BANK

«Əmanətlərə təminat verin, ya da sağlam bankları açıqlayın» – PALATAYA TƏKLİF
12 OKTYABR
1254

«Əmanətlərə təminat verin, ya da sağlam bankları açıqlayın» – PALATAYA TƏKLİF

2016-10-12 16:17:00

Azərbaycanın bank sektorundakı problemlər və bəzi bankların fəaliyyətinin dayandırılması sığorta şirkətləri üçün də başağrısına çevrilməyə başlayıb. Fins.az-ın məlumatına görə, əgər indiyədək bank kreditlərinin azalması sığorta şirkətlərinin müştərilərini azaldırdısa, indi sığorta şirkətləri digər istiqamətdən zərbə alırlar. 

Bankların bir-bir bağlanması sığorta şirkətini çətin duruma salıb

Söhbət sığorta şirkətlərinin banklarda yerləşdirilən vəsaitlərindən gedir. Belə ki, son dövrdə bir-birinin ardınca bankların bağlanması öz vəsaitlərini,sığorta ehtiyatlarını bu banklarda saxlayan sığorta şirkətlərinin işini çətinləşdirir.Birincisi bağlanan banklardakı vəsaitlərin geri qayıtmasında yaranan problem sığorta şirkətlərində kapital çatışmazlığına səbəb olur.

Bağlanan banka qoyduğu pulu götürə bilmir ki, müştərinin  ödənişini versin 

Digər tərəfdən, toplanan sığorta haqqlarının banka toplanması müştərilərə sığorta ödənişlərinin verilməsində problem yaradır: «Məsələn, vətəndaş bank krediti ilə avtomobil alıb. Bu zaman alınan avtomobil həm də sığortalanıb. Sığorta şirkəti də topladığı bu sığorta haqqlarını eyni banka yatırır. Bank bağlanır. Avtomobili qəzaya düşən sürücü sığorta şirkətindən ödəniş tələb edir. Vəsaitləri həmin bankda saxlayan sığorta şirkəti isə müştərinin ödənişi verməkdə çətinlik çəkir»-deyə sığota şirkətindən bildirilib.

Sığorta şirkətləri çıxılmaz durumda

Sığorta şirkətlərindən fins.az-a verilən məlumata görə, Maliyyə Nazirliyinin «Sığortaçıların investisiya əməliyyatları ilə bağlı QAYDALAR»ına əsasən sığorta şirkətləri kapitallarını bir neçə bankda yerləşdirməli olurlar. Buna baxmayaraq ötən ilin sonundan etibarən 13 bankın bağlanması sığorta bazarında da vəziyyəti gərginləşdirib. Belə ki, kapitalları bağlanan banklarda olan sığorta şirkətləri ya bağlanır, ya da böhranlı vəziyyətə düşür. Üstəlik bankların bağlanması prosesinin davam edəcəyi gözləntisi sığorta şirkətlərində də bank sektoruna inamı azaldıb. Şirkətlər çıxılmaz vəziyyətdə qalıb.

Vəziyyətdən çıxış yolu olaraq Palataya 2 təklif

Sığortaçılar sığorta bazarında böhranlı vəziyyətin aradan qaldırılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası qarşısında bir neçə təklif irəli sürürlər. 

1. Dövlət bağlanan banklardakı əmanətlərə təminat versin 

Xarici təcrübəyə əsasən belə vəziyyətlərdə bağlanan banklardakı kapitala görə, dövlət özü təminat verir.Sığorta ekspertləri bildirirlər ki, sadalanan təcrübə qonşu Türkiyədə də tətbiq edilir. Buna arxayın olan sığorta şirkəti rahat fəaliyyətini davam etdirir. Sığortaçılar hesab edirlər ki, eyni təcrübədən Azərbaycanda da istifadə edilməsi məqsədəuyğun olar.Yəni, sığorta şirkətinin bağlanan bankdakı depozitlərinə görə məsuliyyəti dövlət öz üzərinə götürsün. 

2. Sığorta şirkətlərinə bağlanmayacaq bankların siyahısı verilsin

Digər təklif isə ondan ibarətdir ki, mövcud rikslərdən qorunmaq üçün Palata sağlam,ödəmə qabiliyyəti olan,beynəlxalq reytinq agentliklərinin yüksək qiymətləndirdiyi və bağlanma ehtimalı olmayan bankların siyahısını sığorta şirkətlərinə açıqlasın. Belə olan halda sığorta bazarında yaranan gərginlik də aradan qalxa bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275