BANK

Mərkəzi Bankda media nümayəndələri üçün təlim proqramı və press-tur keçirilib
29 İYUN
1112

Mərkəzi Bankda media nümayəndələri üçün təlim proqramı və press-tur keçirilib

2018-06-29 23:46:00

Azərbaycan Respublikasının Mərkəzi Bankının kommunikasiyasının başlıca hədəf qrupu kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin iqtisadi-maliyyə, o cümlədən mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün ənənəvi olaraq “Açıq qapı” tədbirləri, “Mərkəzi bankçılıq” və “Maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlimlər təşkil olunur.

Bu prosesin davamı olaraq cari ilin 1-27 iyun tarixlərində KİV nümayəndələri üçün “Mərkəzi bankçılıq” mövzusunda təlim proqramı keçirilmişdir. Təlim proqramında ümumi iqtisadiyyat, pul siyasəti, ödəniş sistemlərinin inkişafı, tədiyə balansı, nağd pulun dövriyyəsinin təşkili və idarə olunması, maliyyə savadlılığı, mərkəzi bankların kommunikasiya siyasəti və digər mövzular əhatə olunmuşdur. Mərkəzi Bankda təlimləri daha əhatəli etmək üçün Vergilər Nazirliyi və Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri tərəfindən “Vergi siyasəti və vergi qanunvericiliyi ilə bağlı maarifləndirmə” və “Əmanətlərin sığortalanması sistemi” mövzularında da təlimlər keçirilmişdir. 18 media orqanından jurnalistlərin iştirak etdiyi təlim proqramının sonunda jurnalistlərin təlim müddətində qazandıqları biliklərin qiymətləndirilməsi məqsədilə test imtahanı, həmçinin növbəti təlimlərdə media nümayəndələri üçün maraqlı mövzuların müəyyən edilməsi məqsədilə müvafiq sorğu keçirilmişdir.

Təlim proqramında fəal iştirak edən və yekun test imtahanında yüksək nəticələr göstərən jurnalistlər, həmçinin yerli televiziya və mətbuat nümayəndələri üçün Mərkəzi Bankın Gəncə Regional Mərkəzinə və Yevlax Ehtiyat Mərkəzinə press-tur təşkil edilmişdir. Əsas məqsədi media nümayəndələrini regional və ehtiyat mərkəzlərinin fəaliyyəti barədə əyani məlumatlandırmaqdan ibarət olan press-tur zamanı jurnalistlərə regionda sosial-iqtisadi inkişafın dinamik xarakter alması, burada bank-maliyyə institutlarının inkişafı, iqtisadi və maliyyə savadlılığının artırılması, regional və ehtiyat mərkəzlərinin həyata keçirdiyi funksiyalar barədə geniş məlumat verildi.

Press-tur zamanı media mənsublarına regional və ehtiyat mərkəzlərinin işi ilə yaxından tanış olmaq imkanı yaradıldı, onların fəaliyyəti barədə ətraflı məlumat verildi. Onlar üçün keçirilən təqdimatlarda ölkə ərazisində nağd pul tədavülünün təşkilində regional mərkəzlərin rolu, regional səviyyədə müasir elektron ödəniş xidmətlərin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin icrası məsələlərindən bəhs edildi. Bildirildi ki, burada beynəlxalq standartlara cavab verən xəzinə infrastrukturu, o cümlədən müasir xəzinə saxlancı və kassa qovşaqları yaradılmış, xidmət səviyyəsi beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Diqqətə çatdırıldı ki, regional və ehtiyat mərkəzləri milli pul nişanları, onların dəyişdirilməsi qaydaları barədə əhalinin maarifləndirilməsində və pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizədə yaxından iştirak edir və bu mərkəzlər həmçinin real sektorun monitorinqi, statistik məlumatların toplanması proseslərinə də cəlb edilmişdir.

Tədbir müddəti ərzində jurnalistləri maraqlandıran çoxsaylı suallar cavablandırıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251