AVTO

Avtomobil oğurluğu artıb – MAŞINDA QİYMƏTLİ ƏŞYA SAXLAMAYIN!
27 APREL
517

Avtomobil oğurluğu artıb – MAŞINDA QİYMƏTLİ ƏŞYA SAXLAMAYIN!

2016-04-27 11:42:00

Son dövrlərdə avtomobillərdən oğurluq halları artıb. Sığorta şirkətlərdən verilən məlumata görə, belə hallar xüsusilə də mart ayında  çoxalıb. Adi qaydada bir neçə ayda 1 dəfə avtomobildən oğurluq halına rast gəlinirdisə, ötən ay hər şirkətə bununla bağlı bir neçə müraciət edilib. Sığortaçılar bildirirlər ki,  avtomobilin şüşəsi sındırılaraq  içindəki dəyərli əşyalar, bundan əlavə avtomobilin özünə aid hissələr oğurlanır. Regionlarda isə hətta bəzi hallarda avtomobillər qaçırılır.

Bir ayda 7 avtomobil oğurluğu müraciəti 

Avtomobillərdən oğurluq halları ilə bağlı daha çox “Rəvan Sığorta” şirkətinə müraciət edilib. Şirkətin sığorta hadisələri departamentinin rəhbəri Rüfət Quliyev fins.az-a bildirib ki,  adi qaydada bir neçə ayda bir dəfə avtomobildən oğurluq halına rast gəlinir. Amma ötən ay birdən-birə bununla bağlı sığorta şirkətinə 7 müraciət daxil olub.

“Buta Sığorta”: “Mart ayında 4 oğurluqla müraciət edilib”

Mart ayında avtomobildən oğurluq hallarının artdığını  “Buta Sığorta” şirkətində də etiraf edirlər. Şirkətin sığorta hadisələri departamentinin rəhbəri  Elçin Həsənov  fins.az-a bildirib ki,  ötən ay 4-5 belə oğurluq halı ilə  rastlaşıb. Bu avtomobillərdən 2-si isə “Buta Sığorta” şirkətindən sığortalı olub. Hadisələrin hamısı 4 mikrorayon ərazisində baş verib. Belə ki, mart ayının əvvəlində oğurluq məqsədi ilə “Hyundai” avtomobilin şüşəsi sındırılıb.  “Jeep Grandsheroke” avtomobillərinin şüşəsini  isə sındırmaq mümkün olmayıb. Amma şüşə çatlayıb. Avtomobillərə dəyən 600-800 manatlıq ziyanı sığorta şirkəti ödəyib. 

Oğrular  avtomobil sahiblərini izləyir 

Oğrular adətən avtomobil sahibini bir müddət izləyirlər.Avtomobilə hansısa qiymətli əşyanın qoyulduğunu görəndən sonra şüşəni sındıraraq bu əşyaları götürürlər. R.Quliyev pul kisəsi, smartfon, bahalı noutbuk və digər əşyaların avtomobildən oğurlanması halları ilə qarşılaşdıqlarını deyir: “Məsələn, belə oğurluq halları görə sığortalı müştəriyə böyük ziyan dəyib. Fevral ayının 2-də Binəqədi rayonunda “İnfiniti” avtomobilindən oğurluq edilib. Avtomobilin şüşəsini sındıran oğrular 2500 manatlıq “Apple” noutbukunu aparıblar”. 

Sığorta şirkətləri yalnız avtomobilə dəyən ziyanı ödəyirlər 

Amma  belə hadisələrdə sığorta şirkətləri oğurlanan əşyaya görə deyil, yalnız avtomobilə dəyən ziyanı ödəyirlər. Çox vaxt isə avtombilə dəyən ziyan sadəcə şüşənin sındırılması və ya qapının əzilməsi olur. Bu isə 100-200 manat arasında zərər deməkdir. R.Quliyevin sözlərinə görə, belə kiçik zərərlər isə adətən azadolma məbləğinə düşür. Ona görə də avtomobil sahibləri sığorta ödənişi üçün müraciət etmirlər. Məsələn, son belə hadisə  mart ayının 28-də baş verib. Yasamal rayonunda “Nissan X Trail” avtomobilinin şüşəsini sındırıblar. Amma oğurlamağa bir şey  tapmayıblar. Avtomobilə 140 manat ziyan dəyib.  Bu məbləğ isə azadolma məbləğinə düşüb. 

Daha çox “VAZ 2107” və “Daewoo Centra”lar qaçırılır

Bakı ilə yanaşı regionlarda da avtomobil oğurluğu halları artıb. Sığorta ekspertləri  hətta  regionlarda  oğurluqla yanaşı avtomobillərin  qaçırılması  hallarının da rast gəlindiyi deyir. Daha çox qaçırılan maşınlar  isə “Vaz 2107” və “Daewoo Centra” avtomobilləridir. Sığorta eksperti Qismət Əsədov fins.az-a bildirib ki, avtomobil oğruları daha çox ucuz və təhlükəsizlik sistemi olmayan avtomobilləri qaçırmağa üstünlük verirlər.“Vaz 2107  avtomobillərini  bu səbəbdən qaçırmaq çox asandır. Bunun üçün ya  şüşəni sındırırlar, ya da müxtəlif alətlərlə qapını asanlıqla aça bilirlər. Məsələn, mart ayında Şirvan şəhərində belə bir avtomobil oğurluğu olub: “Qonşunun  “Vaz 2107” avtomobilini  qaçırıblar. Avtomobil hələ də tapılmayıb”. Ekspertin sözlərinə görə, ucuz avtomobilləri qaçırılarkən adətən onları tapmaq mümkün olmur. Bu avtomobillər  ya nömrəsi dəyişdirilərək sürülür ya da  sökülərək ehtiyat hissələri şəklində satılır. 

Avtomobildə  qiymətli əşya saxlamaq olmaz 

Sığorta eksperləri bildirirlər ki, oğurluq halları adətən gecə saatlarında nəzarətsiz ərazilərdə, kamera  və nəzarətçi olmayan yerlərdə baş verir. R.Quliyev bildirib ki,  rast gəlinən bütün oğurluq halları nəzarətçi  və kamera görüntüsü olmayan ərazilərdə baş verib.Ona görə də sürücülər belə risklərdən qorunmaq üçün avtomobili nəzarətsiz yerlərdə parklamaqdan çəkinməlidirlər. Bununla yanaşı, sürücülər oğurluq halları ilə qarşılaşmamaq üçün bahalı əşyaları, yəni pul kisəsi, smartfon, noutbuk, zinət əşyalarını avtomobildə saxlamamalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272