BİZNES

Azərbaycan xarici investisiya həcminə görə regionda lider dövlətdir
26 NOYABR
96

Azərbaycan xarici investisiya həcminə görə regionda lider dövlətdir

2018-11-26 15:14:00

Avropa İttifaqının “PwC” və “Deloitte” şirkətlərinin Azərbaycanda apardığı son sorğuların nəticələrinə görə, ölkəmizdə biznes mühitinin daha da təkmilləşdirilməsi və investorların gözləntilərinin yaxşılaşması müşahidə edilir. Xüsusən də xarici investorların respublikamızda aparılan iqtisadi siyasətə inamı və etimadı getdikcə güclənir. Çünki investorlar üçün vacib olan iqtisadiyyatın proqnozlaşdırma səviyyəsi dinamik şəkildə yüksəlir. Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması, “Yeni Əsrin Müqaviləsi”nin imzalanması və Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması ilə ölkəmizə milyardlarla dollar həcmində yeni sərmayəlar yatırılacağı da gözlənilir.

Xatırladaq ki, son 15 ildə ölkə iqtisadiyyatına bütün mənbələrdən 236 milyard ABŞ dolları dəyərində investisiya yatırılıb. Bunun 118 milyard dolları, yəni 50 faizi xarici investisiyaların payına düşür. Azərbaycan hər nəfərə düşən xarici investisiya həcminə görə regionda lider dövlətdir.

Azərbaycanın bugünkü həyatının ən vacib məqamlarından biri də odur ki, o, artıq investisiya yatırılan ölkədən sərmayə qoyan ölkəyə çevrilib. Xaricə yönəldilən birbaşa investisiyaların həcmi isə son 15 ildə 19 milyard dollardan çox olub.

Əlverişli biznes mühiti və infrastruktur, makroiqtisadi sabitlik, dövlət dəstəyi, yeni iqtisadi artım nöqtələrinin müəyyənləşməsi, iqtisadiyyatın proqnozlaşdırılma səviyyəsinin artması, həmçinin bazarlara yaxınlıq xarici sərmayənin cəlbi üçün münbit zəmindir. Azərbaycandan dünya istehlakçılarının yarısını əhatə edən 50 ölkəyə uçuş 4 saat civarındadır. Azərbaycanın 1,6 trilyon dollarlıq ÜDM-ə malik bazarlara azad ticarət sazişləri ilə çıxışı var. Bu günlərdə “The Economist Intelligence Unit”in dərc etdirdiyi “Qlobal Yaşam İndeksi Hesabatı”nda Bakı dünyanın yaşam şərtləri yüksək olan şəhərləri sırasına daxil edilib.

Şimal-Cənub və Şərq-Qərb dəhlizləri üzərində şaxələnmiş nəqliyyat-logistika infrastrukturu ölkəmizin inteqrasiyasına yeni imkanlar açır. MDB-də ən rəqabətədavamlı iqtisadiyyatı quran Azərbaycan dünyada m-rezidentlik təklifini bildirən ilk və e-rezidentlik təqdim edən ikinci ölkədir. Bütün deyilənlər isə Azərbaycana xarici sərmayə cəlbini sürətləndirir. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsi respublikamızı nəqliyyatlogistika qovşağına çevirib. Belə şaxələndirilmiş infrastruktur imkan verir ki, ölkədə ixracyönümlü və rəqabətqabiliyyətli iqtisadiyyat inkişaf etsin. Ələt qəsəbəsində Azad İqtisadi Zonanın Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Cənubi Rusiya və Türkiyənin daxil olduğu 130 milyon insanın yaşadığı bir bazara xidmət göstərməsi planlaşdırılır. Eyni zamanda, Azərbaycan özünün zəngin karbohidrogen ehtiyatları ilə regionun enerji təhlükəsizliyində aparıcı rolunu oynayır.

Azərbaycanda aparılan iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlı həyata keçirilən tədbirlərdir. İnvestisiya təşviqi sənədi almış hüquqi şəxslərin və sahibkarların mənfəəti və gəlirinin 50 faizi vergidən azad edilib, habelə onlar əmlak və torpaq vergisindən, idxal etdikləri texnika, texnoloji avadanlıq, qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinə azad olunub. Ölkədə xarici investisiyaların qorunması istiqamətində də kompleks tədbirlər həyata keçirilib. Yeni təşkil olunmuş sənaye parkları və məhəllələrində aqroparklar və texnoparklarda nəinki yerli biznes, eləcə də xarici sərmayələr üçün əlverişli biznes mühiti və infrastruktur imkanları yaradılıb. Qanunvericilik beynəlxalq tələblərə uyğunlaşdırılıb, ölkədə biznes sistemi asanlaşdırılıb, miqrasiya ilə bağlı köklü islahatlar aparılıb, xarici iş adamlarına elektron rezident olmaq imkanı verilib.

Azərbaycanın əlverişli investisiya imkanları gələn il üçün hazırlanan büdcə zərfində də öz ifadəsini tapıb. Sənəddə qeyd edilir ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi növbəti illərdə əsas iqtisadi prioritetlərdən olacaq. Ölkə iqtisadiyyatının inkişafına yönəlmiş investisiya qoyuluşlarnın artımı 2019-cu ildə də davam edəcək.

 

 

Xatırladaq ki, bu ilin dövlət büdcəsində əsas kapitala yönəldilən investisiyaların həcmi 15,9 milyard manat idi. Gələn il üçün isə bu məbləğin artaraq 17,9 milyard manat olması proqnozlaşdırılır. Bunun 58,1 faizi daxili investisiyaların, 41, 9 faizi xarici investisiyaların payına düşür. Büdcə zərfində qeyri-dövlət investisiyalarının həcmi də göstərilib. Bu rəqəm 8,9 milyard manat olmaqla, ümumi investisiyaların 50 faizini təşkil edəcək.

Sonda əlavə edək ki, bu ilin 9 ayında ölkə iqtisadiyyatına 9 milyard dollar investisiya qoyulub. Bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna yatırılıb. 9 ayda xarici ticarət dövriyyəsi 37 faiz, qeyri-neft ixracı isə təxminən 14 faiz artıb.

Dövlət büdcəsində investisiyaların həcmi ilə bağlı nəzərdə tutulan artım və builki göstəricilər onu deməyə əsas verir ki, 2019-cu ildə də dayanıqlı və tarazlı inkişafın təmin olunmasında iqtisadiyyata investisiyaların cəlb edilməsi xüsusi rol oynayacaq.

 

xalqqazeti.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255