BİRJA

SOCAR istiqrazları manatla da buraxılacaq
23 SENTYABR
343

SOCAR istiqrazları manatla da buraxılacaq

2016-09-23 14:34:00

Azərbaycan Dövlət Neft şirkəti (SOCAR) gələcəkdə  ABŞ dollarına bağlı manatla istiqraz buraxa bilər. 

Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib. 

O, dollara bağlı manat istiqrazlarının gələn il buraxıla biləcəyini istisna etməyib: "Manatla da istiqraz buraxmağı düşünürük. Biz ölkə daxilində manatla çoxlu əməliyyatlar aparırıq. Gələcəkdə də birjanı gücləndirmək üçün ilk dollara bağlı manatla istiqraz buraxa bilərik. Bu o deməkdir ki, həmin günün məzənnəsi ilə manatla alınan istiqrazın pulunu istənilən vaxt dollarla geri almaq imkanı olacaq. Bu da Azərbaycan manatının möhkəmlənməsinə, maliyyə bazarının inkişafına imkan yaradacaq".

R.Abdullayev həmçinin deyib ki, əgər dollarla olan ilk istiqraz emissiyası uğurlu olarsa, növbəti dəfə də dollarla istiqaraz buraxılacaq. Amma həmin istiqrazların illik gəlirliliyi bir qədər aşağı olacaq. 

Qeyd edək ki, sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkə vətəndaşları üçün nəzərdə tutulan istiqrazları satışa çıxarılıb. Bu proses oktyabrın 10-na qədər davam edəcək.

Nominal dəyəri 1 000 ABŞ dolları olan istiqrazlar illik 5% gəlir gətirəcək. İstiqrazların məcmu nominal dəyəri 100 mln. dollardır. Faizlər 3 aydan bir ödəniləcək. İstiqrazlardan əldə olunacaq gəlirdən vergi tutulmayacaq. SOCAR buraxdığı istiqrazlara likvidlik zəmanəti verir, eyni zamanda investorlar sahib olduqları istiqrazları istədikləri vaxt nağda çevirə bilərlər. İlkin yerləşdirmə (abunə yazılışı) zamanı SOCAR istiqrazlarını yalnız Azərbaycan Respublikası vətəndaşları və yerli şirkətlər əldə edə bilərlər. Xarici fiziki və hüquqi şəxslərin də bu istiqrazları təkrar bazarda istiqraz sahiblərindən satın alması mümkündür.

SOCAR istiqrazlarını elan olunmuş investisiya şirkətlərindən "(AzFinance", "İnvestAZ", "PAŞA Kapital", "PSG-Kapital" ), 1 və 5 saylı ASAN xidmət mərkəzlərindən, Azərbaycan Beynəlxalq Bankı, "Kapital Bank", "Rabitəbank" və "Xalq Bank" ASC-lərdən əldə etmək mümkündür.

Eləcə də bax: “SOCAR istiqrazları”-nın agent bankı seçilib
Eləcə də bax: SOCAR-ın aktivləri nə qədərdir?

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272