BANK

Azərbaycan bankları reytinq agentliklərindən imtina edirlər – SƏBƏBLƏR
11 NOYABR
628

Azərbaycan bankları reytinq agentliklərindən imtina edirlər – SƏBƏBLƏR

2016-11-11 11:07:00

Azərbaycan bankları beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlığı dayandırmağa başlayıblar. Fins.az bank sektorundakı etibarlı mənbələrə istinadən xəbər verir ki, artıq bir neçə kommersiya bankı Fitch ilə əməkdaşlığı dayandırıb. Bunların sırasına Dəmirbank da əlavə olundu. Çünki məlumatda qeyd olunur ki, "Fitch" bundan sonra kommersiya marağını əsas tutaraq "Dəmirbank"ın reytinqini qiymətləndirməyəcək. 

Bəs, banklar Fitch ilə əməkdaşlığı niyə dayandırırlar? Mütəxəssislər burada 4 amili önə çəkirlər. 

Birinci səbəb odur ki, bankların iddiasına görə,  Fitch düzgün qiymətləndirmə aparmır. Hərçənd, həmin banklara yaxşı reytinq verəndə agentliyə qarşı bu cür ittihamlar səslənmirdi(?!)

İkincisi, hazırda banklar ictimaiyyətə ötürülən informasiya dəhlizi daraltmağa çalışırlar. Beynəlxalq reytinq agentlikləri isə apardığı təhlilləri tam olaraq açıq şəkildə bəyan edir və yayımlayırlar. Bankların ictimaiyyətlə əlaqələri zəif qurulduğundan, operativ reaksiya vermək qabiliyyəti və xüsusən də vərdişləri formalaşmadığından buna adekvat addımlar atılmır və səbəblər izah olunmur. Nəticədə maliyyə qurumunun nüfuzu düşür.  

Üçüncüsü, banklar belə hesab edirlər ki, hazırki böhran şəraitində onlara beynəlxalq reytinq lazım deyil. Çünki xaricdən dollarla kredit almaq heç bir banka sərfəli deyil. Belə kreditlər yalnız iri həcmli biznes kreditləri ola bilər, lakin dünya bazarında dolların bahalaşmasını nəzərə alsaq, banklar belə kredit öhdəliklərindən də yayınmağa üstünlük verirlər. Qarşıdakı 2017-ci il boyu maliyyə böhranının davam edəcəyinə dair fikirlər də xarici kreditlərin cəlbediciliyini aşağı salır. 

Dördüncüsü, beynəlxalq reytinq ağentliklərinin reytinq dərəcələndilməsi ilə bağlı təklif etdiyi xidmətlər ucuz deyil. Fins.az bildirir ki, konkret olaraq Fitch-in reytinq dəyərləndirməsinin qiyməti 30 min ABŞ dollarıdır. Hərçənd, bu məbləği ödəyə bilməyən bankların ümumiyyətlə maliyyə sektorunda qalmasının gərəkliyi ayrı bir mövzudur.       

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272