SƏNAYE

Tərtərdə bu günədək 3241 hektar sahədə çiyid səpilib
11 MAY
242

Tərtərdə bu günədək 3241 hektar sahədə çiyid səpilib

2018-05-11 13:32:00

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri çiyid səpinini davam etdirirlər. Ötən il hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sırada dayanan Tərtər pambıqçıları bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar.

Rayon icra hakimiyyətindən bildiriblər ki, cari mövsümdə rayonda 3300 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Bunun üçün məhsul istehsalçıları şum, arat, malalama işlərini vaxtında həyata keçirib, sahələrə üzvi və mineral gübrələr veriblər. Səpin kampaniyasına mütəşəkkil başlayan pambıqçılar qısa müddətdə 3241 hektar sahəyə çiyid səpiblər. Səpinə kifayət qədər aqreqat cəlb olunub və bir həftə ərzində səpin işlərinin tam başa çatdırılması nəzərdə tutulur. “MKT İstehsalat Kommersiya” MMC və “Azərpambıq” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin olunurlar.

Qazyan kənd sakini Suliddin Ələkbərov rayonun ən qabaqcıl pambıqçılarındandır. Ötən il hər hektardan 30 sentner pambıq götürən fermer bu il məhsuldarlığı daha da yüksəltmək fikrindədir.

“2017-ci ildə əkdiyim 18 hektar sahədən 54 ton pambıq götürdüm. Məhsuldarlıq yüksək olduğu üçün təhvil verdiyim pambıqdan subsidiya ilə birlikdə 18 min manat gəlir əldə etdim. Bu il isə pambıq sahələrini 46 hektara çatdırmışıq. Əkin sahələrində aqrotexniki tədbirləri düzgün, vaxtında və ardıcıl həyata keçirməklə, daha yüksək məhsuldarlığa nail olmağa çalışacağıq”, – deyə fermer bildirib.

Qeyd edək ki, 2017-ci ildə Tərtər rayonunda əvvəlki illə müqayisədə 3 dəfə çox olmaqla, 3123 hektarda pambıq becərilib. Tarlalardan 8419 ton pambıq tədarük edilib ki, bu da 2016-cı ildəkindən 3,6 dəfə çoxdur. Pambıq sahəsinin hər hektarından orta məhsuldarlıq da 2016-cı illə müqayisədə 5 sentner artaraq 27 sentnerə çatıb. Bu, ötən il respublika üzrə ən yüksək göstərici olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254