BİRJA

Monitorinq Komitəsi neft hasilatının azaldılmasını tövsiyə edib
06 DEKABR
68

Monitorinq Komitəsi neft hasilatının azaldılmasını tövsiyə edib

2018-12-06 09:56:00

OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin dekabrın 5-də Vyanada keçirilən iclasında nazirlər neft hasilatının azaldılmasını tövsiyə ediblər.

Fins.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Omanın energetika naziri Məhəmməd Al-Rumhi iclasdan sonra mətbuata verdiyi açıqlamada bildirib.

O, qeyd edib ki, OPEC və qeyri-OPEC ölkələrini birləşdirən OPEC+ formatında keçirilən görüşdə neft hasilatının azaldılması barədə ümumi razılıq əldə edilib. Burada söhbət hasilatın həcmini gündəlik bir milyon barel azaltmaqdan gedir və nazirlər hasilatın azaldılmasının vacibliyi barədə razılığa gəliblər. OPEC-in Vyanada təşkil olunacaq 175-ci iclasında və OPEC+ formatında keçirilən iclaslarda gələn ilin ilk yarısında dünya neft bazarlarının inkişafı ilə bağlı müzakirələr aparılacaq.

Son həftələrdə dünya bazarlarında xam neftin qiymətinin ucuzlaşması fonunda aparıcı qeyri-OPEC ölkəsi olan Rusiyanın OPEC ölkələri ilə hasilatın aşağı salınması barədə danışıqlar apardığı da məlum olub. Bu istiqamətdə, ilk növbədə, Səudiyyə Ərəbistanının da hasilatın həcmini azaltmağa maraqlı olması mühüm əhəmiyyət daşıyacaq.

Toplantıdan əvvəl ABŞ Prezidenti Donald Tramp “Tvitter” vasitəsilə hasilatın həcmini azaltmamağa çağırıb. O, dünyanın yüksək neft qiymətlərini görmək istəmədiyini və buna ehtiyacın olmadığını deyib.

Hazırda dünya bazarlarının diqqəti Vyana toplantısına yönəlib. Ekspertlər hasilatın azaldılması yolu ilə bazarlarda qiymətlərin sabitləşəcəyini proqnozlaşdırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256