DÜNYA

Putinin mətbuat konfransında gizlədə bilmədikləri
21 DEKABR 2018
312

Putinin mətbuat konfransında gizlədə bilmədikləri

2018-12-21 13:02:00

Fins.az-ın məlumatına görə, dekabrın 20-i Vladimir Putin əsas ictimai tədbirlərindən birini – ilin yekunlarına dair illik mətbuat konfransı keçirib. Format artıq adiləşib, daha əvvəlki kimi maraq oyatmır. Lakin jurnalistlərlə ünsiyyət,  xüsusilə rus hökumətində qərar qəbulu sisteminin getdikcə daha qapalı şəkil aldığı bir şəraitində Vladimir Putinin motiv və niyyətlərini daha yaxşı başa düşmək üçün azsaylı imkanlardan biri olaraq qalır. Siyasi Texnologiyalar Mərkəzinin Analitika Departamentinin rəhbəri, “R.Politik. Reality of Russian Politics” analitika şirkətinin başçısı Tatyana Stanovaya “Karnegi Moskva Mərkəzi” üçün yazır.

Bu dəfəki mətbuat konfransı da son illər yaranmış trendi davam etdirib. Prezidentin jurnalistlərlə söhbətini əhali ilə canlı yayımdan fərqləndirmək getdikcə daha da çətinləşir. Sualların əksəriyyəti xahiş, minnətdarlıq və lokal problemlərdən ibarət olub, real siyasi gündəliyə toxunulmayıb.

Növbəti özəllik prezidentin emosional fonunun azalmasıdır. Putin (format və tərkibdən dolayı) ona meydan oxuya bilməyən auditoriya ilə ünsiyyət qurmaq məcburiyyətindədir. Bu, dialoqların çox vaxt nəinki məzmunlu, eyni zamanda kifayət qədər sərt olduğu Valday klubu və “Rusiya, irəli!” forumu deyil. Kreml mətbuat konfransında danışıqlar deyil, sosial terapiya aləti görür. Və bunun böyük siyasətlə əlaqəsi getdikcə azalır.

Bununla belə, bu qəbildən olan tədbirləri lazımınca qiymətləndirmək lazımdır. Sual-cavablar nə qədər əvvəlcədən hazırlansa da (idarəetmə dərəcəsini də şişirtmək lazım deyil), prezident yenə də ən müxtəlif mövzulara, o cümlədən xoşagəlməz mövzulara da reaksiya vermək məcburiyyətindədir. Və bütün bunlar 3 saat ərzində baş verir. Ona görə mətbuat konfransı həm Rusiya, həm beynəlxalq auditoriya üçün əhəmiyyətli bir neçə nəticə çıxarmağa imkan verir.

Sanksiya fatalizmi

Birinci nəticə: Putin və iqtidar Qərblə barışıq istiqamətində ciddi addım atmaq niyyətində deyil. Hal-hazırda Qərbdə ən çox yayılmış suallardan biri budur: Qərblə münasibətlərin yumşalması və Rusiyaya sanksiya təzyiqinin azalması üçün Kreml nə etməyə hazırdır? Putin mətbuat konfransında buna dəqiq cavab verib: uzun müddət düşmən mühitdə mövcudluğa hazırlaşan rəhbərliyin qarşısında prinsipcə təzyiqin azaldılması problemi dayanmayıb.

Rusiya prezidenti əmindir ki, Rusiya hansı jestləri və ya güzəştləri edirsə etsin, təzyiq yalnız artacaq. Putin deyib ki, Skripalların işi Rusiyanın qarşısını almaq üçün ona qarşı hücumdur. Qərbin məqsədinin bir rəqib kimi Rusiyanın qarşısını almaq olduğunu qeyd edən prezident bildirib ki, Qərb Kremlin istənilən hərəkətini təzyiqi artırmaq üçün bəhanə kimi nəzərdən keçirəcək. “Bu, siyasiləşdirilmiş rusofob yanaşmadır. Bu, Rusiyaya növbəti hücumu təşkil etmək üçün bəhanədən başqa bir şey deyil. Skripallar olmasaydı, başqa bir şey uydurub tapacaqdılar”, - deyə prezident aydınlıq gətirib.

Dövlət başçısının məntiqi dəyişməzdir: Rusiya müstəqil və suveren ölkə kimi qalmaq istəyirsə (belə bir tapşırıq isə heç kimdə şübhə doğurmur), onda tarixən sanksiyalar altında yaşamağa məcburdur. Burada müəyyən fatalizm, məhkumluq da hiss olunur. Belə bir əminlik var ki, Qərbdə anlayış axtarmağın mənası yoxdur. Eyni zamanda sanksiyaların ölkə iqtisadiyyatına real təsir dərəcəsi açıq-aşkar lazımi şəkildə qiymətləndirilmir.

Bu, o deməkdir ki, “sanksiyaların yumşaldılmasına necə nail olmalı” mövzusunda Kremldə heç bir ciddi müzakirə aparılmır. Lakin bu, o demək deyil ki, belə bir müzakirə Kreml ətrafı çevrələrdə, sistem liberalları və biznes mühiti arasında aparılmır. Putin bu cür müzakirələri anlamır, onları korporativ və xudbin tədbirlər kimi qəbul edir. Kreml elə-belə heç bir real güzəştə getməyəcək: nə ukraynalı dənizçilərin azad ediləcəyini, nə Donbasda nəzarətin zəifləyəcəyini, nə də Rusiyanın Qərbdə informasiya fəallığını dayandıracağını gözləmək lazım deyil.

Nüvə arqumenti

İkinci nəticə: Rusiya nüvə sistemində qüvvələr balansının qaçınılmaz deqradasiyasına və “təhlükəsi lazımınca qiymətləndirilməyən” nüvə müharibəsi riskinin artmasına hazırlaşır. Prezident bildirib ki, Rusiya ən pis ssenariləri mümkün hesab edir və nüvə barışığı həddinin aşağı düşməsi (bunun günahı ABŞ-ın üzərinə yıxılır, amma Putinin fikrincə, Rusiya cavab verməli olur), nüvə silahının taktiki tətbiq riskinin, qeyri-nüvə başlıqlı ballistik raketlərin istifadəsinin artması ilə bağlı xəbərdarlıq edib.

Prezidentin sözlərinə görə, Rusiya buna cavab vermək iqtidarındadır. Bu gün nüvə silahı Kremlin Qərblə qarşıdurmada son arqumentidir. Bu, həmçinin rus elitasının daxilində ölkənin nüvə potensialının vəziyyətindən cavabdeh elmi və hərbi hissəsinin güclənməsi deməkdir. Onların ölkənin xarici siyasətinin psixologiyasına ümumi təsiri getdikcə daha çox hiss olunmağa başlayacaq.

Qərbdə də var

Üçüncü nəticə daxili siyasətə aiddir. Kreml iqtisadiyyatda heç bir mühüm islahata başlamaq fikrində deyil. Ölkədəki vəziyyət pozitiv, möhkəm qiymətləndirilir. Hesab edilir ki, bu şərait may fərmanında qoyulan iddialı tapşırıqları reallaşdırmaq üçün yaxşı perspektivə malikdir. Qəbul edilən qərarların  - neft sahəsində vergi manevri (benzin qiymətinin artması), ƏDV-nin artırılması, özünüməşğulluğa vergi (Putin ümumiyyətlə bu suala məhəl qoymamaqla onu vacib hesab etmədiyini göstərib), MKT tariflərində artım və sair -  sosial nəticələri açıq-aydın lazımınca qiymətləndirilmir. 

Mətbuat konfransında xüsusilə loyal KİV tərəfindən dəfələrlə səsləndirilən sosial-iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı problem Putində marağa səbəb olmayıb. “Komsomolskaya pravda”dan xalqın ağır həyatı ilə bağlı sual prezidentin jurnalistə pis reaksiya verməsinə səbəb olub. Cəmiyyətin sosial vəziyyətinin pisləşməsini hiss etməyən dövlət başçısı gəlirlərdə böyük fərqin həqiqətən mövcud olduğunu etiraf edib, amma bu problemin Qərb ölkələrində də olduğunu qeyd edib.

Ətraf bürokratiyaya qarşı

Dördüncü nəticə: Rusiya prezidenti açıq-aydın milli layihələrə böyük dəyər verir və onların yerinə yetirilə biləcəyini düşünür. Halbuki qeyri-rəsmi səviyyədə və hökumətdə, ekspert çevrələrində çox az insan milli layihələri məntiqi sonluğa çatdırmağın real olduğunu fikirləşir. Bu, siyasi iradə subyekti kimi prezident və icraedici maşın kimi bürokratiya arasında fərq yaradır. Bu, benzin çənində kifayət qədər yanacağın olmadığı halda avtomobilə qaz verməyə oxşayır.

Digər vacib fərq prezidentin istəkləri və əhval-ruhiyyəsi (o cümlədən may fərmanı ilə bağlı onun pozitiv əhvalını bölüşməyən) dairəsində fəaliyyət göstərən, milli layihələrin yerinə yetirilməsinə görə ictimai məsuliyyət daşımayan Putinin siyasi çevrəsi ilə federal və regional səviyyədə icraedici hakimiyyət, milli layihələrin reallaşa biləcəyinə xüsusi inanmayan, ancaq iqtisadiyyatdakı real problemlər haqqında birbaşa prezidentə məlumat vermək üçün siyasi resursa malik olmayan bürokratiya arasında nəzərə çarpıb.

Siyasi üstqurum (daxili siyasət kuratorları, üstəgəl geosiyasi məsələlərə cəlb edilənlər) və icraçılar (hökumət-qubernatorlar) arasındakı bu ziddiyyət artacaq, yaxın iki-üç il ərzində böyük kadr dəyişikliklərinə gətirib çıxıracaq. Putin bu gün Medvedyev hökumətinin işindən “ümumilikdə razı olduğunu” söyləsə belə, real siyasi hakimiyyət və siyasi cəhətdən aciz bürokratiya arasındakı böyük fərqə görə kadr dəyişikliyi riski artır.

Prezident və gənclik

Nəhayət, beşinci nəticə: Vladimir Putinin gənclərlə bağlı problemi yoxdur, halbuki son aylar bu problem az qala əsas mövzuya çevrilib. Prezidentin bu məsələ ilə bağlı dəqiq hazırlanmış mövqeyi olmadığı üçün hər hansı bir şəkildə aydınlıq gətirmək cəhdləri heç bir nəticə verməyib.

Gənclərin yaradıcılıq azadlığı və özünü ifadədən tutmuş vətənpərvər tərbiyəyə kimi bir çox sahələri əhatə edən problemləri var. Bununla belə, Putin yalnız iki qırmızı xətti müəyyənləşdirib: hakimiyyətin təhqir edilməsinin yolverilməz olması ilə bağlı qanun layihəsinin Dumaya çıxarılmasını dəstəkləyib və narkotik maddələrlə intihar təbliğatına qarşı ehtiyatlı çıxış edib. Putin yaradıcılıq azadlığına ziddiyyətli, dolaşıq münasibət bildirib. Bu da ondan xəbər verir ki, icazə verilənlə verilməyən arasındakı sərhədin hardan keçdiyini heç prezidentin özü də bilmir və çox güman, vaxtını bunun axtarışına sərf etməyə hazırlaşmır.

Putinin gənclərlə bağlı cavabları həmçinin daxili siyasət kuratorlarının yanaşmasını əks etdirir. Sergey Kirienko və onun komandası reperlərin konsertlərinin qadağan edilməsi barədə prezidentə xəbər versələr də, gənclərin siyasiləşdirilmə problemini onun barədə ciddi düşünmək üçün kifayət qədər vacib problem hesab etmirlər.

Mətbuat konfransının yekunlarına dair əsas təəssüratlar ona gəlib çıxır ki, xarici siyasətdə prezidentin manevr etmək üçün daha az yeri qalır, daxili siyasətdə isə onun “irəliləyişlə” bağlı nikbinliyi reallıqdan çox uzaqdır. Yaranmış vəziyyət Putini geosiyasətdən daxili problemlərə dönməyə məcbur edir, amma bu, çox çətin alınır.

Putinin cavablarında Rusiyanın geosiyasi tənhalığına əminlik gözə çarpıb. O, əmindir ki, pozitiv imkanlar çoxdan tükənib və yalnız birtərəfli addımlar effektli ola bilər. Deyəsən hərbçilərdən başqa daha heç kim onu başa düşmür.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272