BİZNES

Azərbaycan iqtisadiyyatına yeni töhfələr verəcək layihə
20 AVQUST
143

Azərbaycan iqtisadiyyatına yeni töhfələr verəcək layihə

2018-08-20 13:29:00

Hindistan – İran – Azərbaycan – Rusiya – Latviya marşrutu ilə ancaq konteynerlər daşınacaq

2018-ci ilin may -- avqust ayları Azərbaycan iqtisadiyyatı üçün bir neçə cəhətdən əlamətdar oldu. Mayın 14-də reallaşdırılan yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının açılışından avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusunu müəyyən edən konvensiyanın imzalanmasınadək olan üç ayda ölkə iqtisadiyyatının perspektivini təmin edəcək ona qədər mühüm xəbərin şahidinə çevrildik.

Həmin xəbərlərdən biri də iyulun 29-da yayıldı. Kütləvi informasiya vasitələri məlumat verdilər ki, “Şimal--Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində fəaliyyət göstərəcək, amma sırf konteyner daşımaları üçün nəzərdə tutulan Hindistan--İran--Azərbaycan-- Rusiya--Latviya multimodal marşrutu yaradılacaq. Latviya Nəqliyyat Nazirliyindən bildiriblər ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi "Latviya Dəmir Yolları" QSC qismində Latviyanın logistika sahəsinin prioritetləri siyahısına daxildir. Məlumatda deyilir: "Mütəmadi konteyner əlaqəsinin təmin edilməsi üçün Hindistan-- İran--Azərbaycan--Rusiya--Latviya multimodal marşrutu yaradılır. Təklif olunan logistik qərarın Hindistandan Avropaya effektiv, etibarlı və sürətli yük axınını təmin edəcəyi nəzərdə tutulur. Latviyanın logistik xidmətləri və üstünlüklərindən istifadə etməklə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi istiqamətində Baltika və Şimali Avropa, eləcə də Şərqi və Qərbi Avropa regionu ölkələrinə çıxış yaranır". Əlavə edilir ki, Latviya Azərbaycanı Avrasiya məkanında yeni nəqliyyat marşrutlarının inkişafı baxımından çox mühüm tərəfdaş hesab edir. Çünki Azərbaycandan iki çox vacib beynəlxalq nəqliyyat dəhlizi keçir – Hindistan, İran, Azərbaycan, Rusiyanın şimal-qərbi və Baltik dənizi regionunu birləşdirən "Şimal-Cənub" dəhlizi, həmçinin Yeni İpək Yoluna daxil olan, Xəzər və Qara dəniz regionları arasında strateji əlaqə yaradan TRASEKA – Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi. Bununla əlaqədar olaraq, Latviyada hesab edirlər ki, Azərbaycanın yükdaşımanın inkişafı baxımından əla perspektivləri var. İranla dəmir yolu xəttinin inkişafı "Şimal-Cənub" dəhlizini möhkəmləndirəcək, artıq istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu isə Şərq-Qərb istiqamətini inkişaf etdirəcək. Bundan başqa, Azərbaycanla Latviya arasında logistik tədarük zəncirinin inkişafı üçün yeni imkanlar Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü də inkişaf etdirə bilər. Belə ki, Latviya Azərbaycana Şimal-Cənub və Şərq-Qərb istiqamətlərindəki logistik marşrutlarını öz dəmir yolları və limanları vasitəsilə Şimali və Qərbi Avropa bazarlarına çıxış əldə etməklə təkmilləşdirməyi təklif edə bilər. Yeri gəlmişkən, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun başçılığı ilə Riqada səfərdə olan Azərbaycan nümayəndə heyəti iyulun 24-də Latviyanın Azərbaycanla əməkdaşlıqda marağı olan iri şirkətlərinin rəhbərləri ilə görüşmüşdü. Nazir müavini riqalı tərəfdaşlarımıza Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə yaradılmış əlverişli biznes mühiti, mövcud potensial və investisiya imkanları barədə məlumat verib. Eyni zamanda, latviyalı biznesmenlər ölkəmizə səfərə gəlməyə, Azərbaycanda yaradılmış sənaye parklarından, sənaye məhəllələrindən və aqroparklardan istifadə etməyə dəvət olunub. Onlar, habelə təklif edilən güzəştlərlə iqtisadi fəaliyyətin müxtəlif növləri ilə məşğul ola bilərlər. Azərbaycan nümayəndə heyətinin Latviyanın nəqliyyat naziri, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının həmsədri Uldis Auqulis ilə görüşündə latviyalı nazir deyib ki, nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq iqtisadi proseslərlə sıx bağlıdır. U.Auqulis qeyd edib ki, Riqada Azərbaycan Ticarət evinin açılması ikitərəfli əməkdaşlığa yeni təkan verib. O, əmin olduğunu bildirib ki, Ticarət evi inkişaf etdikcə, ölkələrimiz arasında daşımaların həcmi artacaqdır. Azərbaycan mallarının Avropa İttifaqı bazarına ixracı üçün nəqliyyat logistikası sahəsində azərbaycanlı sahibkarlara Latviyanın tranzit dəhlizinin – limanların, dəmir yollarının, aeroportun, avtonəqliyyatın imkanlarından istifadə etmək təklif olunub. Qeyd edilib ki, Azərbaycanın Avropa ölkələrinə göndərilən xarici ticarət yüklərinin saxlanması və emal edilməsi məqsədilə Latviya ərazisində yeni nəqliyyat–logistika mərkəzləri, terminallar və anbarlar yaratmağa geniş imkanlar var. Azərbaycan nümayəndəsinin fikrincə isə bu Avropa şəhərində Azərbaycan Ticarət evinin açılması Riqa ilə Bakı arasında ticari-iqtisadi əməkdaşlığı genişləndirməyə qarşılıqlı marağı əks etdirir. Bildirilib ki, qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan AzərbaycanLatviya əlaqələri strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf edir. Xatırladaq ki, bu ölkələr arasında diplomatik əlaqələr 1994- cü il yanvarın 11-də qurulmuşdur. Azərbaycanın Latviyada səfirliyi 2005-ci ildə fəaliyyətə başlamışdır ki, bu həm də Azərbaycanın Baltikyanı ölkələrdəki ilk səfirliyidir. Latviyanın Azərbaycandakı səfirliyi isə 2006-cı ildə fəaliyyətə başlamışdır. Ölkələr arasında yüksək səviyyədə əlaqələr mövcuddur. Azərbaycan Latviya ilə əməkdaşlığa həm də regional təşkilatlar, o cümlədən Baltik-Qara dəniz-Xəzər hövzəsi regionunda inteqrasiya proseslərinin intensivləşdirilməsi üçün Baltik Dənizi Dövlətlərinin Şurası çərçivəsində xüsusi əhəmiyyət verir. Latviya Azərbaycanı Avropanın enerji resursları ilə təchizatında Qara dəniz-Xəzər regionunun əsas ölkəsi hesab edir. Bundan başqa, rəsmi Riqa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Azərbaycan – Latviya münasibətləri haqqında söz açan rəsmi məlumatlarda deyilir ki, bu dostluq tarixi köklərə əsaslanır. Belə ki, hələ ötən əsrin əvvəllərində Azərbaycanla Latviya arasında geniş siyasi, iqtisadi və mədəni təmaslar qurulmuş, iki ölkənin dövlət müstəqilliyinə qarşılıqlı dəstək ifadə edilmişdir. Bu il hər iki ölkə dövlət müstəqilliyinin 100 illiyini qeyd etdi. Dövlət müstəqilliyimizin bərpa edilməsindən sonra isə ikitərəfli münasibətlərimizin tarixində yeni səhifə açılıb, siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə əlaqələri uğurlu inkişaf yoluna qədəm qoyub. Həm Bakıda, həm də Riqada bugünkü ikitərəfli siyasi əlaqələr yüksək qiymətləndirilir. Qeyd etməliyik ki, ölkələrimiz arasında Avropa strukturları, Şərq Tərəfdaşlığı və digər beynəlxalq platformalarda sıx əməkdaşlıq həyata keçirilir. Ümumilikdə, indiyə qədər ölkələrimiz arasında 40 sənəd imzalanmışdır. Latviya Respublikasının sabiq prezidentləri -- xanım VayraVike Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Valdis Zatlers isə həmin mərkəzin üzvüdür. Son dövrdə ikitərəfli əməkdaşlığın inkişaf dinamikası həm yüksək siyasi təmasların artması, həm də iqtisadi-ticari, mədəniyyət, turizm, idman və digər sahələrdə əlaqələrimizin təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buna 2017-ci ilin mart ayında Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin V Qlobal Bakı Forumu çərçivəsində Azərbaycana, həmçinin iyul ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasına rəsmi səfərlərini misal göstərmək olar. Qeyd edilən səfərlər zamanı keçirilmiş yüksək səviyyəli görüş və müzakirələrdə ikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimizin təşviqinə qarşılıqlı maraq ifadə edilmiş və əhəmiyyətli razılaşmalar əldə olunmuşdur. Xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Latviya Respublikasına səfəri zamanı iki ölkə arasında nəqliyyat, tikinti və təhsil sahələrində əməkdaşlığa dair sazişlərlə yanaşı, “Strateji tərəfdaşlığın yaradılması haqqında birgə Bəyannamə”nin imzalanması ikitərəfli əlaqələrin əhəmiyyətini bir daha nümayiş etdirir. Ölkələrimiz beynəlxalq ŞimalCənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində də əməkdaşlığa xüsusi maraq göstərir və hazırda bu istiqamətdə davamlı iş aparırlar. Həmçinin biznes və sərmayələrin qarşılıqlı təşviqi istiqamətində fəaliyyətimiz davam edir. Hazırda iki ölkə arasında iqtisadi, elmitexniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir və 2017-ci ilin iyun ayında Bakıda komissiyanın 7-ci iclası keçirilmişdir. İclasda Latviya tərəfindən komissiyanın həmsədri, yollar naziri Uldis Auqulis iştirak etmişdir. İclas zamanı bir sıra iqtisadi məsələlər barədə vacib qərarlar qəbul edilmişdir. Latviya Azərbaycanla əczaçılıq, yeyinti sənayesi, metal emalı, yaşıl texnologiyalar, kənd təsərrüfatı, tikinti, turizm, nəqliyyat və tranzit sahələrində əməkdaşlığa maraq göstərir. Hazırda Azərbaycanda tikinti, xidmət, sənaye, rabitə, nəqliyyat, ticarət, bank və sığorta sahələrində 40-a yaxın Latviya şirkəti fəaliyyət göstərir. Həmçinin müasir logistika, tranzit və regional bazarlara çıxış imkanları baxımından əlverişli coğrafi məkanlarda yerləşən Azərbaycan və Latviya müvafiq olaraq Cənubi Qafqaz və Baltik regionunda strateji əməkdaşlığa böyük maraq göstərir. 2017-ci ilin oktyabr ayında MDB və Baltik ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası çərçivəsində iki ölkənin sərnişin və yük daşımaları sahəsində əməkdaşlığının inkişafına qərar verilmişdir. Latviya Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən də istifadə etmək niyyətindədir. Həmçinin Latviya “ZUBR” dəmir yolu xətti layihəsi üzrə də Azərbaycanla əməkdaşlığa və İpək Yoluna qoşulmağa maraq göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255