BANK

Hökumət maliyyə vintlərini necə sıxacaq? – ARAŞDIRMA
26 OKTYABR
749

Hökumət maliyyə vintlərini necə sıxacaq? – ARAŞDIRMA

2016-10-26 17:08:00

Azərbaycanda mövcud monetar vəziyyət pul-kredit siyasətinin daha da sərtləşdiriləcəyini proqnoz edir. Bəs, pul-kredit siyasətinin sərtləşdirilməsi özündə hansı tədbirləri ehtiva edir. Fins.az maliyyə eksperti Ramin Rəhimov ilə birlikdə bu tədbirlərin ardıcıllığını Sizə təqdim edir.

1. Uçot dərəcəsinin artırılması – İlk təsiredici tədbirlərdən biri məhz uçot dərəcəsidir. 2015-ci ilin dekabr devalvasiyasından sonra Azərbaycanda uçot dərəcəsi 3,5%-dən tədricən yüksəlməyə başladı və bu tendensiya 9%-ə qədər davam etdi. Bu il sentyabr ayının 14-dən Azərbaycanda uçot dərəcəsi birdən-birə 6 faiz yüksələrək 15%-ə qalxdı. Ekspert hesab edir ki, bu maksimum həddlərdən biridir və Mərkəzi Bankın yenidən uçot dərəcəsini artırması gözlənilən deyil. 

 2. Məcburi ehtiyat normasının artırılması - yəni bankların cəlb etdiyi depozit portfelinin müəyyən bir hissəsinin Mərkəzi Bankda saxlanılması nəzərdə tutulur. Hazırda milli və xarici valyutanın həcminə görə bu norma 0,5-1 faizdir. Yəni, banklar 10 milyon manat depozit cəlb ediblərsə, məcburi ehtiyyat norması 1 faizdirsə, onda həmin vəsaitin 100 mini Mərkəzi Bankda ehtiyyatda saxlanılmalıdır. Başqa sözlə desək, bank həmin vəsaitdən istifadə edə bilməz. Bu həm də o deməkdir ki, banklarda olan hər 10 milyonun 100 mini dövriyyədən kənarlaşdırılır. Hazırki vəziyyətdə məcburi ehtiyyat normasının qaldırılması mümkün variantlardan biri ola bilər.

 3. Açıq bazar əməliyyatları vasitəsilə dövlət qiymətili kağızlarının, eləcə də Mərkəzi Bankın öz maliyyə alətlərinin bazara çıxarılması. Buna SOCAR-ın qiymətli kağızları, Maliyyə Nazirliyinin dövlət istiqrazları və səhm bazarının aktivləşməsi misal ola bilər.

 4. Depozit hərraclarının keçirilməsi – Mərkəzi Bank həftədə bir dəfə olamaqla depozit hərracları keçirir. Hərraclar istənilən nəticəni tam verməsə də banklarda olan manat likvidliyinin cəlb edilməsi üçün məqbul vasitələrdən biridir. Həmçinin manatla maliyyə alətləri olmadığından da qismən gəlirlidir. Son depozit hərracında 50 milyon manat gözləntisinə baxmayaraq banklardan 24,0 mln. manat cəlb olundu və orta ölçülmüş faiz dərəcəsi isə 14,37%-ə qədər düşdü.   

5. Kredit maksimumu alətinin tətbiqi – bankların həyata keçirdiyi kredit əməliyyatlarında kredit limitlərinin müəyyənləşdirilməsi deməkdir. Yəni, bankların cəlb etdikləri depozitlərin və vəsaitlərin hansı faiz nisbətində kreditləşməyə yönəltmələrinə müəyyən limitlər qoyula bilər.

6. Faiz nəzarəti – faiz dərəcəsinin müəyyənləşdirilməsi deməkdir. Depozit və kreditləşmədə maksimum faiz dərəcələri müəyyən olunub. Qorunan depozitlər üzrə faiz dəhlizi hazırda 15 faizdir. Faiz nəzarəti depozit əlaqələrini genişləndirməklə yanaşı, həm də kredit əməliyyatlarını məhdudlaşdırmaq məqsədilə istifadə oluna bilər. Bu halda kreditləşmə üzrə  maksimum dərəcə müəyyənləşəcək. Hazırki vəziyyətdə bu alətin yalnız istehlak kreditlərinə şamil olunması ağlabatan görünə bilər.

Sərtləşdirilmiş monetar siyasətin mahiyyəti nədir?

Bu addımlar ilk növbədə dövriyyədən manat kütləsinin yığışdırılması və nəticədə manatın dəyərsizləşməsinin qarşısını almaq məqsədi daşıyır. Artıq bir neçə alətin paralel olaraq istifadə edildiyini görürük. Qiymətli kağızlar bazarındakı aktivlik, depozit əməliyyatlarının həyata keçirilməsindəki intensivlik və kredit üzrə uçot dərəcəsinin qaldırılması sırf sərtləşdirmə alətləri idi. Eyni zamanda manat aləti olaraq Mərkəzi Bankın notlarının yenidən aktivləşməsini də gözləmək olar. Qeyd edək ki, sabitlik dövrünün maliyyə aləti kimi yadda qalan notlar üzrə gəlirlilik səviyyəsi aşağı olduğundan onlara maraq yüksək deyildi. Əlverişli faiz siyasəti tətbiq etməklə notların satışına da marağı artırmaq mümkündür.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270