BANK

Manatın rəsmi məzənnəsi heç vaxt indiki həddə düşməmişdi – EKSPERT-DƏN AÇIQLAMA
07 NOYABR
2255

Manatın rəsmi məzənnəsi heç vaxt indiki həddə düşməmişdi – EKSPERT-DƏN AÇIQLAMA

2016-11-07 11:41:00

"Yola saldığımız həftə manatın yenidən dəyər itirməsi ilə yekunlaşdı. İlk kəskin devalvasiya qərarından ötən 1 il 9 ay ərzində manatın rəsmi məzənnəsi heç vaxt indiki həddə - 1.6596 manat=1 USD həddinə düşməmişdi".

İqtisadçı ekspert Rövşən Ağayev valyuta bazarının durumu ilə bağlı geniş şərhində deyib. Onun sözlərinə görə, valyuta bazarında yaranan ajiotajın dəqiq səbəbləri ilə bağlı müstəqil ekspertlərdən kimsənin tam etibarlı rəy söyləyəcəyi real deyil: "Məsələnin peşəkarlıqla əlaqəsi yoxdu, problem informasiya qıtlığı ilə bağlıdır. Valyutaya tələbi və təklifi formalaşdıran amillərin hər biri ilə bağlı müfəssəl məlumatlar olsa, proqnozların etibarlılıq səviyyəsi də yüksələr. Doğrudur, Neft Fondu müntəzəm olaraq bazara çıxardığı valyutanın həcmi ilə bağlı operativ məlumat verir. Lakin valyuta bazarında təklifi təkcə Neft Fondu formalaşdırmır. Xarici kredit müqavilələri əsasında gələn valyuta, pul baratları formasında daxil olan valyuta, xarici sərmayə formasında gələn valyuta, xidmət ixracı formasında gələn valyuta - bunların hər biri çox dəqiq informasiya tələb edir. Məsələn, biz bilmirik ki, il ərzində hansı xarici kredit müqavilələri imzalanıb və müqaviləyə uyğun olaraq vəsaitlər rüblər (aylar) üzrə hansı tranş ölçüləri və qrafiki ilə daxil olacaq. Yaxud xarici sərmayə qoyuluşu ilə bağlı təsərrüfat subyektləri arasında bağlanan müqavilə üzrə vəsaitlərin qoyulması hansı qrafiklə həyata keçiriləcək. Məsələn, kim deyə bilər ki, yaxın 1 ayda bağlanmış kredit  və ya sərmayə müqavilələri üzrə iqtisadiyyata əlavə valyuta daxil olmayacaq"? 

Ekspert bildirib ki, eyni vəziyyət xarici valyutaya tələbə də aiddir: "Valyutaya tələbi təkcə əmtəə idxalı formalaşdırmır. Gömrük Komitəsinin aylıq statistikasına əsasən idxal üçün valyutaya tələbatı 5 aşağı 5 yuxarı proqnoz etmək olur. Amma hökumətin, bankların, SOCAR-ın hesabına yaxın 2 ayda ölkədən çıxacaq xarici valyutanın həcmi barədə məlumatlıyıqmı? Deyilik. Məsələn, Rusiya Mərkəzi bankı hökumətin və dövlət şirkətlərinin, bankların qarşıdakı rübdə qaytarılacaq həcmi ilə bağlı məlumatı ictimaiyyət üçün açıqlayır. Ona görə sadə vətəndaş belə valyuta bazarının yaxın aylardakı durumunu təsəvvür edə bilir. Bu praktika bizim Mərkəzi Banka aiddirmi? Deyil. Bir qurum deyə ki, xalis daxili və xarici aktivlərin strukturu dövlət sirridi, ondan gərəkli məlumat və şəffaflıq gözləməyin yeri yoxdu.  Amma elə məlumatlar var ki, onu müstəqil ekspertlər təhlil edə, həmin məlumatlar əsasında valyuta bazarının durumu ilə bağlı gözləntiləri əsaslandırmaq, trendeləri qeyd etmək mümkün olur. Məsələn, büdcə xərcləmələrinin dinamikası və miqyası belə göstəricilərdən biri kimi istifadə edilə bilər. Azərbaycan hökuməti 2016-cı ilin 9 ayında dövlət büdcəsi vasitəsilə 10.6 milyard manat xərcləyib. Bu, illik büdcə proqnozunun 57%-nə bərabərdir. Bu o deməkdir ki, hökumət büdcəni nəzərdə tutulan səviyyədə xərcləməli olsa, sonuncu rübdə az qala əvvəlki 3 rübdə xərclədiyi qədər vəsait xərləməli olacaq. Bu nə deməkdir? Arxada qalan 9 ayda hər rüb üzrə orta hesabla 3.5 milyard manat xərclənib, amma təkcə son rübdə 8 milyard manat xərcləmək lazım gələcək. Aydındır ki, bu qədər vəsaitin qısa müddətdə iqtisadiyyata yönəlməsi (fərqi yoxdu maaş kimi, mal və xidmətlərin haqqının ödənilməsi formasında) likvidliyi kəskin artırmaqla manata təzyiqi də gücləndirər". 

Rövşən Ağayev qeyd edib ki, başqa bir göstərici xidmət ixracından valyuta daxilolmalarının həcmi ilə bağlı gözləntilər ola bilər:"Belə ki, iqlimdən asılı olaraq Azərbaycanda turizm xidmətlərinin axınından daxilolmalar rüblər üzrə fərqlənir. Ötən illərin statistikasına baxsaq, rüblər üzrə bu göstəricinin məbləği arasında 100-150, bəzi hallarda 250-300 milyon dollar fərq yarandığını görmək mümkündür. Azərbaycana xarici turist axını yaz-yay aylarında daha genişmiqyaslı olduğunu nəzərə alsaq, ehtimal etmək olar ki, son 3 ayda turizmin gətirdiyi xarici valyuta azala bilər. Müstəqli təhlillər əhəmiyyətlidir və vacibdir. Lakin Mərkəzi Bankın və Maliyyə Nazirliyinin daha şəffaf informasiya siyasəti yürütməsi bu təhlillərin sambalını daha da artıra bilər. Məsələn, Rusiyada, Estoniyada olduğu kimi Mərkəzi Bank tədiyyə balansının ən vacib göstəricilərini rüblük deyil, aylıq açıqlaya bilər. Mərkəzi Bank bank sektorunun vəziyyəti ilə bağlı məlumatları da operativ açıqlamır. Artıq noyabrın ilk 10 günlüyü bitir, amma ən son məlumatar avqusta aiddir. Halbuki cari ayın 10-dan gec olmayaraq əvvəlki ay üzrə pul-kredit göstəriciləri açıqlanmalıdır. Bizim Mərkəzi Bank isə cari ayda 2 ay öncəki ayın informasiyalarını icitmailəşdirir. Yaxud Maliyyə Nazirliyi büdcə xərclərinin və gəlirlərinin icra vəziyyətini, proqnozlara əməl edilmə səviyyəsini aylıq açıqlaya bilər, rüblük yox".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275