BİZNES

CEO-ların çoxu “Çoxuşaqlı Nəsil”in nümayəndələridir – MARKETİNQ NƏSİLLƏRİ
17 AVQUST
239

CEO-ların çoxu “Çoxuşaqlı Nəsil”in nümayəndələridir – MARKETİNQ NƏSİLLƏRİ

2016-08-17 11:12:00

Marketoloqlar istehlakçıları müxtəlif kriteriyalara əsasən dəyərləndirərək xüsusi qruplarda toplayıblar və toplamaqda da davam edirlər. Bu kriteriyalardan bir neçəsi də hədəf kütləsinin kimliyi, məhsula münasibəti və davranışına əsaslanır. “Marketinq nəsilləri” (Marketing Generation) kimi adlandırılan bu qrupların hər birinin xüsusiyyətlərini ayrılıqda bilməklə hədəf müştərilərlə daha asan əlaqə yaratmaq mümkündür. Hədəf müştəri kütləsinə uyğun reklam kampaniyalarından tutmuş, məhsul konseptlərinə qədər hər bir marketinq elementi indi daha asan və daha effektivdir.

Bu nəsillər, onların fərqli və istehlak xüsusiyyətləri ilə qısaca aşağıda tanış olmaq mümkündür. İstehlakçıların “Marketinq Nəsilləri” kimi bu cür qruplaşdırılmasında əsas kriteriyalar kimi insanların yaşam xüsusiyyətləri, yemək, iş həyatları, ictimai və istehlak xüsusiyyətləri nəzərə alınmışdır.

  •          Səssiz Nəsil (The Silent Generation)

Buraya 1925 – 1945-ci illər arasında dünyaya gələnlər daxildir. “Müharibə Nəsli” olaraq da xatırlanan bu nəslin nümayəndələri iki dünya müharibəsinə şahidlik ediblər. Eyni zamanda Böyük İqtisadi Böhran (1929-1933) da bu dövrdə baş vermişdi. Bu nəslin nümayəndələri həm işlərinə, həm də ailələrinə sadiqdirlər və risksiz yaşamağa üstünlük verirlər.

  •          Çoxuşaqlı Nəsil (Baby Boomers)

Buraya 1945 – 1965 illəri arasında dünyaya gələnlər daxildir.  Bu nəslin nümayəndələri 1950-ci illərdən sonrakı artan doğumlar nəticəsində ortaya çıxan nəsildir. Bu nəslin nümayəndələri sadiq, tənqidi xoşlamayan və rəqabətmeyillidirlər. Müxtəlif mənbələrə nəzər saldığımız zaman, (dünya üzrə) bu nəslin nümayəndələrinin fərdiyyətçiliyə önəm verdiyini görərik. Amma Azərbaycanda həmin illərdə sosialist iqtisadi idarəetmə sistemi mövcud idi və dolayısı ilə bu sistemin mövcud olduğu ölkələrdə, o cümlədən, Azərbaycanda kollektivçiliyin daha çox ön planda olduğunu qeyd etmək yanlış olmazdı.

  •          X Nəsli (Generation X/ Baby Busters)

Buraya 1965 – 1980 illəri arasında dünyaya gələnlər daxildir. Bu illərdə dünyadakı qütbləşmələr və sosial-iqtisadi krizlər bu nəslin nümayəndələrinə də təsir göstərmişdi. İşsizlik problemləri ilə çox üz-üzə qaldıqları üçün işlərinə bağlı olurlar və az iş dəyişdirməyə meyillidirlər. Buna görə də riski xoşlamayan, ancaq yeniliklərə qismən də olsa açıq bir nəsildir. Bundan başqa, təhsilin önəm kəsb etdiyi bu nəslin insanları texnologiya ilə sonradan tanış olublar.

  •          Y Nəsli (Generation Y/ Echo Boom)

Buraya 1980 – 2000 illəri arasında dünyaya gələnlər daxildir. Bu nəslin nümayəndələrini iki sözlə izah etmək lazımdırsa, bu sözlər “müstəqillik” və “texnologiya” olardı. Bu nəslin nümayəndələri informasiyanı daha tez əldə edirlər və texnologiyanı çox yaşı istifadə edirlər. Bu da təhsil səviyyələrinin daha yaxşı, araşdırma imkanlarının çox olması ilə əlaqədardır. Düşüncələrini açıqca ifadə edən bu nəsil, hər zaman yeniliklərə açıqdırlar. Bundan başqa bu nəslin nümayəndələrinin əsas xüsusiyyətlərindən biri də yalnızlıq və özlərinə çox güvənmələridir.

  •          Z Nəsli (Generation Z)

Buraya 2000 – 2010-cu illərdə dünyaya gələnlər daxildir. Bu nəslin nümayəndələri internet texnologiyası, sosial media və mobil cihazlarla xatırlanmaqdadırlar. Çünki bu nəslin nümayəndələri texnologiya ilə bərabər böyüyüblər: əllərinə oyuncaq yerinə, mobil telefon və ya planşetlər verilib. Bununla da oyuncaq yerinə internet və informasiya texnologiyalarından iradi və qeyri-iradi olaraq istifadə etməyə başlamış və beləliklə kreativ, ünsiyyətcil xüsusiyyətlərini qazanmışlar. Bu nəslin nümayədələri digər nəsillərin nümayəndələri ilə mübahisə edərkən, özlərini daha üstün hesab edirlər. Eyni zamanda tez qərar dəyişdirən bu nəslin brendlərə sadiqliyi də azdır.

  •          Alfa Nəsli (Generation Alpha)

Buraya 2010 ilindən sonra dünyaya gələnlər daxildir. Bu nəsil haqqında çox infomasiya əldə etmək çətindir. Amma qeyd etmək lazımdır ki, bu nəslin nümayəndələri hər şeyin internet və mobil cihazlar üzərindən onlayn olmasını istəyirlər.

Qeyd etmək lazımdır ki, ədəbiyyatlarda bu qruplandırmaların daha geniş versiyalarına da rast gəlinir. Məsələn, bəzi mənbələrdə Y Nəslinin bitmə ili 1977, Z Nəslinin başlama ili isə 2003 kimi verilməkdədir. Ortada qalan bu (1977-2003) dövrdə dünyaya gələnləri isə Millenium Nəsli (Millenium Generation) adlandırırlar. Bundan başqa, Səssiz Nəsildən (Silent Generation) öncəki nəsillərin kateqoriyalaşdırılmasına da rast gəlmək mümkündür.

Z Nəsli dünyaya gəldiyi andan etibarən istehlakda yer alsa da, istehsal və idarəçilikdə hələ də söz sahibi deyil. Buna görə də aktiv olaraq daha çox Y Nəslinin nümayəndələri üstünlük təşkil edir. Hazırda dünyadakı CEO-ların çoxu isə “Çoxuşaqlı Nəsil”in (Baby Boomers) nümayəndələridir.

Bu nəsillərin istehlak xüsusiyyətlərini bilmək firmalara/ brendlərə öz hədəf kütlələrini düzgün təyin etməyə, onlarla daha rahat və tez əlaqə yaratmağa, müştəri əlaqələrini ona uyğun təşkil etməyə imkan verir. Bunun üçün də firma və brendlərin marketinq araşdırmaları zamanı bu kateqoriyaların xüsusiyyətləri də nəzərə alınır.

Bəhman Hüseynli
Magistrant, İstanbul Üniversiteti
Magistrant, Marmara Ünivesiteti
ideamanbahman.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275