BİZNES

Türkiyədən gələn mallar ucuzlaşacaq
23 NOYABR
1975

Türkiyədən gələn mallar ucuzlaşacaq

2016-11-23 11:58:00
Lirənin ucuzlaşması Türkiyədən Azərbaycana idxal olunan məhsulların maya dəyərinin azalması deməkdir. 
Fins.az-ın verdiyi məlumata görə, bu haqda iqtisadçı-ekspert Rəşad Həsənov söyləyib:
"Hazırda Azərbaycan bu məsələdə daha avantajlı mövqeyə malikdir. O baxımdan ki, Türkiyədən Azərbaycana idxal kifayət qədər çoxdur. Xüsusilə, yüngül və yeyinti sənayesi məhsulları sahəsində. Bu məhsulların maya dəyərinin aşağı düşməsi, son nəticədə daha aşağı qiymətlərlə satışın təşkili nəticəsində əhalinin onsuz da zəifləmiş istehlak qabiliyyətində müəyyən dirçəlişə səbəb ola bilər".
"Türkiyə iqtisadiyyatı bu kimi dalğalara alışıb. Türkiyədə bu, ilk dəfə deyil baş verir. Türkiyə öz məhsullarını uzun müddətli dövrdə anbarlarda saxlamayacaq. Lirənin ucuzlaşması Türkiyənin ixrac imkanlarını genişləndirir. O cümlədən Türkiyədən Azərbaycana daxil olan məhsulların maya dəyərini aşağı salır. Digər bir məsələ odur ki, bu gün Türkiyədə biznes sahəsində, əmək bazarında sıravi işçi kimi fəaliyyət göstərən azərbaycanlılar çoxdur. Lirənin ucuzlaşması son nəticədə həmin insanların gəlirlərinə mənfi təsir göstərə bilər", — mütəxəssis bildirib.
Digər iqtisadçı-ekspert Natiq Cəfərlinin dediyinə görə, "Türkiyədən gələn məhsulların qiymətinin artması ehtimalı var. Çünki, lirə ilə satış həyata keçirilsə də, müəyyən itkilərini qarşılamaq üçün istehsalçılar qiymətlərin artırılmasına üstünlük verirlər. Azərbaycan manatının da dollar qarşısında son vaxtlar zəifləməsini nəzərə alsaq, bu baxımdan Türkiyədən gələn məhsulların Azərbaycan manatı ekvivalentində daxili bazarda satış qiymətlərində artım müşahidə olunacaq".
"Türkiyədən gələn məhsulların yaxın gələcəkdə qiymətinin artmasını müşahidə edəcəyik. Bunun da bir həddi var. Çünki, Azərbaycanda alıcılıq qabiliyyəti də xeyli dərəcədə zəifləyib. Qiymətlərin kəskin artması iş adamlarına da ciddi şəkildə sərf etməyəcək. Çünki, gətirdikləri məhsulların satışında problemlər yaşanacaq. Ona görə də bir müddət çalxalanmalar, qiymətdə ciddi fərqlər yaransa da, bir müddətdən sonra qiymətlərdə müəyyən stabillik yaşanacaq". 
Bununla belə, o düşünür ki, gələn ildən etibarən ticarət dövriyyəmizdə zəifləmə müşahidə olunacaq: "Alıcılıq qabiliyyəti aşağı düşdükcə, Azərbaycan manatı da zəiflədikcə, Türkiyədən gətirilən məhsulların həcmi azalacaq".
 
Mənbə:Sputnik
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272