BANK

Apreldə 12 aylıq inflyasiya 3,1% təşkil edib
07 İYUN
152

Apreldə 12 aylıq inflyasiya 3,1% təşkil edib

2019-06-07 14:20:00

Azərbaycanda inflyasiya gözlənilən trayektoriyada dəyişir. 2019-cu ilin aprel ayında 12 aylıq inflyasiya hədəf çərçivəsində olmaqla 3,1% təşkil edib. Ərzaq və xidmətlər üzrə qiymət artımı (müvafiq olaraq 3,5% və 3,8%) hədəf intervalında formalaşıb. Qeyri-ərzaq məhsullarının qiymətləri isə 1,4% yüksəlib. May ayında mövsümi amillərin təsiri ilə istehlak səbətində mühüm xüsusi çəkiyə malik ərzaq məhsulların ucuzlaşması müşahidə edilib.

İstehlak qiymətlərinin cari dinamikası və valyuta bazarında tarazlıq inflyasiya gözləntilərini stabil saxlayır. Real sektor monitorinqinin nəticələrinə əsasən, son ayda qiymət gözləntiləri ticarət, xidmət və tikinti sektorlarında azalıb, qeyri-neft emal sənayesində dəyişməz qalıb.

Qısamüddətli dövrdə inflyasiya üzrə risklər balansı tarazlı qiymətləndirilir. Buraya əlverişli beynəlxalq konyunktur, profisitli tədiyə balansı, tarazlı valyuta bazarı, antiinflyasion xarakterli monetar şərait və mövsümi amillər aiddir.

Ortamüddətli perspektiv üzrə risklər balansı mürəkkəbləşməkdədir. Xarici sektor üzrə başlıca qeyri-müəyyənlik qlobal iqtisadi artım perspektivlərinin pisləşməsi, ticarət müharibələrinin yeni dalğası və geosiyasi gərginlik fonunda neftin qiymət dinamikası ilə bağlıdır. Neftin may ayından başlayan ucuzlaşmasının davamlı xarakter alması iqtisadi gözləntilərə neqativ təsir edə bilər. Digər xarici risk mənbəyi dünya ərzaq bazarlarında bahalaşmanın davam etməsi və potensial inflyasiya idxalıdır. Ticarət tərəfdaşı ölkələrinin maliyyə bazarlarında qeyri-sabitlik riski isə nisbətən azalmışdır ki, bu da qabaqcıl ölkələrdə monetar siyasətin daha da sərtləşməsi gözləntilərinin azalması ilə izah edilir.

Daxili risk amillərinin reallaşması sosial xarakterli fiskal stimullar və maliyyə sektoru ilə bağlı qərarların istehlak bazarına və monetar sektora təsirinin miqyasından asılı olacaqdır. Son aylarda müşahidə edilən proseslər bu təsirlərin zaman üzrə yayıldığını göstərir. Qeyd olunan faktorların inflyasiyaya ötürücülüyü dərəcəsi tam olaraq ilin sonuna formalaşacaqdır. Mürəkkəbləşməkdə olan xarici fonda fiskal siyasətin mövcud qaydalar çərçivəsində həyata keçirilməsi, fiskal siyasətlə monetar siyasətin vahid çərçivədə sərt əlaqələndirilməsi dayanıqlı makroiqtisadi sabitliyin baza şərti olaraq qalır.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır