SƏNAYE

Onların aylıq maaşı 75 min dollara qədərdir
30 İYUL
683

Onların aylıq maaşı 75 min dollara qədərdir

2018-07-30 09:46:00

Zaur Səlim 2009-cu ildən ölkəmizin müxtəlif təsərrüfatlarında aqronom xidmətləri göstərir. Təhsilini  Böyük Britanyanın Cardiff Universitetində alıb. Deyir ki, əsas məqsədlərindən biri Azərbaycanda milli aqronom kadrların yetişdirilməsi işinə tövhə verməkdir. “Bu sahədə dövlət dəstəyi olmamasına baxmayaraq kifayət qədər kadrlarımız var. Hərçənd, o kadrları axtaran yoxdu”- deyən müsahibimiz fikirlərini belə əsaslandırdı:  
- “Kadr yoxdu!”- deyib bağıranlar sahibkarlardır. Onların əksəriyyəti bir dəfə də olsun yerli kadrlara müraciət etməyiblər. Axtarsalar görərlər ki,  dünyanın müxtəlif ölkələrində təhsil almış kadrlarımız var ki, heç Türkiyə də elə kadrlar yoxdur. Bu gün Azərbaycana gələn xarici aqronomlar  İsrail,  Hollandiya və Turkiyədən gəlir, hansı ki, onların heç biri öz ölkəsindən kənarda təhsil almayıblar. Amma Azərbaycanda olan aqronomların əksəriyyəti xaricdə təhsil almış tələbələrdir. Aqrar Universitetin elə tələbələri var ki, İngiltərədə, Sloveniyada magistr təhsili alıblar. Dünyanın aqrar sahə üzrə mərkəzi sayılan ABŞ-ın Florida ştatında təhsil almış  aqronomlarımız var, hansı ki, “ixrac olunan  aqronomlar”ın təhsili bir yana, heç o ölkələrin üzünü  görməyiblar. 
Demək istədiyim odur ki, kadr üçün narahat olmağa dəyməz. Bu gün narahat olunası mövzu odur ki, kadrlarımızın dəyərini artırmaq lazımdır, onları tanıtmaq lazımdır. 
- Belə çıxır ki, potensial var, amma yerli kadrlara inamsızlıq hökm sürür...
- Bəli, yerli kadrlardan istifadə çox zəifdir. Bu gün hər hektardan daha cox norma verən aqronomlardan istifadə edirlər. Belələri məhsul yox, “plastik” istehsal edir. Əksəriyyəti də heç bir yetişdirmə mühiti, iqlim şəraitini nəzərə almadan, hazır reseptlərlə işləyən  aqronomlardır. “İdxal olunmuş aqronomlar” belələrinə deyirəm. Amma yerli aqronomlarımız 4 - 5 il bitki ilə ünsiyyət dilini öyrənirlər universitetdə. Ondan sonra becərməni öyrənirlər. Bu aqronomlardan istifadə olunsa, o vaxtı bazara qaydasında olan məhsul çıxacaq. 
- Aqrar Universitetin fəaliyyəti sizi razı salır? 
- Bizim aqronomlarımızın ümumi bazası Aqrar Universtetdir. 5 il bundan əvvələ qədər onun fəaliyyətini mən özümdə qəbul etmirdim, normal fəaliyyəti yox idi. Amma indi dövlətin də kənd təsərrüfatına yanaşması dəyişib. Əvvəllər bu universiteti bitirən tələbə düşünürdü ki, harda işləyəcəm?. Amma indi kifayət qədər kənd təsərrüfatı müəssisələri var. Kadr bilir ki, təhsilini müvəffəqiyyətlə bitirsə işləyəcək yer çoxdu. Aqrar Universitetdə zəhmətkeş, bacarıqlı  tələbələr az deyil. Təhsil ocağı xeyli kadrları xaricdə təhsilə  cəlb edib. Mən bilən ABŞ-ın Florida ştatında,  Turkiyənin Süleyman Dəmirəl Universitetində, Ankara Universitetində magistr bazası üzrə təhsil alanlar var. 
-Eşitdiyimizə görə, xarici ölkələrdə işləyən aqronomlarımız az deyil...
- Bu da təbii prosesdir, dünyaya  inteqrasiya olunurlar. Məsələn, Misirdə təhsil almış, orada təcrübə keçmiş azərbaycanlı  aqronomlarımız var. Misir pambıqçılıqda birinci yerdə duran  ölkədir. Amma bizdə pambıqçılıq ötən əsrin 60-cı illərinin ənənəsində qalıb. Suvarma sistemi  belə dəyişməyib. Torpaq analizi, su analizi deyilən anlayış pambıqçılıqda ümumiyyətlə yoxdur. Yenə digər kənd təsərrüfatı məhsullarında qismən tətbiq olunsada pambıqçılıqda mövcud deyil. Amerika belə  tələbə göndərir ki, gedib Misirdə təcrübə keçsin. Bizim Aqrar Universitetin orda təhsil almış, təcrübə keçmiş aqronomları var. Bu gün pambıq istehsal edən böyük şirkətlər var,  həmin şirkətin rəhbərliyi tələbələri axtarmırsa, tələbə gedib onun qapısını döyən deyil. Şirkət özü gedib universitetin  qapısını döyməlidir ki, mənə pambıqçılıq üzrə  kadr ver. Bu gün təlabat olmadığı üçün kadrların çoxu peşman olub geri qayıtmaq istəyirlər. Sahibkarlar xaricdə təhsil almış tələbələrə diqqəti artırmasalar iki-üç ildən sonra kimsə təhsilini alıb nə bura qayıdacaq, nə də burdakılardan kimsə  qalacaq. Rusiya, Ukrayna ən yaxın kənd təsərrüfat ölkələridir,  hamı  dağlışıb gedəcək ora. Öz elmlərini orda dəyərləndirəcəklər. 
- Heç kəs övladının aqronom, baytar olmasını istəmir...
- Beş il bundan əvvələ aiddir bu fikir. İndi nazir də istəyir aqronom olmaq. Bu gün aqronomluq peşəsi bazarda öz yerini tapıb. Prezidentdən tutmuş fəhləyə kimi hamının sağlam kənd təsərrüfatı məhsullarına ehtiyacı var. Odur ki, “könülü balıq istəyənin, quyruğu suda gərək”.  Bu gün sağlam məhsullar istəyən valideynlər övladlarına kənd təsərrüfatı sahələrini aşılamalıdırlar.  İnanmıram ki, valideynlər narazı olsunlar ovladlarının bu sahəyə getməsinə. Ölkədə ən üst səviyyədə əmək haqqı aqranomlardadır.
- Necə? Axı, hamı aqronomların maaşının az olmasından şikayətçidir...
- Bu sahədə  minimum əmək haqqı 1500 - 2000 manatdan başlayır. Bəzən 30 000 manata qədər gedib çıxır. Bu tələbənin zəhmətindən, təcrübəsindən, əzmindən asılıdır. İşləmək dövründə nə qədər zəhmət çəkə bilirsə, nə qədər əzm göstərirsə, nə qədər çətinliyə sinə gələ bilirsə, o qədər də bu rəqəm yüksəlir.  
- Siz övladınızın aqronom olmasını istəyərsinizmi? 
- Mənim övladlarım hansı sahəni istəsə o sahəni seçəcək, hələki böyük övladımın 5 yaşı var. Amma mənim üçün aqronomiya, biologiya əvəzsizdir. Bu elmlərə məhəbbətim V sinifdən yaranmışdı. Elə bir insan olarmı ki, bu elmlərə məhəbbəti olmasın?!. Mən öz məhəbbətimi düzgün dəyərləndirmişəm sonuna qədər. 
- Aqrar ixtisasları seçən abituriyentlərə 200 manat təqaüd veriləcək. Bu addımın nəticəsi ola bilərmi? 
- Məncə, 200 manat tələbədə Aqrar Universitetə marağı artıracaq, amma məhəbbəti artıracağına inanmıram. Məhəbbət V sinifdən başlayır,  şagird dərsdən çıxıb evə gəlir və pəncərənin qarşısında qoyulmuş dibçəkdə oxuduqlarını əyani müşahidə edir. Əsas məsələ, universiteti bitirmiş məzunların təcrübə keçmələrinə önəm vermək, onların potensialını dəyərləndirmək lazımdır. Onların aldıqları təhsilin təcrübədə realizə olunmasına  dövlətin dəstəyi olsa yaxşı olar. Ölkədə mikrobiologiya ekspertizası laboratoriyası qurmaq lazımdır ki, məzunların təcrübələri zənginləşsin. O halda yetərincə kadrlarımız dəyərləndiriləcək.
- Cəmiyyətdə şübhələr var ki, istixanalarda geni dəyişdirilmiş məhsullar yetişdirilir. Əsası varmı? 
- Şükür Allaha gömrükdə GMO məhsullarına ciddi nəzarət var. Amma bir faktda var ki, böyük istixana təsərrüfatlarının əksəriyyəti məmur əlindədir. Məmur əlindədirsə, GMO gətirmək istəsə,  nəzarət eləyən  mexanizmdə məmur əlindədirsə kim nəzarət eliyəcək? Məmur məmura nəzarət edərmi? GMO-nun gətirilməsi, bazarlarımızda satılması haqda kimsə nəsə bilirsə səsini ucaltmalıdır.  Aqronomlarda həmçinin, istixanalarda əkilirsə efirlərdə qabartmalıdırlar. Dərd ondadır ki, GMO-nu bazarda təyin eləyəcək mexanizm yoxdu, gözlə təyin olunası iş deyil. GMO-nun məhsulları daha gözəl olur, təbii ki, insan orqanik məhsulu qoyub onu alacaq. Sözlə bu prosesə nəzarət eləmək mümkün olmayacaq. Obyektlərin hamısı məmur obyektləridir, amma bu sahənin içində olan bir adam kimi deyirəm ki, istər məmur obyekti, istər qeyri - məmur obyekti olsun, bu gün Azərbaycanda GMO məhsulu yoxdu, əkilmir. Gələcəkdə əkilib -  əkilməyəcəyi isə istixana sahibinin vicdanına bağlı olan bir şeydir. Əkmək istəsə qarşısını heç kim ala bilməz və onu sabah bazarda təyin eləmək qeyri-mümkündür. 
- Bəzən ictimai rəydə hibrit məhsullarla GMO-nu qarışdırırlar...
- Hibrit məhsullar elmin məhsuludur,  seleksiya tapıntısıdır. Üstün qabliyyətli məhsulların bir-birinə birləşdirilib yeni sortun əmələ gəlməsidir hibrit. Hibrit sortlardan heç kim narahat olmasın. Həyətində kimsə cır alça ağacına normal bir alça ağacını calağ eliyirsə bu da hibrit sayılır. Birinin kök qabliyyətinin üstünlüyündən istifadə edirsən, birinin isə meyvəsinin üstünlüyündən, bir-birinə hibritləşdirirsən. Yəni, hibrit dediyimiz proses toxumun içində gedən seleksiyadır, GMO demək deyil. 
Amma camaat da yersiz yerə etirazını bildirmir. Son dövrlər aldıqları məhsulların dadında, keyfiyyətində ciddi dəyişmələr baş verib, insanlar öz orqanizmlərindəki problemlərdən narazadır haqlı olaraq. Və ya aldığı məhsulda dad-tam hiss etməyəndə  orqanizmindəki narahatçılığı ona bağlayırlar. Dadı, tamı olmayan məhsulun faydası olmayacaq. Elmi mütəxəssislər,  həkimlər fikir bildirməlidir bu məsələyə. 
- Maraqlı mövzuya gəldik, istixanalarda yetişdirilən məhsulların çox vaxt dadı-tamı olmur....
- Məhsulun mütləq parametrləri gözlənilməlidir. Parametrlər dedikdə dadı, qoxusu və cəkisi nəzərdə tutulur. Məsələn, çəkisi 70 kq olan insan ən sağlam insan sayılır. Bəzən insan olur ki, çəkisi 250 kq-a çatır,  sağlamlığında bir problem olmasada görünüşü xəstə görünüşü sayılır. Məhsulda bəzən 250 kq-lıq insan formasında çıxır bazara. Bunun görünüşü bir xəsdəlikdir, sağlam qəbul elədiyimiz parametrlər var, onlar mütləq gözlənilməlidir. Bundan ötrü həkimlərimiz, alimlərimiz rəy bildirsə yaxşıdır. Məhsullarımızın yetişdirilməsində anormallıqlar kifayət qədərdir. 
- Bir çox hallarda pomidor və ya xiyardan balıq tamı gəlir...
- İstər balıq olsun, istər pomidor, oların hər ikisində  karbohidrat zülalların balansı var. Bu gün bir cox istixanalar var ki, torpaqsız əkinə, kustar bir yolla  keçiblər. Torpaqsız əkin deyəndə onun yetişdiriciliyidə fərqlidir. Orada nəzərdə tutulan qida maddələri torpaqdakı qədər deyil. Torpaqda 3-4 gübrədən istifadə olunur, qalanları torpaq tərəfindən təmin olunur və torpaq dediyimiz sadə mexanizm deyil.  1 qramında 40 milyon canlı yaşayan  mexanizmdir.  1 qramında gör,  indi bu o canlıların istehsal elədiyi amin turşuları, proteinlər və s. mikro maddələr var ki, onlar bitkinin tamlığını tamamlayır. Torpaqsız əkində torpaq olmadığına görə, 40 milyon canlı orqanizm olmadığına görə, həmin o mexanizmi süni şəkildə təşkil etməlisən. Dediyiniz iradlarla razıyam, bu o vaxt baş verir ki, torpaqlı əkindən torpaqsız əkinə kustar bir yolla keçirlər. Torpaqsız əkində bitki substratlarda əkilir. Hər hansı bir substratda qum subsratı var, “kokbit” var, bir çox növləri var. Onlar sıfır tərkibli substratdır. Bu o deməkdir ki, torpaqda dediyimiz 40 milyon elementin həmin mühitdə xırdalığının təmin edilməsidir. Həm də müxtəlif vaxtlarda. Amin turşularının, fosforlu gübrələrin hərəsinin öz vaxtı var,  mikroelementlər bir vaxt olur. Deməli, torpaqdan torpaqsız əkinə keçərkən kustar yolla keçirlər və protein, yağ balansı pozulur bitkidən aptek iyi gəlir. Bəzən görürsünüz ki,  göldə yetişdirilən balığın özündə belə xususi tam əmələ gəlir. Bu birtərkibli qidayla qidalanmaya görədir. Balığın azota, fosfora ehtiyacı var. Bir buğdayla onu təmin etmək qeyri-mümkündür. Gübrə şəklində təmin etmək istəmirsənsə, mütləq ona noxud, qarğıdalı verməlisən.
Bəzən  modern istixanalarda belə görürsən ki, aqronomu torpaqda əkin aqronomudur, torpaqsız əkin haqda məlumatsızdır. Torpaqlı əkinçilikdə yaxşı nəticələr verdiyinə görə işə dəvət ediblər. Belə aqronomların fəaliyyəti nəticəsində bitkiyə lazım olan  elementlərin balansının pozulması müşahidə edilir.
- İstixanalar niyə yalnız pomidor və xiyara yükləniblər. Çeşidlər çox azdır... 
- Bu gün istixanalar tələbə görə fəaliyyətini qurur. Tələb olunsa ki, qışın ortasında mənə əncir ver, istehsal  edəcəklər.Yəni bu gün nə qədər tələb varsa,  o qədərdə yetişdirilir. Xüsusəndə köhnə ənənəvi parniklərdə məşğul olan çoxdu. Kahı əkini ilə məşğul olanlar var. Niyə pomidora daha çox yüklənirlər? Çünki, pomidorun digər məhsullara görə saxlanma müddəti çoxdu. Onu 10-15 gün müddətində hər hansı bir satış yerinə çatdırmaq imkanı var. Xiyarda 5 gündürsə pomidorda 15-20 gündür. Düzdü, istixanalarda yoxlamalar aparılmır ki, banan əksəm bu satılarmı? Məsələn, Gürcüstanda banan parnikləri artıq fəaliyyətə başlayıb, məhsulunuda cıxarıb bazara. Amma heç kim bilmədi ki, bu Gürcüstan məhsuludur. Bizim bazarda da yaxşı satıldı, azərbaycanlılar  elə bildilər Afrikadan gətirilib. İndi də  var bazarlarda. Bizim istixana istehsalı əsasən Rusiya bazarına, oranın tələbinə köklənib. Bu gün orda tələb pomidordursa, parniklər sifarişlə əkir. Alıcı əvvəlcədən yatırım edir,  deyir məhsulu mən alacam o şəkildə ək. Günəş enerjisinin çox düşdüyü zonalarımız var, məsələn Naxçıvan. Gəncə, Samux, Şəmkir 7-ci dərəcəli günəşlənmə zonasıdır. -7 C-də Gəncədə günəş çıxır.  Bu tək - tək regionlarda, dövlətlərdə görülən haldır.  Əlverişli iqlim şəraiti məhsul çeşidinin artırılmasına imkan verir. 
Digər tərəfdən, çoxu da riskə getmək istəmir. Çünki, istixana xərcləri digər dövlətlərə baxanda bizdə daha çoxdu, heç bir dövlət güzəşti yoxdu. İstixana siğortası da yoxdu bu gün.  İnsanlarla siğortaçılar arasındakı münasibətlər o qədər pozulub ki, heç kimin siğortaya  güvəni qalmayıb. Ona görə də düşünmürəm ki, kimsə o riskə gedə. Amma istixanalarda banan əkilsə yaxşı nəticə verər. Qonşu Gürcüstandakı parnikdə oldum keçən il, çox gözəl nəticə verdi. Banan da pomidor kimi yenidən əkilən bitkidir. Ağac olmağına baxmayaraq hər il yenidən əkilir. 
- Bəzən deyirlər ki, hər bir sahibkar aqronomluğu bilməlidir...
- Məncə, sahibkarın aqronom olmağı vacib deyil, biznesmen təfəkkürü olsa bəsdir. Mən bu günki müşahidələrimlə biznesmen olan sahibkar görmürəm. Çünki, 10-15 il Azərbaycanda böyük sözünü qəbul eləmiş təsərrüfatlar var amma durub deyir ki, Azərbaycanda kadr yoxdu. Bunu 2 ilin təsərrüfatı deyə bilər, amma 15 illik təsərrüfatın deməyə haqqı yoxdur. Bu illər ərzində özünə yerli kadr yetişdirməli idi. Bu gün sahibkarlarda da o maraq yoxdu. Yerli aqronomlarımıza etimad göstərmirlər. Bu gün parniki idarə edən sahibkar təsisçi deyil, təsisçi bir başqadı, idarə edən bir başqa. Təsisçisi birbaşa sahibkar, birbaşa icraçısı olan heç bir istixanada xarici aqronom fəaliyyət göstərmir. Hamısında yerli aqronomlardı və çox gözəl nəticələri var. Ən çox kadr şikayəti edən təsisçisi bir başqa, icraçısı bir başqa olan istixanadı. Onlara maraqlıdı ki, xarici aqronomlarla işləsinlər. On beş illik, 20 hektarlıq - 30 hektarlıq sahəsi olan müəsissələr utanmalıdır, kadr şikayəti etməyə. Ona demək lazımdır ki, sən 15 ildə niyə özünə yerli kadr yetişdirməmisən?. Lazım olsa idi 25-30 min dollar əmək haqqı verdiyi xarici aqronoma bu qədər pul yatırınca 5 min dollar yerli aqronoma yatırıb yeri gəlsə Florida da təhsil aldırıb gətirib işlədərdi. 
- Xarici aqronomların əmək haqqı nə qədərdir? 
- 5 min dollardan başlayıb 75 min dollara kimi alanlar var. Ölkəmizdə işləyən xarici aqronomların içində 300 aqronom var, hamısı ilə tanışam. Oların içərisində 3-5 əsl aqronom var, çoxunun heç təhsili də yoxdu. Sadəcə danışdığı dil, gəldiyi ölkə onun “diplom”udur. Amma bizim yerli aqronom bir yerə işə düzələndə ondan tələb olunan evinin  işıq puluna kimi tələb olunur. 

Nicat Nəsirli
“Aqrobiznes” 

Eləcə də bax: Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259