BİZNES

Marketlər hökumətə «ƏDV müharibəsi» elan edib
02 İYUN
780

Marketlər hökumətə «ƏDV müharibəsi» elan edib

2016-06-02 17:37:00

Azərbaycanda iri supermarket şəbəkələrinin yerli istehsalçı şirkətlərə qarşı qeyri-rəsmi «sanksiyaları» davam edir. Fins.az-ın məlumatına görə, bəzi iri şəbəkələr guya baha başa gəlməyinə görə, yerli istehsalçıların məhsullarını satmaqdan imtina edirlər. Bir qədər əvvəl bu münasibətlə toyuq əti istehsalçısı olan «Səba» şirkəti üzləşmişdi. Növbəti belə şirkət “Ketchi” firması olub.

Eləcə də bax: Bəzi marketlər «Səba» toyuqlarını satmaqdan imtina edib

Paytaxtakı 2 iri supermarketlər şəbəkəsi Azərbaycana keçi südü istehalı ilə məşğul olan yeganə şirkət –“Ketchi” firmasının məhsulları satmaqdan imtina edib. Bunlar “Makromart” və “Bizim market” satış şəbəkələridir.

«Günahımız odur ki, ƏDV-dən azadıq»

Problemlə bağlı Fins.az-a açıqlama verən «Ketchi» firmasının brend meneceri Fuad Balakişiyev imtinanın səbəbini belə izah edib: «Biz ölkədə yeganə keçi ferması yaradan və inkişaf etdirən şirkətik. Ölkə başçısının məlum tapırıqlarından sonra kənd təsərrüfatı sektorunda çalışan şirkətlərə vergi güzəştlərinin tətbiqi “Ketchi”yə də şamil edildi. Bundan sonra bizim istehsal etdiyimiz məhsullar ƏDV-dən azad edildi.  İndi marketlər kənd təsərrüfatı məhsullarının satarkən  ƏDV-ni özləri ödəməli olurlar».

«ƏDV-ni özünüz ödəyin»

Maraqlıdır ki, ticarət şəbəkələri satışların dayandıpılması ilə bağlı istehsalçıya yazılı izahat verməyi lazım bilməyiblər, onu sadəcə şifahi surətdə xəbərdar ediblər. «Həmin marketlər bu barədə bizə rəsmi sənəd təqdim etməyiblər. Sadəcə şifahi formada bildirdilər ki,  ya ƏDV-ni özünüz ödəyin, ya da məhsullara əlavə olaraq 20 faiz endirim edin.  Biz də razılaşmadıq»-deyə istehsalçı firmanın nümaynədəsi vəziyyəti izah edib. Yazılı sənədin olmaması şirkətə suparmerketlərlə bağlı hər hansı addım atmağa da imkan vermir. 

«Ketchi» gəlirlərini itirir

Qeyd edək ki, “Ketchi” əsas 2 məhsul – “Qarabağ motal pendiri” və “Bəyaz pendir” brendlərini alıcılara təqdim edir. Əsasən paytaxtdakı satış şəbəkələrində satılan həmin məhsullardan  regionlarda çox az sayda tapmaq mümkündü. F. Balakişiyev bildirib ki, şirkət hələlik ancaq Mingəçevir, Gəncə və Bərdədə məhsulların satışını təmin edə bilib. 

Şirkət rəsmisi bildirib ki, iri supermarketlərin “Ketchi” məhsullarını satmaqdan imtina etməsi hələlik onların gəlirlərinə  ciddi təsir etməyib. Ancaq qvəziyyət belə davam edərsə, qarşıdakı aylarda xeyli geriləmə hiss olunacaq. 

Vergi oyunbazlığı

Məsələyə aydınlıq gətirmək üçün adıçəkilən marketlərlə əlaqə saxladıq. “Makromart” supermarketlər şəbəkəsinin Ruhan adlı əməkdaşı sorğumuza cavab olaraq bildirib ki, satışdan imtina edilməsi şirkətin ƏDV-dən azad edilməsi ilə bağlıdır.  “Bizim market” satış şəbəkəsinin ofisindən isə sorğumuza ümumiyyətlə cavab verməkdən imtina etdilər. 

Yenə də güzəşt istəyirlər

Ticarət şəbəkələrinin bu addımını istehsalçılara, alıcılara və son nəticədə hökumətə qarşı demarş adlandırmamaq mümkün deyil. Supermarketlər bu yerli istehsalçıların mallarını satmaqdan imtina etməklə hökumətdən yeni vergi güzəştləri istəyirlər. Xatırladaq ki, bir qədər əvvəl supermapket şəbəkələrinin rəhbərləri satışın azalması və gəlirlərinin aşağı düşməsi ilə bağlı hökumətə müraciət edərək  əlavə vergi güzəştləri istəmişdilər. Müraciətdə güzəşt xahişi ilə yanaşı, əks təqdirdə işçilərin ixtisar ediləcəyi ilə bağlı xəbərdarlıq da yer almışdı. Amma həmin vaxt hökumət nümaynədələri supermarketlərin bu tələbini əsassız sayaraq müraciəti yerinə yetirməmişdi.

Yerli istehsalçılara «qırmızı işıq»

Görünür, ticarət  şəbəkələri son addımları ilə bu prosesə istehsalçı şirkətləri də cəlb etmək istəyirlər. Ən maaqlısı odur ki, bu proses Azərbaycanda kənd təsərrüfatının iqtisadiyyatın prioritet sahə elan edilməsi və bu sahənin inkişafı ilə bağlı davamlı addımların atıldığı bir vaxtda baş verir. Belə bir halda ticarət şəbəkələrinin bu addımı faktiki olaraq yerli istehsalçıların bazara yolunu bağlamaqdır. Onların bu oyunu isə həm alıçılara, həm də istehsal şirkətlərinə baha başa gəlir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275