BANK

Hazırda bank sektorunda və mikroiqtisadiyyatda vəziyyət – AÇIQLAMA
23 NOYABR 2017
530

Hazırda bank sektorunda və mikroiqtisadiyyatda vəziyyət – AÇIQLAMA

2017-11-23 10:14:00

Bildiyiniz kimi, son üç ildə - 2014-cü ilin sonlarından etibarən - hiss edilməyə başlanan xarici şoklar, xüsusilə neqativ neft qiyməti şokunun təsiri ilə Azərbaycan iqtisadiyyatında, o cümlədən iqtisadiyyatımızın ayrılmaz tərkib hisssəsi olan maliyyə-bank sistemində mürəkkəb vəziyyət müşahidə edilmişdir. Keçən dövr strateji iqtisadi islahat proqramlarının hazırlanması və icrasına başlanması və iqtisadiyyatın yeni şəraitə adaptasiyası dövrü kimi yadda qalmış, eyni zamanda bank sektorunun sağlamlaşdırılması və konsolidasiyası istiqamətində tədbirlər həyata keçirilmişdir.

Artıq cari ilin əvvəllərindən etibarən real sektorda bərpa prosesləri müşahidə edilməyə başlamış, iqtisadiyyatın əsas prioritet sahəsi olan qeyri-neft sektorunda iqtisadi artım neqativ zolaqdan çıxmışdır: doqquz ayın yekunlarına görə qeyri-neft iqtisadiyyatında ciddi artım müşahidə edilmişdir.

Neft qiymətlərindəki neqtiv trendin aşağı templə və tərəddüdlərlə olsa da, yüksələn trendlə əvəz olunması tədiyə balansının cari hesabında kəsirdən profisitə keçidə şərait yaratmışdır. İqtisadiyyatın prioritet sahələrinin inkişafı, həmçinin ixracın stimullaşdırılması və dəstəklənməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən islahatlar, eyni zamanda “ucuz manat”a reaksiya olaraq qeyri-neft iqtisadiyyatı üzrə xarici sektor balansında tarazlaşma meyilləri müşahidə edilməyə başlamış, 2017-ci ilin ilk yarısında qeyri-neft sektoru üzrə cari hesab kəsri 22.4% kiçilmişdir.

Cari ildə ölkədən maliyyə axınları əhəmiyyətli dərəcədə azalmış, qeyri-neft sektoruna birbaşa xarici investisiya qoyuluşları artmış, maliyyə hərəkəti hesabında əvvəlki ildə müşahidə edilən kəsir profisitlə əvəz olunmuşdur.

Xarici sektorda müşahidə edilən pozitiv meyillər, eyni zamanda Azərbaycan Mərkəzi Bankı tərəfindən həyata keçirilən pul siyasətinin nəticəsi olaraq daxili valyuta bazarı stabilləşmiş və məzənnə stabilliyi təmin edilmişdir. Məzənnə stabilliyinin təmin edilməsi iqtisadiyyatın monetizasiyasının yaxşılaşdırılmasına şərait yaratmış, il ərzində manatla pul bazası 10.3% artırılmışdır.

Bank sektorunun mövcud vəziyyəti

Keçən dövr ərzində bank sisteminin sağlamlaşdırılması və konsolidasiya tədbirləri çərçivəsində bankların sayı 45-dən 31-ə enmiş, bankların maliyyə balanslarında daralma müşahidə edilmişdir: cari ilin ilk doqquz ayı ərzində bank aktivlərinin həcmi ≈ 17% azalaraq 26.2 mlrd. manat, kredit portfeli ≈ 25% azalaraq 12 mlrd. manat, depozit portfeli isə ≈ 12% azalaraq 19.5 mlrd. manat təşkil etmiş, qeyri-işlək kreditlərdə artım müşahidə edilmiş və bu cür kreditlərin portfeldə payı, kapitalın həcmi artmışdır.

Neqativ meyillərə baxmayaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən görülən tədbirlər nəticəsində bankların kapitallaşması prosesi davam etmiş, il ərzində bank sektorunun kapitalı ≈ 24% artaraq 3 mlrd. manatı ötmüşdür. İqtisadiyyatda müşahidə edilən bərpa prosesləri, qeyri-işlək kreditlər üzrə yığımların davam etməsi, eyni zamanda nağdsız ödənişlərin genişlənməsi bankların gəlir generasiyasına müsbət təsir etmiş, həmçinin Mərkəzi Bankın faiz siyasəti və dövlət qiymətli kağızları üzrə gəlirliliyin yüksək olması prosesi dəstəkləmiş, nəticədə cari ilin doqquz ayı ərzində sektor üzrə ≈ 480 mln. manat məbləğində xalis mənfəət əldə edilmişdir.

İqtisadiyyatın xarici balans üzrə mövqeyinin yaxşılaşması və daxili valyuta bazarında vəziyyətin stabilləşməsi həm kreditlər, həm depozitlər, həm də əmanətlər üzrə zəif de-dollarizasiya meyilləri ilə müşaiyət olunmaqdadır: kreditlər üzrə dollarlaşma 5.3, depozitlər üzrə 0.7, əmanətlər üzrə isə 7.9 faiz bəndi azalmışdır. (Hazırda kreditlər üzrə dollarlaşma 42%, depozitlər üzrə 74.6%, əmanətlər üzrə 71.8% təşkil edir)

Bütövlükdə iqtisadiyyatda və ayrılıqda onun vacib tərkib hissəsi olan maliyyə-bank sektorunda cari ilin əvvəlindən etibarən müşahidə edilməyə başlayan müsbət meyillər 06 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev tərəfindən imzalanmış fərmana əsasən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” və iqtisadiyyatın prioritet sahələri üzrə “Strateji Yol Xəritələri”nin icrasına başlanması ilə birbaşa bağlıdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi strateji islahat proqramının icrasının monitorinqi apararaq bu barədə mütəmadi qaydada ictimaiyyəti geniş şəkildə məlumatlandırır.

Hesab edirik ki, bütün sahələrdə xüsusi ilə bank-maliyyə sektoru üzrə strateji yol xəritəsində nəzərdə tutulmuş tədbirlərin tam həcmdə və vaxtında yerinə yetirilməsi çox mühüm əhəmiyyət daşıyır. Müxtəlif səbəblərdən bu tədbirlərin nəzərdə tutulmuş vaxtlarda və tam həcmdə icra edilməməsi bəzi problemlərin daha uzun müddətdə qalmasını şərtləndirəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 15 sentyabr 2017-ci il tarixində “Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi” ilə bağlı bir sıra tədbirlər haqqında fərmanın tətbiqi ilə sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq və bununla sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşmə sistemini formalaşdırmaq mümkün olacaqdır. Bu məqsədlə yaradılmış “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin qarşıdakı illərdə sahibkarların banklardan aldıqları kreditlərə təminat verməklə yanaşı, kreditlərə hesablanan faizlərin də bir hissəsinə subsidiya verilməsini təmin edəcəkdir.

Qəbul edilmiş bütün bu fundamental qərarlar və onların vaxtında və tam həcmdə icrası qarşıdakı dövrdə həm maliyyə-bank sisteminin, həm də sahibkarlığın inkişafına mühüm təkan verəcəkdir.

2 may 2017-ci il tarixli “Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanunu”-nun qəbul edilməsi həm sahibkarlara, həm də banklara qarşıdakı illərdə yeni girov və kreditləşmə mexanizmlərini işə salmağa imkan verəcəkdir

Bu dövr ərzində Azərbaycan Banklar Assosiasiyası da gedən proseslərdə aktiv şəkildə qoşulmuş, “Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanunu”nun, “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikası Qanunu”nun qəbulu və tətbiqi məsələləri, digər mühüm qanunların və normativ-hüquqi aktların hazırlanmasında və tətbiqi məsələlərinin müzakirəsində fəal iştirak etmiş, Assosiasiyanın nəzdində fəaliyyət göstərən Ekspert qrupları aidiyyatı qurumlarla sıx və səmərəli şəkildə işləmişdir.

Eyni zamanda müştərilərlə banklar arasında gərginliyin azaldılması və fikir ayrılıqlarının məhkəməyə getmədən ikitərəfli razılaşma əsasında həlli məqsədilə, beynəlxalq praktikaya uyğun olaraq, ABA-nın nəzdində Bank Ombudsmanı yaradılmış, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə ötən ay ABA-nın təşəbbüsü və təşkilatçılığı, Mərkəzi-Şərqi Avropa və MDB ölkələrinin bank ombudsmanlarının iştirakı ilə Bakıda beynəlxalq tədbir keçirilmişdir.

Bununla yanaşı Assosiasiya tərəfindən hazırda bütün dünyada aktual olan maliyyə-bank sektorunda kibertəhlükəsizlik məsələlərinə həsr edilmiş beynəlxalq İT konfrans keçirilmiş, banklarda İT sahəsində çalışan yerli mütəxəssislərlə müxtəlif ölkələrdən gəlmiş ekspertlər arasında səmərəli fikir və təcrübə mübadiləsi aparılmışdır. Həmçinin ABA tərəfindən il ərzində müxtəlif mövzulara həsr edilmiş çoxsaylı görüş və dəyirmi masalar təşkil edilmişdir.

Hesab edirik ki, qarşıdakı dövrdə proseslərin daha da sürətlənməsi üçün aşağıdakı tədbirlərin də nəzərdən keçirilməsi çox mühüm ola bilər:

  1. Sahibkarların və xüsusi mülkiyyətin müdafiə sisteminin gücləndirilməsi

  2. Ticarət müəssisələrinin iqtisadiyyatdakı payının yüksək texnologiyalı qeyri xammal istehsalı ilə əvəz olunması

  3. Qanunverici bazanın sabitliyi, şəffaflığı, davamlı və ardıcıllığı

Hesab edirik ki, artıq

  1. Yeni “mülayim-yumşaq” pul-kredit siyasətinə keçidə başlanılmalıdır:

- Həyata keçiriləcək siyasətin əsasında ehtiyatlılıq, mərhələlik və eyni zamanda qeyri-monetar inflyasiyanın azaldılması durmalıdır

- Yeni “mülayim-yumşaq” pul-kredit siyasətinə keçid ilə əlaqədar olaraq monetar və nəzarət orqanları məhdudlaşdırıcı siyasətdən stimullaşdırıcı pul-kredit siyasətinə keçməli, inflyasıyanın hədəflənməsi ilə yanaşı UDM artımına, uzunmüddətli kreditlərin aşağı faizli olmasına və manatın volatilliyinin aşağı salınmasına hədəflənməlidirlər.

- İnflyasiyanın artmasından ehtiyatlanmadan iqtisadiyyatın aşağı monetarizasiya şəraitindən (hazırki M2/qeyri neft ÜDM – 27.2%), yavaş-yavaş pul təklifini artırmaqla (M2/ qeyri neft ÜDM – 70-80% olmaqla) geniş bazaya keçmək lazımdır. Yeni pullar isə tam həcmdə, məqsədli şəkildə, geri qaytarılan kreditlər formasında real sektora investisiyaların stimullaşdırılmasına yönəldilməlidir

5. Neft aktiv deyil, vasitə olmalıdır. Əsas aktiv – insanlar, bilik və texnologiyalar olmalıdır.

Bügünki Forum da mövcud vəziyyətin yenidən analizi, bank sektorunun yeni şəraitə uyğunlaşması, həyata keçirilən islahatların ilkin nəticələri və perspektivlərini dərindən analiz etmək və geniş, çoxtərəfli müzakirələr aparmaq üçün əhəmiyyətli platformadır.

Əminəm ki, Forumun davam edəcəyi bu iki gün ərzində aparılacaq səmərəli müzakirə və fikir mübadilələri bank sektorunun növbəti dövrdəki inkişafına əhəmiyyətli töhfə olacaqdır. Hər birinizə dəvətimizi qəbul edib gəldiyiniz üçün bir daha təşəkkür edir və Forumun işində uğurlar arzulayıram!

Müəllif: Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276