytaxtın Didi Diqomi rayonunda isə 60 m2-lik 3 otaqlı fərdi ev 24 min dollara satılır – 4 sot torpaq sahəsilə birgə. 

Kutaisidə fərdi evlər

Kutaisidə fərdi evlərin qiyməti 10-15 min dollardan 200-300 min dollara qədər, onların 1 m2-nin qiyməti isə 150-200 dollardna 800-850 dollara qədər dəyişir.

Məsələn, şəhərdə ümumi sahəsi 500 m2 olan 10 otaqlı həyət evi 250 min dollara satılır - 20 sot torpaq sahəsi ilə birlikdə. Amma Kutaisidə qat-qat ucuz variantar da tapmaq olar. Məsələn, sahəsi 81 m2 olan, 4 otaqlı fərdi ev 13 min dollara satılır. Evin həyətyanı sahəsi 3 sotdur.

Tbilisidə torpaq sahələri

Paytaxtda torpaq sahələrinin 1 sotu 100-200 dollardan 180-200 min dollara qədər dəyişir. Ən bahalı variantlar “Qədim Tbilisi”dədir. Burada 18,5 sot torpaq sahəsi 3,5 milyon dollara ( 1 sotu 190 min dollara) satılır. Tbilisinin Vake rayonunun Abaşidze küçəsində isə 5 sot torpaq sahəsinə 750 min dollar qiymət qoyulub.

Lakin satışda bundan dəfələrlə ucuz torpaqlar da var. Məsələn, Didi Diqomi rayonunda 12 sot torpaq sahəsi 120 min dollara, 8 sot torpaq sahəsi 40 min dollara, Lilo rayonunda 15 sot torpaq sahəsi 15 min dollara, Tabaxmela rayonunda isə 60 sot torpaq sahəsi 12 min dollara (yəni 1 sotu cəmi 200 dollara) satılacağı günü gözləyir.

Kutaisidə torpaq sahələri

Kutaisidə torpaq sahələri xeyli ucuzdur - 1 sotu 400-500 dollardan, 6-7 min dollara qədər. Məsələn, şəhərdə 400 sotluq torpaq sahəsinə 2,8 milyon dollar (1 sotu 7 min dollara), 180 sotluq torpaq sahəsinə 900 min dollar (1 sotu 5 min dollara), 40 sotluq torpaq sahəsinə isə 16 min dollar (1 sotu 400 dollara) qiymət qoyulub. 

Tbilisidə kommersiya obyektləri

Turizm mərkəzi kimi ad çıxarmış Tbilisidə otellər əsas kommersiya obyektləri sayılır. Otellərin qiyməti 350-400 min dollardan 1-1,5 milyon dollara qədər dəyişir. Amma bəzən fantastik qiymətə satılan otelə də rast gəlinir. Məsələn, şəhərin Beliaşvili küçəsində, 4 mərtəbəli, 52 nömrəsi olan dəbdəbəli otel 10,33 milyon dollara satılır. Burada 4 banket zalı, konfrans, fitnes və bilyard zalları da var.

Bundan başqa, paytaxtın qədim hissəsində, 3 mərtəbəli, 2-si lüks nömrə olmaqla 10 nömrədən ibarət olan otel 1,5 milyon dollara təklif olunur. Otel botanika bağından 10 dəqiqəlik məsafədə, metronun “Azadlıq meydanı” stansiyasının yaxınlığındadır.

Şəhərin qədim hissəsində, Koti Abxazi küçəsində 3 mərtəbəli, cəmi 5 nömrəsi olan otel 1,4 milyon dollara satışa çıxarılıb. Nömrələrinin sayı az olsa da, otelin çaxır mağazası, restoranı, şərabçılıq muzeyi var. Üstəlik. obyektin 3 sot torpaq sahəsi olduğu üçün onu böyütmək imkanı da var.

Gelovani prospektində isə 3 mərtəbəli, 15 eyvanlı nömrəsi olan otel 800 min dollara, Udzo küçəsində isə 3 mərtəbəli, 25 nömrəli oteli 440 min dollara almaq olar.

Otellərlə yanaşı, is adamları Tbilisidə restoranlara, ofislərə, biznes mərkəzlərinə, gəlirli evlərə də pul qoya bilərlər. Məsələn, paytaxtın Sololaki rayonunun Tabizde küçəsində 1285 m2-lik restoran 3,5 milyon dollara, 1000 m2-lik restoran 2,65 milyon dollara, 285 m2-lik restoran 1,55 milyon dollara, Msxeta küçəsində 2900 m2-lik restoran 1,585 milyon dollara, Apxazi küçəsində 200 m2-lik restoran 760 min dollara, Kazbeqi prosopektində isə 136 m2-lik restoran 258 min dollara alıcı gözləyir.

Şəhərin Saburtalo rayonunda isə 1375 m2-lik biznes mərkəzini 2,2 milyon dollara almaq olar.

Kirayə biznesi ilə məşğul olmaq istəyənlər isə paytaxtda gəlirli ev ala bilər. Məsələn, Saburtaloda ümumi sahəsi 1740 m2 olan, 3 mərtəbəli, 30 otaqdan ibarət yaşayış obyekti 4,73 milyon dollara satılır. Gəlirli evin 1 hektar torpaq sahəsi, özəl məktəbi, klinikası var. 

Kutaisidə kommersiya obyektləri 

Kutaisidə az da olsa, satlıq kommersiya obyektlərinə rast gəlinir. Məsələn, bu şəhərdə 15 m2-lik ofis 15 min dollara, 100 m2-lik ofis 55 min dollara, 600 m2-lik ofis isə 300 min dollara satılır.

Ticarət obyektləri də var. Məsələn, 200 m2-lik mağaza 140 min dollara, 73 m2-lik mağaza 65 min dollara, 66 m2-lik mağaza 45 min dollara, 25 m2-lik mağaza isə 33 min dollara satılır. Restoran biznes ilə məşğul olmaq istəyənlər isə 210 m2-lik obyekti 80 min dollara əldə edə bilərlər. 

Azərbaycanlıların marağı 

Tbilisinin daşınmaz əmlak bazarında azərbaycanlılar olduqca fəaldır. Yerli əmlak agentliklərində deyirlər ki, soydaşlarımız paytaxtın əsasən qədim hissəsində (burada Azərbaycan Gürcüstandakı səfirliyi var), prestijli Vake və Saburtalo rayonlarında, Heydər Əliyevin heykəlinin olduğu meydana yaxın ərazilərdə (Ortacalo rayonunda) mənzillər, fərdi evlər alıblar. Bundan başqa, azərbaycanlılar şəhərdə xeyli sayda ofis əldə edərək onu icarəyə verib. Restoran biznes ilə məşğul həmyerlilərimiz də var. Azərbaycanın “AS Group İnvestment” şirkəti isə Tbilisidə, Kür çayının sahilində “DİRSİ” yaşayış kompleksi tikib. Kompleksdə mənzillərin 1 m2-ni vaxtilə 900 dollardan satan şirkətin hazırda əmlak bazarındakı ucuzlaşma ilə əlaqədar qiyməti 700 dollara qədər azaltdığı bildirilir.

Mənbə: "Daşınmaz Əmlak" jurnalı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272