SƏNAYE

Kinkan meyvəsi nə vaxt yığılmalıdır?
26 DEKABR 2018
279

Kinkan meyvəsi nə vaxt yığılmalıdır?

2018-12-26 09:57:00

Bir neçə gündür Lənkəran rayonunun sitrus bağlarında kinkan yığımına başlanılıb. Fins.az xəbər verir ki, kinkan meyvəsinin Vətəni Cənub-şərqi Çin və Hind-Çindir. Bu meyvə növü ölkəmizdə yalnız subtropik iqlimə malik cənub bölgəsində yetişdirilir.

Lənkəran rayonunda sitrusçuluqla məşğul olan fermerlərin və məhsul istehsalçılarının sözlərinə görə, builki yay mövsümünün quraq keçməsi çox su tələb edən kinkanın məhsuldarlığına da təsirsiz ötüşməyib. Ötən illə müqayisədə məhsuldarlıq 50 faiz aşağıdır. Əsasən yerli bazara çıxarılır. Bir kiloqram kinkanın qiyməti 1,5-2 manatdır. Bayram günlərində qiymətlərin bahalaşacağı gözlənilir. Orqanizm üçün bir çox faydaları olan kinkanı “yapon apelsini”, “müdriklərin qidası” da adlandırırlar. Şərq təbabətində bu meyvədən hələ qədim zamanlardan istifadə olunub. Diametri 2-3, uzunluğu isə 2,5-4 santimetrdir. Bir meyvənin kütləsi 12-15 qram olur. Qabığı nazik, narıncı və ya qırmızı-narıncıdır. Ətirli, şirin və xoşagələn dadı var. Dadına görə portağalı xatırladır. Tərkibi A, C, E, B vitaminləri, həmçinin kalium, kalsium, fosfor, sink, maqnezium, mis və dəmirlə zəngindir. Sinir sisteminə, fiziki və zehni fəaliyyətə müsbət təsir göstərir. Kinkan meyvəsindən müntəzəm istifadə etməklə xolesterinin miqdarını aşağı salmaq olar. Həmçinin orqanizmin immun sistemini gücləndirir, bədənin xəstəliklərə qarşı müqavimətini artırır. Yüksək qan təzyiqindən şikayətlənənlər üçün təbii dərmandır. Kalsiumla zəngin olduğundan sümüklər üçün də olduqca faydalıdır.

Mütəxəssislər kinkanı qabıqla birgə gün ərzində 5-6 ədəddən artıq yeməməyi məsləhət görürlər. Rayonda kinkan yığımı yaz aylarınadək davam edəcək.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264