BÜDCƏ

Hansı bizneslər «Yaşıl dəhliz»dən keçəcək? – MÜSAHİBƏ
07 DEKABR 2016
579

Hansı bizneslər «Yaşıl dəhliz»dən keçəcək? – MÜSAHİBƏ

2016-12-07 10:51:00

Dekabr ayından Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti və 1 saylı Vergilər Departamentində «Şəffaf vergi partnyorluğu» idarələri fəaliyyətə başlayıb. Mövzu ilə bağlı suallarımızı vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri İlkin Vəliyev cavablandırır

- İlkin müəllim, «Şəffaf vergi partnyorluğu» idarələrinin yaradılması zərurəti nə ilə bağlıdır?

- Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri ölkəmizdə qeyri-neft sektorunun inkişafı, əlverişli biznes mühitinin yaradılması, ölkə iqtisadiyyatının lokomotivi hesab olunan sahibkarlığa geniş dövlət dəstəyinin görtərilməsidir. Bu siyasətin tərkib hissəsi olan vergi siyasəti də sahibkarlığın inkişafının dəstəklənməsinə, biznesin və vergi ödəyicilərinin fəaliyyətinin stimullaşdırılmasına, bütövlükdə ölkədə vergi mədəniyyətinin formalaşmasına istiqamətlənmişdir.

Ölkə Prezidentinin «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi  inzibatçılığının təkmilləşdirilməsi  haqqında» sərəncamı vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması məqsədilə vergi sistemində islahatların davam etdirilməsini, ölkədə könüllü əməl­etmə səviyyəsinin yüksəldilməsinə nail olunmasını nəzərdə tutur.

Vergi sisteminin əsas subyektlərindən olan vergi ödəyicisi və vergi orqanı arasında qarşılıqlı etimada və əməkdaşlığa söykənən münasibətlərin formalaşması vergilərin məcburi ödənilməsindən könüllü ödənilməsinə keçidin əsas şərtlərindən biri hesab olunur. Könüllü əməletmə səviyyəsinin artırılması isə ilk növbədə vergi ödəyicilərinə geniş spektrli xidmətlərin formalaşdırılması, vergilərin hesablanması və ödənilməsi sisteminin sadələşdirilməsi, vergi ödəyiciləri və vergi orqanları arasında əlaqələrin daha da təkmilləşdirilməsi ilə bilavasitə bağlıdır. Təsadüfi deyil ki, son illər Vergilər Nazirliyi könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirib. Hazırda vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin sayı 63-ə çatdırılıb, vergi orqanlarına göndərilən bəyannamələrin 90%-dən çoxu elektron formada təqdim olunur. Vergi bəyannamələrinin könüllü təqdim edilməsi göstəriciləri hər il daha da yaxşılaşır və müxtəlif vergilərdən asılı olaraq 75-85 faiz arasında dəyişir.

Vergilər Nazirliyinin könüllü əməletmə səviyyəsinin artırılması yönündə həyata keçirdiyi mühüm tədbirlərdən biri də vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin partnyorluq müstəvisinə keçirilməsidir. Bu sahədə son illər əhəmiyyətli işlər görülüb. «Şəffaf vergi partnyorluğu» idarələrinin yaradılması tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində təzə bir yanaşmadır. Bu, ilk növbədə, intizamlı vergi ödəyiciləri ilə işin aparılmasını nəzərdə tutan bir sistemdir. Vergi öhdəliklərini vaxtında yerinə yetirən ödəyicilərə xüsusi münasibətin göstərilməsi beynəlxalq praktikada geniş yayılmış təcrübədir. İntizamlı vergi ödəyicilərinə xidmət vergi öhdəliyini yerinə yetirməyən, problemli ödəyicidən, əlbəttə ki, fərqlənməlidir.

- Niyə məhz «Yaşıl dəhliz»? Bu «Şəffaf vergi partnyorluğu» idarələrinin ödəyicilərinə xüsusi xidmət olunacağına işarədir?

- Beynəlxalq təcrübədə bir qayda olaraq «Yaşıl dəhliz» məhfumundan şəffaflıq və sadələşdirmə simvolu kimi istifadə olunur. Yeni idarələrdə, sözün əsl mənasında, ayrıca «yaşıl dəhliz» yaradılacaq. «Şəffaf vergi partnyorluğu» idarələrinin qeydiyyatında olan ödəyicilərə növbədənkənar xidmət ediləcək. Bundan başqa, belə ödəyicilər üçün vergi əməkdaşlarından xüsusi kuratorlar təhkim ediləcək. Onların vergi sahəsində hər hansı çətinliyi yaranarsa, sualı meydana çıxarsa, hansısa ziddiyyətli bir məsələ qalxarsa, onlar öz kuratorlarına müraciət etmək imkanı olacaqlar. Belə ödəyicilərə çevik xidmət göstəriləcək, bütün məsələlərin operativ şəkildə həllinə nail olunacaq. Məsələn, əlbəəl çatdırılmalı olan sənədlər vergi orqanı tərəfindən ödəyiciyə birbaşa təqdim ediləcək, onlara ünvanlı xidmətlər göstəriləcək. Vergi ödəyicisinin uçot məlumatlarında hər hansı uyğunsuzluq aşkar edilərsə, təhkim olunmuş kurator dərhal vergi ödəyicisi ilə əlaqə saxlayaraq onu məlumatlandıracaq, onunla birlikdə ortaya çıxmış məsələni müzakirə edəcək və onun çətinliklərini aradan qaldırmağa çalışacaq. Yəni belə ödəyicilərin öhdəliklərini davamlı olaraq yerinə yetirilməsinə kömək etmək üçün vergi orqanı həmişə onların yanında olacaqdır.

- «Yaşıl dəhliz»dən istifadə edə biləcək vergi ödəyiciləri hansı meyarlara əsasən seçilir? Onlar intizamlı vergi ödəyiciləridir, yoxsa böyük həcmdə vergi öhdəlikləri yerinə yetirən ödəyicilərdir?

- Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş meyarlar əsasında müəyyən ediləcək. Əlbəttə, vergi ödəyicisinin çox və ya az vergi ödəməsi onun intizamlı olmasının göstəricisi deyil.

Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri, ilk növbədə, vergi öhdəliklərini vaxtında yerinə yetirən, vergilərini tam həcmdə ödəyən, işçi heyətinin sayını və faktiki əmək haqlarını düzgün bəyan edən, mühasibat uşotunu beynəlxalq və ya milli uçot standartlarına uyğun olaraq aparan, riskli vergi ödəyiciləri ilə əməliyyatlar aparmayan, son 3 il ərzində iqtisadi sahədə cinayət təqibinə məruz qalmamış ödəyicilərdir. 

- Ölkəmizdə belə meyarlara cavab verən vergi ödəyicilərinin sayı təxminən nə qədərdir? Gələcəkdə regional vergi orqanlarında da belə idarələrin yaradılması nəzərdə tutulurmu?

- Vergi orqanlarında yaradılmış Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) texniki imkanları bizə vergi ödəyicilərinin əməliyyatları üzrə 300-dən yuxarı çarpaz təhlil aparmağa və beləliklə, onun fəaliyyətinə tam şəkildə nəzarət etməyə imkan verir. İntizamlı vergi ödəyicisinin müəyyənləşdirilməsi zamanı onlar bu təhlillərin süzgəcindən keçir və biz belə ödəyiciləri mövcud meyarlar üzrə yoxladıqdan sonra müəyyən edirik. İlkin mərhələdə Bakı şəhərində belə tələblərə cavab verən ödəyicilərin sayı 400-ə yaxındır.

Regionlara gəlincə, belə qu­rumların yaradılması ilə bağlı təkliflərin hazırlanması üzərində iş gedir və yaxın vaxtlarda həmin təkliflər də müzakirə olunacaqdır.

- Vergi ödəyicisinin «Şəffaf vergi partnyorluğu» idarəsinin xidmətlərindən istifadə etməsinin faydası nədir? Yəni sahibkarın intizamlı vergi ödəyiciləri sırasına qoşulması ona konkret nə verəcək?

- Hər şeydən öncə, yaddan çıxarmayaq ki, vergi öhdəliyini vaxtında və tam həcmdə ödəmək hər kəsin konstitusiya ilə müəyyən olunmuş vəzifəsidir. Yəni sahibkar öz konstitusiya borcunun həyata keçirilməsi üçün dövlətdən əvəz ummamalıdır.

Ayrı bir məsələdir ki, öz borcunu anlayan, onu vicdanla həyata keçirən vergi ödəyicisinin daha yüksək keyfiyyətli xidmət əldə etməyə, fərdi yanaşmaya əsaslanan yüksək münasibət gözləməyə haqqı var.

«Şəffaf vergi partnyorluğu» idarəsinin qeydiyyata alınacaq vergi ödəyiciləri məhz yüksək səviyyəli xidmət əldə edəcəklər. Buraya, ilk növbədə, vaxt itkisinə yol verilməməsi, qəfil yoxlama və ya vergi nəzarəti tədbirləri ilə üzləşməməsi, sabit vergi planlaması apara bilməsi, vergilərlə bağlı yaranmış çətinliklərinin onunla razılaşdırılmış qaydada həll edilməsi və s. daxildir.

Vergi orqanı belə ödəyicilərin vergitutma ilə bağlı müraciətlərinin prioritet olaraq cavablandırılması, təqdim etdikləri bəyannamələrlə bağlı hər hansı uyğunsuzluq və ya sual yaradan məqam olduğu halda həmin vergi ödəyicilərinin və ya onların nümayəndələrinin iştirakı ilə belə halların qısa müddətdə aradan qaldırılması, onlara ünvanlı xidmətlərin göstərilməsi, onların vergi qanunvericiliyində baş vermiş dəyişikliklərlə bağlı dərhal məlumatlandırılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin birgə müzakirə edilməsi və digər istiqamətlərdə vəzifələri həyata keçirəcəkdir.

Mühüm faydalardan biri kimi bunu da göstərmək olar ki, şəffaf vergi partnyorluğu strukturları tərəfindən xidmət edilən vergi ödəyicilərinin fəaliyyəti üzrə vergi xidmətinin digər strukturları tərəfindən aparılan vergi nəzarəti tədbirləri həmin idarələrlə razılaşdırılacaq və əlaqələndiriləcəkdir. Yəni bu idarə ilə razılaşdırılmamış hər hansı nəzarət tədbiri aparılmayacaqdır.

Şəffaf vergi partnyorluğu idarələrində qeydiyyatda olan ödəyicilərə təhkim olunmuş kuratorlar isə bir növ ödəyicinin çətinliklərinin aradan qaldırılmasında yardımçı rolunda çıxış edəcəklər.

Yeri gəlmişkən, intizamlı vergi ödəyicisi onunla çalışan kontragentlər üçün də vacib tərəfdaşdır. Çünki şəffaf partnyor olmaq hər bir biznes subyektinin etimad və etibarının göstəricisi olacaqdır. 

Dövlət qarşısında öhdəliklərini yerinə yetirən intizamlı vergi ödəyiciləri üçün yaradılan bu şərait onların vergi öhdəliklərini rahat və tez həyata keçirməsinə, yarana biləcək çətinlikləri və problemləri vergi orqanları ilə birgə dərhal aradan qaldırmasına imkan verəcək və digər vergi ödəyicilərinin də vergi öhdəliklərini vaxtında həyata keçirməyə və intizamlı ödəyicilər sırasına qatılmasını stimullaşdıracaqdır.

- Vergilər Nazirliyinin vergi ödəyiciləri ilə partnyorluq və tərəfdaşlıq münasibətlərinin qurulması siyasətini genişləndirmək planları varmı?

- Ölkə Prezidentinin «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi  inzibatçılığının təkmilləşdirilməsi  haqqında» sərəncamında təsdiq edilmiş mühüm istiqamətlər sırasında vergi orqanları ilə vergi ödəyiciləri arasında partnyorluq münasibətlərinin daha da genişləndirilməsi və şəffaflığının artırılması, eləcə də intizamlı vergi ödəyiciləri ilə münasibətlərin daha yüksək səviyyəyə çatdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Qarşıdakı dövrdə bununla bağlı vergi ödəyiciləri üçün bir sıra yeni layihələr də həyata keçiriləcək. «Könüllü vergi açıqlaması» (Voluntary tax disclosnre), «vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması» (Advance tax ruling) və s. kimi müasir institutların vergi qanunvericiliyinə gətirilməsi üzrə işlər aparılır.

Vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi («Advance tax ruling») sistemi inkişaf etmiş ölkələrdə istər fərdi vergi ödəyiciləri, istərsə də iri şirkətlər üçün geniş istifadə edilən alətlərdəndir. Bu zaman vergi ödəyicilərinin müraciəti əsasında vergi orqanları qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin vergi ödəyicisinin əməliyyatları üzrə yarana biləcək vergi öhdəliyi barədə məlumat hazırlayaraq ona təqdim edirlər.

Sahibkarların hər hansı səbəbdən vergi öhdəliklərini düzgün müəyyən etməməsi nəticəsində Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur. Yəni həmin şəxsə maliyyə sanksiyaları və faizlər hesablanır və o, maliyyə sanksiyaları və faizləri ödəməklə dövriyyə vəsaitindən səmərəli istifadə edə bilmir, nəticədə ciddi maliyyə itkiləri ilə üzləşir. Belə halların qarşısının alınmasına kömək edən üsullardan biri də vergi ödəyiciləri tərəfindən aparılması planlaşdırılan əməliyyatlar üzrə vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizminin hazırlanmasıdır.

Vergi öhdəliklərinin hüquqi nəticələr doğurmadan vergi orqanları ilə razılaşdırılması qaydasının müəyyən edilməsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər layihəsi hazırlanıb və təqdim edilib.

Bundan başqa, hər bir vergi ödəyicisinə öz səhvlərini könüllü açıqlamaq şansı da veriləcəkdir. Könüllü vergi açıqlaması, vergi yoxlaması üçün qanunla müəyyən edilmiş müddət bitdikdən sonra, yoxlama zamanı aşkar olunmamış səhvlərin könüllü bəyan edilməsini nəzərdə tutur. Bununla da vergi ödəyicisinin dəqiqləşmiş bəyannamə vermək hüququ yaranacaq və həmin bəyannamə ilə könüllü açıqlanmış vergi məbləğlərinə görə faizlərin hesablanması və maliyyə sanksiyasının tətbiqi istisna ediləcək.

Bütün bunlar vergi ödəyiciləri ilə vergi orqanları arasında münasibətlərin daha şəffaf qurulmasına, vergi ödəyicilərinin hüquqlarının genişlənməsinə, tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə əhəmiyyətli dərəcədə müsbət təsir edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7025
  • € EUR
    1.8495
  • ₽ RUB
    0.0299