DÜNYA

Köhnə iblislər – oliqarxlar gənc Ukraynanı nüfuzdan salır
18 SENTYABR
178

Köhnə iblislər – oliqarxlar gənc Ukraynanı nüfuzdan salır

2019-09-18 21:26:00

Komediya aktyoru Zelenski və onun gənc qvardiyasının hakimiyyətə gəlməsi Kiyevdə böyük ümidlər doğurub. Ancaq oliqarxlar hələ son sözünü deməyib.

“Ukrayna kəskin yenilik duyğusu yaşayır: 2014-cü il Maydan inqilabından sonra seçilən, davamlı vətənpərvər nitqlər söyləyən prezident – Petr Poroşenko, əlvida! İndi onun yerini apreldə seçkilərdə qələbə qazanmış, 41 yaşlı komediya aktyoru Vladimir Zelenski tutub. Ukrayna hakimiyyəti simasını dəyişib. Və ukraynalı milyarder, Poroşenkonun keçmiş silahdaşı, “YES” forumunun təsisçisi Viktor Pinçuk tərəfindən səslənən forumun  əsas mövzusu belədir: “Xoşbəxtlik indi”, - Silviya Kauffmann (Sylvie Kauffmann) “Le Monde” qəzetində yazır.

“Poroşenko beş ilini Ukraynanın ilk növbədə Rusiyanın Krım və Donbasdakı təcavüzkar siyasətinin qurbanı olduğunu izah etməklə keçirib. Zelenski ölkəni qurban narrativindən çıxaran şəxs olmaq istəyir. O, Vladimir Putinə zəng edib, onunla birlikdə Paris və Berlinin himayədarlığı, həmçinin Vaşinqtonun müşahidəsi altında Moskva ilə sülh danışıqlarının bərpa edilməsi istiqamətində ilk addımı atıb. O, bundan sonra da əsir mübadiləsinin keçiriləcəyinə söz verib. Zelenski ölkə əhalisinin müvəqqəti dayandırılsa da, insan itkilərinə səbəb olmağa davam edən bu münaqişədən yorulduğunu görür və ondan çıxmaq istəyir. Bu, onun birinci prioritetidir; Zelenskinin sözlərinə görə digər iki prioritet işləmək üçün xaricə üz tutan milyonlarla emiqrantı geri qaytarmaq məqsədilə iqtisadi şəraitin yaradılması və korrupsiya üzərində qələbədir”, - məqalə müəllifi qeyd edir.

“Siyasət sahəsində yeni olan bir insan kimi Vladimir Zelenski işlərini başgicəlləndirici sürətlə reallaşdırır. O, yüz gün ərzində növbədənkənar seçkilər təyin edə bilib.  Bu da parlamenti 80% yeniləməyə imkan verib. Yeni deputatlar var gücləri ilə sistemi dəyişəcək qanunlar işləyib hazırlayır. O, rüşvətdən uzaq hesab edilən Ruslan Ryaboşapkanı baş prokuror təyin edib. Zelenski bütün prokurorları dəyişmək istəyir. Yeni baş nazir Aleksey Qonçarukun 35 yaşı var. O, beş il ərzində 40%-lik iqtisadi artım tempinə nail olmağa çalışır, ölkədən çıxan kapitalı vətənə qaytarmaq, monopoliyanı məhv etmək və özəl, şəxsi investisiyaları cəlb etmək üçün kənd təsərrüfatı torpaqlarına mülkiyyət hüququnda islahat aparmaq istəyir”, - məqalədə deyilir.

“Zelenskinin tənqidçiləri belə etiraf edir ki, Ukraynada hələ heç vaxt bu cür gənc insanlar tərəfindən bu qədər iddialı islahat proqramı keçirilməyib. Müstəqillik əldə etdiyi gündən bəri ölkəni müşahidə edən qərb ekspertlərinin əksəriyyəti bu cür dəyişiklik həvəsindən və sürətdən heyrətlənib”, - Kauffmann yazır. Hətta onlardan biri narahatlığını bu şəkildə dilə gətirib: “Bu, son dərəcə radikaldır”.

“Lakin gənc Ukraynanı köhnə iblislər nüfuzdan salır və bu iblislərin adı var – oliqarxlar”, - icmalçı qeyd edir.

“Onlardan birinin xüsusən prezident Zelenskiyə təsiri hələ seçki kampaniyasının əvvəlindən narahatlıq doğurub. Həmin şəxs telekanal sahibi İqor Kolomoyskidir. Vladimir Zelenskinin tanınmasında onun böyük rolu var. 2016-cı ildə bu qalmaqallı iş adamının sahib olduğu, ölkənin ilk özəl maliyyə müəssisəsi hesab edilən “Privatbank”-da fırıldaq əməllər və 5,5 milyard dollarlıq boşluq aşkarlandıqdan, Beynəlxalq Valyuta Fondunun köməyi ilə maliyyə müəssisələrinin təmizlənməsi üzrə üzərinə öhdəlik götürən Ukrayna Mərkəzi Bankı tərəfindən milliləşdirildikdən sonra biznesmen İsrailə, oradan İsveçrəyə qaçıb”, - nəşr xatırladır.

Məqalədə deyilir ki, yeni baş nazir Qonçarukun “Financial Times” qəzetinə 17 sentyabr tarixli müsahibəsində “Privatbank”-ın aqibətinə münasibətdə Kolomoyski ilə mümkün “kompromisdən” bəhs etməsi Beynəlxalq Valyuta Fondunda böyük narazılıq doğura bilər. Belə ki, bu iş beynəlxalq qurumda zərərverici oliqarx fəaliyyətin simvoluna çevrilib. Ukraynalı ekspertlərdən biri hirslə qeyd edib ki, 5,5 milyard dollarlıq boşluq müdafiə büdcəsinə bərabərdir: “Və bu pullar vergi ödəyicilərinin pullarıdır!”

Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler (Tony Blair) Kiyevdə baş tutan forumda bəyan edib ki, bu hökumətin islahatlarının uğurlu olması vacibdir. Əgər uğurlu olsa, ölkə daxilində və xaricdə, o cümlədən Donbasdakı vəziyyətin tənzimlənməsində dinamika dəyişəcək. Zelenski nə qədər tələsirsə tələssin, Kiyevdə ipləri tərpədən oliqarxlar fəaliyyət göstərdiyi müddətcə Kremldəkilər sakit yata bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır