BÜDCƏ

Büdcə təşkilatlarında kommunal xidmətlərin istehlakına görə limitlər müəyyən edilib
17 APREL
146

Büdcə təşkilatlarında kommunal xidmətlərin istehlakına görə limitlər müəyyən edilib

2019-04-17 16:09:00
“Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında
“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 5.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 
1. “Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası” təsdiq edilsin (əlavə olunur). 
2. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, habelə digər büdcə təşkilatlarının rəhbərlərinə tapşırılsın ki, 3 (üç) ay müddətində özlərinin tabeliyində olan (o cümlədən, icarəyə götürülmüş) obyektlərə, habelə icarəyə verilmiş obyektlərə və onların icarəçilərinə (subicarəçilərinə) dair siyahını hazırlasınlar, kağız və (və ya) elektron daşıyıcılarda Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər. 
3. Kommunal xidmət göstərən müəssisələr 2 (iki) ay müddətində büdcə təşkilatları ilə birlikdə bu Qərarın 2-ci hissəsində nəzərdə tutulan siyahıya uyğun olaraq, sayğac quraşdırılmayan obyektlərin siyahısını tərtib edərək, kağız və (və ya) elektron daşıyıcılarda Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər. 
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərarın 3-cü hissəsinə uyğun olaraq, kommunal xidmət göstərən müəssisələr tərəfindən sayğac quraşdırılmayan obyektlərə dair siyahı təqdim edildikdən sonra 2 (iki) ay müddətində dövlət büdcəsinin imkanları və strateji yol xəritələri üzrə nəzərdə tutulan prioritetlər nəzərə alınmaqla, büdcə təşkilatları üzrə sayğaclaşmanın başa çatdırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. 
5. Kommunal xidmət göstərən müəssisələrə tapşırılsın ki, istehlakçılara qüvvədə olan standartlara uyğun kommunal xidmətlərin göstərilməsi məqsədi ilə zəruri tədbirlər görsünlər və kommunal xidmətlərə dair istehlakçılarla müqavilələrin bağlanılması zamanı müəyyən olunmuş limitlərin nəzərə alınması, habelə kommunal xidmətlərin həmin limitlər çərçivəsində təqdim olunması istiqamətində tabeli təşkilatlar üzərində nəzarəti təmin etsinlər.
6. Bu Qərarla təsdiq edilmiş Qaydaya uyğun olaraq büdcə təşkilatları və kommunal xidmət göstərən müəssisələr tərəfindən tərtib edilmiş ümumiləşdirilmiş hesabatlardakı məlumatlar arasında fərq olduqda, həmin məlumatların “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarı ilə yaradılmış Komissiyanın Katibliyində həmin şəxslərin nümayəndələrinin iştirakı ilə araşdırılması təmin edilsin. 
7. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, büdcə təşkilatları ilə birlikdə kommunal xidmətlərdən istifadə barədə (miqdar və pul ifadəsində) rüblük və illik hesabat aparılmasını təmin etsin.
8. “Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik, istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin limitləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 13 aprel tarixli 74 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 282; 2004, № 9, maddə 750; 2009, № 9, maddə 757; 2014, № 6, maddə 747; 2017, № 3, maddə 499; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 21 yanvar tarixli 9 nömrəli Qərarı) ləğv edilsin.
9. “Elektrik və istilik enerjisinin, təbii qazın və suyun satıcıları ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və dövlət büdcəsi vəsaitinin baş sərəncamçıları arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi barədə Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 mart tarixli 44 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 147) ləğv edilsin. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9068
  • ₽ RUB
    0.0267