SƏNAYE

Azərbaycanda azalan meyvə bağlarının vəziyyəti ARAŞDIRMA
04 SENTYABR
261

Azərbaycanda azalan meyvə bağlarının vəziyyəti ARAŞDIRMA

2018-09-04 10:33:00

Sitrus bitkiləri qrupuna aid olan naringi, portağal və limon müvafiq xarici mühit və xüsusi texnoloji qulluq tələb etdiyi üçün Azərbaycanda məhdud ərazidə (Lənkəran iqtisadi rayonu) becərilməsinə baxmayaraq, sitrus meyvələrinin istehsalı ölkənin kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edir.

Azərbaycanda sitrus meyvəçiliyinin inkişafının əsası 1930-cu ildə Astara rayonunda ümumi sahəsi 800 hektar olan Subtropik Bitkilər Sovxozunun yaradılması ilə qoyulmuş və onun 500 hektara yaxın ərazisində limon, naringi, portağal, feyxoa, çay, nəcib dəfnə və s. bitkilərin becərilməsinə başlanılıb.

Fins.az rəsmi statistik məlumatlara əsasən bildirir ki, ölkəmizdə meyvə bağlarının sahəsi 2000-ci ilə qədər sürətlə azalmağa başlamış, 2000-2008-ci illər ərzində azalma nisbətən səngimiş, 2009-cu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin daha da gücləndirilməsi sitrus meyvə bağlarının sürətlə genişlənməsinə səbəb olmuşdur.

2017-ci ildə ölkədə sitrus bağlarının ümumi sahəsi 2010-cu illə müqayisədə 1,9 dəfə artaraq 3191,2 hektar təşkil etmiş, məhsul istehsalı isə 2,2 dəfə artaraq 42,8 min tona çatdırılıb. 2017-ci ildə ölkəmizə 18,9 milyon ABŞ dolları dəyərində 30,6 min ton sitrus meyvələri, o cümlədən 12,6 min ton portağal, 11,9 min ton limon, 4,6 min ton naringi, 1,5 min ton qreypfrut və digər sitrus meyvələri idxal edilib. 

Qeyd edək ki, “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli Sərəncamı sitrus meyvəçiliyinin inkişafı üçün əlverişli mühit yaratmışdır. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək sitrus meyvələri istehsalı həcminin 100 min tona çatdırılması nəzərdə tutulur.

Dünyada istehsal olunan sitrus meyvələrinin 24 faizi Çin Xalq Respublikasının, 15 faizi Braziliyanın, 8 faizi ABŞ-ın, 6 faizi Hindistanın, 5 faizi Meksikanın, 4 faizi İspaniyanın, 3,7 faizi Türkiyənin, 3 faizi Misirin payına düşür.

FAO-nun məlumatlarına əsasən, Avropa ölkələrinə ixracatçılar tərəfindən ildə 13,5 milyard ABŞ dolları dəyərində 15 milyon tona yaxın və ya istehsal olunmuş məhsulun 10-15 faizi həcmində sitrus meyvələri ixrac edilir. Hazırda İspaniya (3,6 milyard ABŞ dolları), ABŞ (1,0 milyard ABŞ dolları), Çin Xalq Respublikası (970 milyon ABŞ dolları) və Cənubi Afrika Respublikası (900 milyon ABŞ dolları) ölkələri dünyanın ən böyük sitrus meyvələri ixracatçıları hesab olunurlar.

Rusiya Federasiyası, Fransa, Almaniya, Hollandiya və Böyük Britaniya sitrus meyvələrinin ən çox idxal edildiyi ölkələrdir. Azərbaycan məhsullarının da ixrac olunduğu Rusiya Federasiyası tərəfindən 2016-cı ildə 1,2 milyard ABŞ dolları həcmində sitrus meyvələri idxal edilmişdir ki, bu da dünya üzrə idxal edilmiş məhsulların 9 faizini təşkil edir.

Müəllif: Tuncay Türbəndəzadə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258