BANK

Bank sektorunun “zirehli jilet”i keyfiyyətsiz imiş – MƏQALƏ
27 DEKABR 2016
1348

Bank sektorunun “zirehli jilet”i keyfiyyətsiz imiş – MƏQALƏ

2016-12-27 14:58:00

İki kəskin devalvasiya ölkəmizin bank sektorunun “zirehli jilet”inin lazımi keyfiyyətdə olmadığını üzə çıxardı. Bəxtsizlikdən devalvasiya “gülləsi” məhz bank sektorunun həyati əhəmiyyətli bir “orqan”ını - Beynəlxalq Bankı zədələdi. Azərbaycanın ən böyük bankının devalvasiya “yarası” ümumilikdə ölkənin makroiqtisadi sabitliyini təhlükə altına qoydu. Fins.az ilin sonunda ölkənin maliyyə sektoru ilə bağlı ekspert Samir Əliyevin Fikirlərini təqdim edir:

Ölkə banklarının 29%-i bazarı tərk etdi, bəzi bankların diaqnozu “orta ağır” olaraq qalmaqdadır.   Bankların insanlar qarşısında illərlə yığdığı etimad kapitalı qısa müddətdə xərcləndi.   

Yüksək neft gəlirlərinin fonunda iri həcmdə büdcə və özəl pulların dövriyyəsi hesabına gəlir əldə etməyə öyrəşmiş banklar bu dövriyyənin kəskin azalmasının fəsadlarını yaşayırlar. Mövcud vəziyyətin yaranması obyektiv olsa da subyektiv səbəblər də az deyildi. Bankların bahalı neft dövründə məsuliyyətsiz kreditləşmə siyasəti, valyuta mövqeyini pozması  subyektiv devalvasiyanın fəsadlarını daha da ağırlaşdırdı. Bank sektoru ilə əhali arasında yaranmış gərginlik qarşılıqlı etimadsızlığa və inamsızlığa gətirib çıxarırdı. Bu isə həm ümumilikdə bank sektorunun, həm də əhalinin ayrı-ayrı qruplarının problemlərini dərinləşdirirdi. Hökumət Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının timsalında bank sektoruna dəstəyi ilk dövrlər bankların xilasına hədəflənsə də sonrada hədəfin istiqaməti dəyişərək ölkənin maliyyə sektorunun sabitliyinin qorunmasına yönəldildi. Ona görə də sağlam olmayan kredit təşkilatlarının bazarı tərk etməsi, bankların fəaliyyətinə dair tələblərin sərtləşdirilməsi hökumətin maliyyə blokunun təmin edirdi.

Ölkənin maliyyə sektorunda yaranmış vəziyyətin həlli, o cümlədən bank sektorunun sağlamlaşdırılması üçün hökumət makroiqtisadi səviyyədə bəzi institusional dəyişikliklər etməli oldu. Fevral ayının 3-də Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsi yaradıldı. Mərkəzi Bankın nəzarət, tənzimləmə və lisenziyalaşma funksiyaları Palataya ötürüldü. İyulun 15-də hökumətin iqtisadi blokunu təmsil edən qurumlar arasında koordinasiyanı təmin edəcək bir institut - Maliyyə Sabitliyi Şurası yaradıldı. Qazaxıstan, Ukrayna və Belorusda artıq belə Şura fəaliyyət göstərir. Şuranın yaradılması maliyyə sektorunda koordinasiya problemini çözə bildi və ən əsası Mərkəzi Bankın mövqeyini gücləndirdi.

Ümumən götürəndə bank sektorunun sabitliyinin və dayanıqlığının təmin edilməsi sahəsində dövlətin siyasəti bir neçə istiqamətdə oldu:

1. Prudensial tələblərin yumşaldılması. Devalvasiyadan sonra Mərkəzi Bankın banklara dəstək məqsədilə atdığı ilk addım kreditlərin restrukturizasiyası şərtlərini yumşaltmaq oldu. Bankın 26 fevral 2015-ci il tarixli 11/4 saylı Qərarı ilə “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na dəyişikliklər edildi. Dəyişikliyə əsasən restrukturizasiya olunmuş aktivlər standart hesab olunaraq nəzarət altında olan aktivlər kimi təsnifləşdirildi və onlara görə bank tərəfindən yaradılan ehtiyatın həcmi 30%-dən 5%-ə endirildi. Onun ardınca məcburi ehtiyat normaları azaldıldı, bankların açıq valyuta mövqeyinə tətbiq edilmiş 10%-lik limit 1 yanvar 2016-cı il tarixinə qədər donduruldu. . 21 dekabr 2015-ci il tarixdə bankların məcmu kapitalının adekvatlıq əmsalı 12%-dən 10%-ə, I dərəcəli kapitalın adekvatlıq əmsalı isə 6%-dən 5%-ə, leverec əmsalının səviyyəsi 8%-dən 5%-ə endirildi. Bütün bu tədbirlər bankları əlavə likvidliklə təmin etmək xarakteri daşıyırdı.  

2. Zəif və problemli bankların bağlanması yolu ilə bank sektorunun sağlamlaşdırılması. Devalvasiya nəticəsində bank sektorunun vəziyyətinin pisləşməsi, bəzi bankların zərərinin artması, bəzilərinin isə öhdəliklərini yerinə yetirmək iqtidarında olmaması bank sektoruna olan inamına mənfi təsir göstərdi. Mərkəzi Bankın konsolidasiya çağrışına bəzi banklar müsbət cavab versələr də son nəticədə konsolidasiya baş vermədi. Bütün bunlar hökuməti sərt addımlar atmağa sövq etdi. Əvvəl Mərkəzi Bank, sonra isə maliyyə Bazarlarına Nəzarət Palatası sistem üçün təhlükə törədən bankların lisenziyasını geri alaraq onları fəaliyyətini dayandırmağa məcbur etdi.  İlk devalvasiyadan sonra ümumilikdə 13 kommersiya bankı bank sektorunu tərk edib. Həmin bankların 2-si birinci, 11-i isə ikinci devalvasiyadan sonra bağlanıb. Hazırda ölkədə 32 bank fəaliyyət göstərir ki, bunların 2-si dövlət, 30-u özəl bankdır.

3. Sistem əhəmiyyətli banklara fərdi dəstəyin verilməsi. Hökumət bank sisteminə ümumi dəstəklə yanaşı sistem əhəmiyyətli banklara da fərdi yanaşma tətbiq edib. Sistem əhəmiyyətli banklara dövlət dəstəyini biri uğursuz, digəri isə bahalı olub. Bank Standard QSC-nin xilası üçün dövlətin dəstəyi səmərəsiz olub və sonda həmin bank bağlanmalı olub. Ölkənin ən iri bankına edilmiş dövlət dəstəyi isə bahalı olub. Beynəlxalq Bankın problemli aktivlərini idarə edilməsi  dövlətə məxsus “Aqrarkredit” Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilib. “Aqrarkredit” QSC 2015-ci ildə dövlət zəmanəti ilə 2,500,000 min AZN nominal dəyərinə və 0.15% faiz dərəcəsinə malik, 2045-ci ildə ödənilməli olan qiymətli kağızlar buraxıb. Bu qiymətli kağızlar Mərkəzi Bank tərəfindən alınıb. 2016-cı ilin sonuna aparılmış qiymətləndirmələrə görə, Beynəlxalq Bankın “Aqrarkredit” QSC tərəfindən sağlamlaşdırılan zərərli aktivlərinin həcmi 9,93 milyard manata çatıb. Dövlət Neft Fondunun Beynəlxalq Banka bir il müddətinə (bu müddətinin bir neçə il uzadılması istisna edilmirS.Ə.) 1 milyard dollar yatırmasını da dövlət dəstəyini tərkib hissəsi saymaq olar.

4. Əhalinin bank sektoruna inamının artırılması tədbirləri. Bir tərəfdən bankların bağlanması, digər tərəfdən də manatın ucuzlaşması əmanət bazarına mənfi təsirini göstərdi. Bankların və milli valyutanın perspektivinə inamı azalan əhalinin bir hissəsi milli valyutada olan əmanətlərini xarici valyutaya çevirdi, bir qismi isə əmanətlərini banklardan geri çəkməyə başladılar. Elə buna görə də hökumət əmanətləri tam sığortalamağa məcbur oldu. 19 yanvar 2016-cı il tarixindəqəbul edilmiş“Əmanətlərin tam sığortalanması haqqında” Qanunlaillik faiz dərəcəsindən asılı olaraq bütün əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətinə tam sığortalandı.

5. Bank sektoruna bir sıra güzəştlərin verilməsi. Bir illik fasilədən sonra 2016-cı il fevralın 1-dən etibarən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri 3 il müddətində gəlir vergisindən azad edildi.  Mərkəzi Bank 2015-ci ilin avqust ayından etibarən AZİPS sistemi vasitəsilə aparılan banklararası ödənişlər üzrə xidmət haqlarını 2 dəfə azaltdı. İri nominallı əskinaslara (50 və 100 manat) tətbiq olunan 0,15%-lik tarif ləğv edildi. Bank sektoruna əlavə likvidlik verilməsi məqsədilə 2016-cı ilin iyun ayından etibarəndepozit hərracları keçirməyə başladı. Bu hərracların banklar üçün üstünlüyü qısamüddətli və risksiz olmasıdır.

6. Kredit qoyuluşuna dair tələblərin sərtləşdirilməsi. Mərkəzi Bankı 13 avqust 2015-ci il tarixində “Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik” təsdiq edib. Rəhbərlik kredit təşkilatlarına istehlakçıların aylıq borc yükünün onların gəlirlərinə uyğunluğunun müəyyənləşdirilməsi, eləcə də kredit şərtlərinin istehlakçıların ehtiyac və məqsədlərinə uyğunluğunun qiymətləndirilməsi üzrə tövsiyələr verilib. Daha sonra kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1% həcmində məhdudlaşdırılması, mikro və istehlak kreditlərinin faktiki illik faiz dərəcələri (FİFD) üçün yuxarı həddin müəyyənləşdirilməsi bankların kreditləşmə işini çətinləşdirdi. Maliyyə Bazarlarına Nəzarət Palatası aprel ayından başlayaraq xarici valyuta ilə kreditlərin verilməsi şərtlərini sərtləşdiməsi, xüsusən də bir sıra istisnalarla (xarici valyutada gəlirləri və ya bankda xarici valyutada əmanəti olan şəxslər istisna olmaqla) xarici valyutada istehlak kreditlərinin, o cümlədən ipoteka kreditlərinin verilməsini qadağan etməsi bankların işini daha da çətinləşdirdi.

2015-ci ilin may ayında cəmiyyətdə mübahisə doğuran, hüquqşunaslar və iqtisadçılar tərəfindən mübahisələndirilən “xarici valyuta kreditləri hansı məzənnə ilə ödənilməlidir?” sualına Konstitusiya Məhkəməsinin “ödəniş tarixinə olan məzənnə ilə” cavabını da bank sektoruna dəstəyin tərkib hissəsi saymaq olar. Məhz bu qərar banklara bir müddət ayaqda qalmasına kömək etdi, ancaq problemi kökündən həll edə bilmədi. Yenə də banklar və əhali üz-üzə qaldılar. İnsanların kreditləri qaytarmaq davamiyyəti pisləşməsi bankların aktivlərinin pisləşməsinə və digər öhdəliklərinin icrasında çətinlik yaranmasına gətirib çıxarıb. Bankların və əhalinin hökumətdən xarici valyuta kreditlərinə görə kompensasiya gözləntisi özünü doğrultmadı. Hökumətin ehtiyatlarını qorumaq məqsədilə atdığı devalvasiya addımının zərərini hər iki tərəf çəkir. 

Bütün bu addımlara rəğmən bank sektoru immun çatışmazlığından əziyyət çəkir. Nvbəti kəskin devalvasiya fəaliyyətdə olan bankların yarısını sıradan çıxara bilər. Hökumətin atdığı addımlar daha çox banklara süni nəfəs verməyə oxşayır. Bu addımlar bank sektorunun dayanıqlığının artırılması üçün kifayət etmir. Bunun üçün fundamental addımlar atılmalıdır. Bura dünya təcrübəsində tətbiq edilən problemli aktivlərin sağlamlaşdırılması, rekapitalizasiya, öhdəliklərə zəmanət verilməsi, yeni sığorta alətlərinin tətbiqi kimi mexanizmlər diqqətdə keçirilməlidir. Bundan başqa Dövlətin iştirakı ilə Maliyyə Bazarlarında Sabitlik Fondu və Problemli Kreditlər üzrə Fondu kimi institutların yaradılmasını nəzərdə tutuan islahatlar aparılmalıdır.

Müəllif: Samir ƏLİYEV

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250