AVTO

Gələcəyin dəb avtomobilləri
09 OKTYABR
418

Gələcəyin dəb avtomobilləri

2018-10-09 11:06:00

2018-ci ilin ilk yarısında Almaniyada təxminən 17 200 elektromobil və 16 700 hibrid ötürücüsü olan avtomobil satılıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 51 faiz çox olsa da, benzin və dizel yanacağı ilə işləyən maşınların satışının cəmi 1,8 faizini təşkil edir. Elektromobil satışına görə dünya lideri olan Norveçlə (təxminən 40 faiz) müqayisədə almanların bu rəqəmi çox aşağıdır.

Fins.az xəbər verir ki, almanların geridə qalmasının iki səbəbi var. Alman avtomobil sənayesi uzun müddət elektromobillər dövrünün gələcəyinə inanmır və özlərinin dünya liderləri arasında yer aldıqları daxili yanma mühərriklərinə üstünlük verirdi. Nəticədə, bir çox elektromobil modelləri sadəcə kağız üzərində qalıb. Digər səbəb, Almaniya hökuməti tərəfindən elektromobil alıcısına güzəştlərin çox gec tətbiq olunmasıdır.

Lakin cari ilin sentyabrında çətin yollar üçün nəzərdə tutulan “e-tron” elektromobilinin təqdimatı sayəsində bu məsələdə dönüş yaranıb. “Audi”nin bu ilk modeli bütünlüklə elektrik mühərriki ilə işləyir və istehsalçı şirkətin də dediyi kimi, onun ilk “mükəmməl” seriya elektromobilidir. Artıq bu ilin sonunda alıcılar üçün ilk tədarükə başlanacaq və indidən maşınları sifariş etmək olar.

Sentyabrın 17-də ABŞ-da keçirilən “Audi e-tron” elektromobillərinin təqdimatı seçmə elektromobillərin istehsalçısı olan “Tesla” amerikan şirkəti ilə rəqabətə hazır olmaq niyyətinin göstəricisi sayıla bilər. Belə ki, “e-tron” “Teslanın 3-cü modelində olduğu kimi, 400 kilometr yol qət edə biləcək.

“Volkswagen” konserninə məxsus olan digər markaların elektromobillərinin göstəriciləri daha az təəssürat bağışlayır. Belə ki, hazırda konsern müştərilərinə cəmi iki elektrik modeli – “E-Golf” (2014-cü ildən) və “E-Up” (2013-cü ildən) satır. Texniki göstəricilər belədir: “E-Golf” köhnə və daha aşağı ekoloji normalarla 300 kilometr, “E-Up” isə 160 kilometr yol qət edir.

“Daimler” şirkətinə məxsus olan “Smart” markası bütünlüklə elektrik mühərrikinə keçiriləcək. 2020-ci ildən bu maşınlar bütün Qərbi Avropa ölkələrində yalnız elektromobil kimi satılacaq. Hələ 2017-ci ildə “Smart” ABŞ, Kanada və Norveçdə benzinlə işləyən mühərriklərdən imtina edib.

“Volkswagen”in digər törəmə şirkəti olan “Porsche” də bu layihələrə milyardlarla avro sərmayə qoyur. Bu brendin tam elektrik modeli 2020-ci ildə gözlənilir. Modelin ilkin adının “Taycan” olması nəzərdə tutulur.

Almaniyada buraxılan “Opel” markasının pərəstişkarları isə artıq 2012-ci ildən “Ampera” elektromobilini əldə edə biliblər. Əslində, bu maşınlar ABŞ-da istehsal olunub. Bu səbəbdən 2017-ci ildə “Opel” şirkətini satın alan Fransanın “PSA” konserni yeni elektromobillərin istehsalı üzrə planını elan edib: 2020-ci ildə elektrik ötürücüsü ilə işləyən yeni “Corsa” modelinin, 2022-ci ildə isə daha dörd elektromobilin bazara çıxarılması gözlənilir.

“Deutsche Post” alman poçtu isə 2014-cü ildə avtomobil istehsalçısı tapa bilmədiyindən, o zamanlar heç kimə tanış olmayan “StreetScooter” şirkətini alıb və poçtun daşınması üçün kiçik avtofurqonlar tədarük etməyə başlayıb. Bu işin öhdəsindən uğurla gələn firmanın fəaliyyəti nəticəsində hazırda Almaniya yollarında onun istehsal etdiyi 6 mindən çox sarı rəngdə elektromobillər şütüyür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258