BİZNES

Bu milyonçunun yaşam tərzi hər kəsi təəccübləndirir
21 DEKABR 2018
932

Bu milyonçunun yaşam tərzi hər kəsi təəccübləndirir

2018-12-21 17:50:00

Fins.az biznesin müxtəlif sahələrində uğur qazanmış biznes adamlarının uğur heykayəsini təqdim edir.Bu gün Google şirkətinin yaradıcısı və hazırda şirkətin texnologiylar üzrə prezidenti vəzifəəsində çalışan Sergey Brinin uğur heykayəsini təqdim edir.

Sergey Brin – kompyuter biznesinin əfsanəsi, “Google Inc.” şirkətinin yaradıcılarından biri və texnologiyalar üzrə prezidenti, milyarder, hazırda Amerikanın ən zəngin şəxslərindən biridir. Bütün dünyaya öz ağlının məhsulu “Google” axtarış sistemi ilə məşhurlaşan riyazziyatçıdır. Sergey Mixayloviç Brin 1973-ci il avqustun 21-də Moskvada yəhudi ailəsində anadan olub. Atası Mixail Brin riyaziyyatçı, anası Yevgeniya mühəndis olub. Ata Brin SSRİ-də daim zəif antisemitizm ilə üzləşdiyini qeyd edib. 1970-ci illərin sonlarında yəhudi ailələri Sovetlər İttifaqından daimi yaşayış yerlərinə buraxılmağa başlayıblar. Riyaziyyat konqresslərinə görə xaricdə tanışları olan Mixail Brin ailə ilə birgə 1979-cu ilin iyulunda emiqrantlar arasında ön sıralarda olub. Sergey Brinin altı yaşı isə artıq Amerika torpaqlarında tamam olub.

Uşaqlıq və gənclik illəri

Amerikada Sergey Brinin getdiyi ibtidai məktəbdə təhsil Montessori (Paint Branch Montessori School) sistemi ilə aparılıb. O, bu məktəbdəki təhsilini indi həyat uğurunun başlanğıc nöqtələrindən biri hesab edir, ancaq etiraf edir ki, riyaziyyat fənni çox primitiv şəkildə tədris olunduğu üçün bəzən dərslər darıxdırıcı olurmuş. 1980-cı illərin əvvəlində ev şəraitində kompyuter nadir hadisələrdən biri olsa da, Sergey ilk kompyuterini — Commodore 64 — 9 yaşı tamam olanda atası tərəfindən ad günü hədiyyəsi olaraq alıb. Tezliklə həmin dövr üçün qeyri-adi, kompyuterdə hazırlanmış və printerdə çap edilmiş layihə təqdim etməklə Brin məktəb müəllimlərini təəccübləndirə bilib. 1990-cı ildə məktəbi bitirən Sergey Brin atasının riyaziyyat fakültəsində müəllim kimi çalışdığı Merilen Universitetinə daxil olur. “Kompyuter sistemləri və riyaziyyat” ixtisası üzrə “qırmızı” bakalavr diplomunu vaxtından əvvəl alan Brin daha təhsil pulu dərdinə düşməməyə imkan verən nüfuzlu  “National Science Foundation Graduate Fellowship” təqaüdünü qazanır.O, təhsil prosesini ABŞ-ın ən nüfuzlu "ali kompyuter məktəbində" - Stenford universitetində davam etdirib. Bəzi Amerika universitetləri bakalavr diplomlu tələbələrə sənədlərini birbaşa doktoranturaya təqdim edib, təhsil prosesində magistr diplomu almağa imkan verir. Bu yolla universitet istedadlı tələbələri uzunmüddətli tədqiqat layihələrinə “qoşa” bilir, tələbələr isə kənarda qazanc əldə etmək dərdinə düşmür.Brin əvvəldən İnternet Texnologiyaları sahəsində tədqiqatlara, xüsusilə axtarış maşınlarına maraq göstərib. O, strukturlaşdırılmamış mənbələrdən informasiyanın əldə edilməsinə və böyük həcmli mətnlərdə informasiyanın axtarışına həsr olunmış bir sıra işlərin, o cümlədən elmiş işlərin müəllifi və həmmüəllifi olub. Bundan başqa, Brin “TeX” mətn prosesi vasitəsilə tərtib edilən elmi işlərin “HTML” formatına çevirmək üçün proqram təminatı hazırlayıb. Sergey Brinin həyatında həlledici məqam 1995-ci ilin martında baş verib. İnformatika sahəsi üzrə doktorluq dərəcəsi almaq istəyənlərin yaz görüşündə o, gənc alim, sonradan “Google.” şirkətinin prezidentlərindən biri Larri Peyc (Larry Page) ilə tanış olub. Tezliklə məlum olub ki, onların hər ikisini böyük məlumat massivindən informasiyanın çıxarılması problemi maraqlandırır. Sergey və Larri öz kollecləri və yataqxanaları üçün yeni internet axtarış sistemi yaradarkən dostlaşırlar. Əməkdaşlıqda növbəti mühüm addım “Böyük miqyaslı hiper-mətnli internet axtarış sisteminin anatomiyası” (The Anatomy of a Large-Scale Hypertextual Web Search Engine) adlı birgə işin yazılması olub. Deyilənlərə görə, bu elmi işdə onların gələcək möhtəşəm ideyasının əsası qoyulub. Stenford universitetinin elmi işləri arasında bu iş maraq doğurmaq səviyyəsinə görə 10-cu yerdədir. Dostların elmi işləri internet şəbəkəsində yerləşdirilən milyonlarla sənəddən informasiyanın axtarışına aid olub. “İnternetə girəndə biz bürcləri oxumur, tanışlıq saytlarına girmirdik. Bizə axtarışda – həqiqətən insan həyatına təsir edən informasiya maraqlı idi”, - Brin xatırlayır.

Daha sonra gəncləri bir sayt üzrə deyil, bütün şəbəkə üzrə axtarış maraqlandırmağa başlayıb. 1996-cı ilin yanvarında doktorluq dissertasiyasına hazırlaşan Brin və Peyc İnternetdə informasiyanın axtarış metodlarını təkmilləşdirməli olacaq tədqiqat layihəsi üzərində birgə fəaliyyətə başlayırlar. Ən populyar məlumatların çox vaxt ən faydalı məlumat olduğunu başa düşən gənc alimlər hipotez irəli sürüblər. Fərziyyəyə əsasən, veb-saytlar arasında əlaqələri təhlil edən və nəticələri bu və ya başqa səhifənin populyarlığına uyğun sıralayan axtarış maşını mövcud sistemlərdən daha effektli olmalıdır. Məlumat axtarışı üçün ən vacib yüksək relevantlığa malik başqa səhifələrin keçid etdiyi veb-səhifələrdir. Bundan əmin olan Brin və Peyc universitetdə araşdırma işi çərçivəsində bu ideyanın doğruluğunu sübuta yetirmək qərarına gəlirlər.

“Google”-un yaradılması və inkişafı

Beləliklə, axtarış maşınının yaradılmasının əsasını elmi tezisin yoxlanması təşkil edib. Əvvəlcə axtarış sistemi “google.stanford.edu” domeni altında Stenford universitetinin saytında yerləşdirilib. “google.com” domeni isə 1997-ci il sentyabrın 14-ü qeydiyyatdan keçib.“Google” sözünün yaranma tarixçəsi də maraqlıdır. Söz investorların səhvi nəticəsində meydana çıxıb. Belə ki, şirkətə ad seçərkən Brin və Peyc “yüzüncü dərəcədə 10” mənasını verən “googo” sözü üzərində dayanıblar. Lakin layihələrini təqdim etdikləri investorlar çeki səhvən “Google” şirkətinin adına yazıblar.1998-ci ilin birinci yarısında tədqiqatçılar yeni, perspektivli texnologiyanın inkişafı ilə məşğul olmağa başlayıblar. Onlar biznes plan tərtib ediblər və şirkətlərinin yaradılması üçün vəsait axtarışına başlayıblar. Nəticədə ilkin investisiyaların ümumi həcmi təxminən 1 milyon dollar təşkil edib. Vəsait qohum və dostlarla yanaşı, investorlardan tərəfindən də alınıb. Şirkətin ilk ofisi icarəyə götürülmüş qaraj, əməkdaşlarının sayı isə 4 nəfər olub. Halbuki həmin vaxt “Google” sistemi artıq sutkalıq 10000 sorğuya cavab verirdi. Xidmətdən razı qalan istifadəçilərin sayı işıq sürəti ilə artırdı. “Google” kəlməsi ağızdan ağıza ötürülürdü. Biznesin genişləndirilməsi üçün şirkətə vəsait lazım idi. 1999-cu ildə Brin və Peyc vençur kapitalın iki rəqib şirkəti— “Sequoia Capital” və “Kleiner Perkins Caufield & Byers” — eyni zamanda, eyni 25 milyon dollar məbləğində “Google”-u maliyyələşdirməyə razı sala bilirlər. “Google tarixi” (The Google Story) kitabının  həmmüəllifi Devid Vayzın (David Vise) sözlərinə görə, bu, klassik “parçala və hökm et” manevri olub. Manevr şirkət yaradıcılarına istənilən investor tərəfdən ciddi təsir imkanını aradan qaldırmağa şərait yaradıb. Baxmayaraq ki, hər iki şirkətin nümayəndələri direktorlar şurasına daxil olub. 2000-cı illərin əvvəlindən şirkət xüsusi xidmətlər buraxmağa başlayıb. Onların arasında xəbər xidməti, skan edilmiş kitablar üzrə axtarış, coğrafi xəritələrin nümayişi, poçt xidməti olub. 2003-cü ildə “Google Inc.” şirkətinin axtarış sahəsində lider olduğu söylənilir, belə gənc şirkət üçün gözlənilməz gəlir əldə edirdi. Şirkət genişləndiyi üçün ofisi Kaliforniyanın Mauntin Vyu şəhərinə köçürmək lazım gəlir. “Google” komandasının hər bir üzvü iş saatının 20%-ni onun özünü maraqlandıran layihələrə sərf edə bilər. Şirkətin “Gmail”, “Google News” və “orkut” da daxil olmaqla, təqdim etdiyi bir çox xidmətlər bu cür müstəqil araşdırmaların nəticəsində meydana çıxıb. “Google” şirkətinin axtarış məhsulları üzrə vitse-prezidenti Marissa Mayer (Marissa Mayer) hesab edir ki, şirkətdə hazırlanan yeniliklərin yarısı müstəqil yaradıcılığa sərf olunan 20%-in payına düşür. Müntəzəm olaraq yeni internet xidmətlərinin yaradılması və əldə edilməsi sayəsində genişlənən “Google” şirkətinin biznesinin fasiləsiz artımı səhmlərinin qiymətinin sürətlə yüksəlməsinə səbəb olub. “Google Inc.” şirkəti öz fəaliyyətini daim genişlədir. Belə ki, şirkət 2006-cı ilin payızında 1,6 milyard dollara videomaterialların nümayişi üçün nəzərdə tutulan ən məşhur layihə “YouTube” saytını əldə edib. 2008-ci ildə “Google Inc.” şirkətinin bazar qiyməti təxminən 100 milyard dollar məbləğində qiymətləndirilib.2011-ci ildə Brinin şəxsi sərvəti isə 16,7 milyard dollar təşkil edib.

Xeyriyyəçilik fəaliyyəti

Brinin şirkəti nəhəng xeyriyyə investisiyaları ilə məşğul olur. Şirkət rəhbərləri bildirirlər ki, 20 il ərzində bu məqsəd üçün 20 milyard dollar xərclənəcək. Brin xeyriyyəçilik fəaliyyətini filantropiyadan fərqləndirir: “Əksər şirkətlər pul ayırmaqla yaxşı işlər görmək istəyir. Biz isə xeyriyyəçilik fəaliyyəti ilə elə məşğul olmaq istəyirik ki, bu layihələr şirkətin bir hissəsi olsun: bu daha effektlidir”. Sergey Brin Amerikanın aparıcı akademik jurnallarında işıq üzü görən çoxsaylı məqalələrin müəllifidir, həmçinin müxtəlif milli və beynəlxalq elmi, işgüzar və texnoloji forumlarda vaxtaşırı çıxış edir. O, televiziya verilişlərində, mətbuat qarşısında tez-tez çıxış edir, axtarış texnologiyaları və ümumilikdə informasiya texnologiyaları sahəsi ilə bağlı fikirlərini bölüşür.

Brin onun valideynlərindən imtina edən Rusiyanı isə hələ də bağışlamayıb.

Sergey Brinin bioqrafiyası və uğur hekayəsi ilk növbədə elmi bacarığın, yaradıcı axtarışın, cəsarətin, eksperimentlərin və qeyri-standart qərarların Amerika arzusuna doğru yol aça biləcəyini göstərən parlaq nümunədir.Brin müsahibələrindən birində deyib ki, “indiki dövrdə İnternet sahəsində tədqiqatlar aktual görünür və istisna təşkil etmir”. Əslində, Brin və partnyorunun müstəsnalığı onların məşğul olduğu işlə deyil, işlərinə münasibətləri ilə əlaqədardır. Onlar heç bir məsələdə “oxşamağa” çalışmırlar – ABŞ-da 1960-cı illər yayılmış hippi fəlsəfəsini xatırladan məşhur kooperativ “Pislik eləmə” (Don’t be evil) şüarından tutmuş, qeyri-ortodoksal korporativ struktur və filantropiyaya bağlılığa kimi.Sonda Sergey Brinin həyat kredosunu qısa və aydın şəkildə ifadə edən bir ifadəsini təkrarlamaq yerinə düşər: “Aydındır ki, hər kəs müvəffəqiyyət qazanmaq istəyir. Ancaq mən istəyirəm ki, mənim haqqımda böyük novator, yüksək əxlaqi dəyərlərə malik, etimada layiq insan və ən nəhayət, bu dünyaya böyük dəyişikliklər gətirmiş şəxs kimi düşünsünlər”.

Müəllif:Aynur Qəniyeva

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266