BİZNES

Yarım ildə 50 ölkədən ixrac sifarişi daxil olub – MƏBLƏĞLƏR
17 İYUL
376

Yarım ildə 50 ölkədən ixrac sifarişi daxil olub – MƏBLƏĞLƏR

2017-07-17 14:45:00

2017-ci ilin ilk 6 ayında qeyri-neft sektoru üzrə 738 milyon ABŞ dolları məbləğində ixrac olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Fins.az-a verilən məlumata görə, bu müddətdə ixrac əməliyyatlarında 1 157 subyekt iştirak edib.

2016-cı ilin ilk 6 ayına nisbətən 2017-ci ilin müvafiq dövründə qeyri-neft sektoru üzrə ixrac 27% artıb.

İxracda ilk yeri Rusiya tutur

2017-ci ilin 6 ayı ərzində ən çox məhsul Rusiyaya ixrac edilib - 274 milyon dollar. Türkiyəyə 144 milyon dollar, Gürcüstana 68 milyon dollar, İsveçrəyə 67 milyon dolları və Türkmənistana 33 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Ən çox nə ixrac edilib?

2017-ci ilin iyun ayında isə qeyri-neft sektoru üzrə 421 subyekt tərəfindən 181 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib.

İyun ayı üzrə ixrac olunan əsas mallar pomidor, qızıl, albalı, kartof, şəkər və s.-dir. 2017-ci il üzrə 6 aylıq məlumatların təhlilindən aydın olub ki, qeyri-neft sektoru üzrə ixracda ilk yeri tomat (pomidor) (121 milyon ABŞ dolları), ikinci yeri qızıl (50,9 milyon ABŞ dolları), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (48,4 milyon ABŞ dolları) tutur.

50 ölkədən 192.7 milyonluq sifariş

Azexport.az” portalının “İxrac İcmalı”nda qeyd edilir ki, 2017-ci ilin 6 ayı ərzində portala dünyanın 50 ölkəsindən 192.7 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. “Azexport.az” portalına təkcə iyun ayında daxil olan ixrac sifarişlərinin dəyəri may ayı ilə müqayisədə 3.2 dəfə çox olub. Belə ki, “Azexport.az” portalına 2017-ci ilin yanvar ayında 48 milyon dollar, fevralda 6.5 milyon dollar, martda 27 milyon dollar, apreldə 29.9 milyon dollar, mayda 19 milyon dollar, iyunda isə 62.3 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub.

Bu ölkə Azərbaycanın qida məhsulları ilə maraqlanır

Ümumilikdə götürdükdə 2017-ci ilin 6 ayı ərzində “Azexport.az” portalına ən çox sifariş Rusiya Federasiyasından daxil olub. Portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (19%), Ukrayna (9%), Türkiyə (7%), Səudiyyə Ərəbistanı (6%) və ABŞ-ın (5%) adı var.

2017-ci ilin iyun ayında ilk dəfə portala İsveç, Maldiv adaları, Kolimbiya, Əfqanıstan, Seneqal kimi ölkələrdən də sifarişlər daxil olub. İyun ayında Azərbaycanın qida məhsulları ilə əsas maraqlanan ölkələrdən biri isə Qətər olub. Bu ölkənin qida məhsulları idxal edən 6 şirkətinə müvafiq məlumatlar təqdim edilib.

İyun ayında sifariş edilən məhsullar üzrə rəqəmləri təhlil etdikdə aydın olur ki, mahlıca, pambıq yağına, pomidora, şəraba, nar şirəsinə, albalı şirəsinə, badımcana, biyan kökünə, fındıq ləpəsinə, almaya, yerkökünə, pambıq toxumuna, tibbi tənzifə, qənnadı məhsullarına sifarişlər üstünlük təşkil edir.

Bu məhsullar içərisində mahlıca, pomidora, yerkökünə, badımcana, fındıq ləpəsinə, almaya daxil olan sifarişlərin dəyəri milyon ABŞ dollarından çox olmuşdur. Kənd təsərrüfatı mallarına (mahlıca, pomidora, yerkökünə, badımcana, fındıq ləpəsinə, almaya, yerkökünə) əsas sifarişlər Rusiya Federasiyasından daxil olub.

Onu da qeyd edək ki, iyun ayındakı ixrac sifarişçilərin yarıdan çoxu birbaşa “Azexport.az” portalı vasitəsiylə reallaşıb. Bu isə bir daha Azexport.az portalının getdikcə dünya miqyasında daha çox tanındığının göstəricisidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293