SƏNAYE

İmişli rayonunda "çılpaq ilbiz"lər yayılıb
07 MAY
667

İmişli rayonunda "çılpaq ilbiz"lər yayılıb

2018-05-07 13:29:00

İmişli rayonunun Rəsullu kəndinin sakinlərinə məxsus 3 hektar yonca əkini sahəsinin çılpaq ilbizlərlə (limaks/Limax tiqris talyschanus Boettq/ və parmatsella (Parmaclla olivieri Cuv.)) sirayətləndiyi müəyyən edilib.

Həmçinin müəyyən olunub ki, yonca əkini sahəsi suvarma kanalının yaxınlığında  olduğu üçün sahə tez-tez suvarılıb və nəticədə zərərvericilərin geniş yayılması üçün əlverişli şərait yaranıb. Payız və qış aylarında yağıntının bol olması və rütubətin artması da zərərvericilərin çoxalmasına səbəb olub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri torpaq sahiblərinə və fermerlərə çılpaq ilbizlərə qarşı mübarizə tədbirlərini səmərəli həyata keçirmək, eyni zamanda növbəti illərdə zərərvericilərin inkişafının qarşısının alınması istiqamətində vaxtında mexaniki mübarizə tədbirlərinin aparılması üçün tövsiyyələr veriblər və onlara qarşı istifadə olunan pestisidlərin adlarını və istifadə qaydalarını izah ediblər.

Bu zərərvericilər kənd təsərrüfatı bitkilərindən taxıl, tərəvəz-bostan, paxlalı, qismən texniki və meyvə bitkilərinə zərər verir. İlbizlər növ tərkibindən asılı olaraq qış dövrünü sürfə, yetkin ilbiz və ya yumurta mərhələlərində keçirirlər.

İlbizlərdə yumurta qoyma prosesi iyulun axırlarında başlayır və avqustun əvvələrinə kimi davam edir. Bir dişi ilbiz 400-ə qədər yumurta qoyur. Yumurtalar adətən bitki qalıqlarının, kəsəklərin və digər tullantıların altında topa halında (mövsüm ərzində hər dişi ilbiz 8-10 arası) qoyulur. Hər topada 9-dan 50-yə qədər yumurta olur. Yumurtalardan sürfələrin cıxması 12-20 gün sürür.

Onlar növ tərkibindən asılı olaraq ildə 1-2 nəsil verirlər və 1 ildən 3 ilə qədər yaşayırlar. Yay və payız ayları yağmurlu keçdikdə ilbizlər daha da çoxalırlar. Kütləvi çoxalma illərində isə kənd təsərrüfatı bitkilərinə zərər verirlər. Əsasən bitki yarpaqlarının yumşaq hissəsini gəmirib yeyirlər. Dənli bitkilər öz inkişafının ilk dövründə ilbizlər tərəfindən daha çox zərər cəkir. İlbizlərin kartof yumrularına və bir sıra tərəvəz-bostan bitkilərinin barvermə orqanlarına zərər verdiyi qeyd edilib.

Çılpaq ilbizlərə qarşı aşağıdakı mübarizə tədbirləri aparılmalıdır:

1. Kənd təsərrüfatı bitkiləri yüksək aqrotexniki səviyyədə becərilməli, əkin sahələri alaq otlarından təmiz saxlanılmalı və cərgə araları vaxtında kultivasiya edilməlidir.

2. Məhsul toplandıqdan sonra əkin sahələrindən bitki qalıqları yığılıb məhv edilməli və tarlalarda vaxtında dondurma şumu aparılmalıdır.

3. Çılpaq ilbizlərlə mubarizədə onlara kontakt təsir edən superfosfat, təzə sönmüş əhəng, göydaş, ammonium-sulfat, formalin, furfurol və s. preparatlar, eyni zamanda torpağın zənginləşdirilməsi üçün istifadə olunan makro və ya mikro elementlərdən istifadə etmək tövsiyə olunur. Bu məqsədlə gübrələr və əhəng torpağın tələbatına uyğun olaraq, hər hektara tələb olunan normada istifadə edilməlidir.

4. Zərərvericilərə qarşı metaldehid tərkibli helmasidlərdən Metaldehid, Metadeks, Metalan, Ultra, Furina 6 G, Helmasid, Metalan və Taldeks preparatlarından da istifadə etmək olar. Bunlar eyni tərkibli olduğu üçün mübarizə tədbirləri eyni qaydada aparılır. Məsələn, Helmasid preparatından 1 hektar sahə üçün 40-50 kiloqram çəkidə istifadə olunmalıdır. Belə ki, bu dərmanlar şahmatvari formada nəmli-rütubətli yerlərə topa şəkildə səpilir və hər topada 10-20 qram olmaqla tətbiq edilir. Çılpaq ilbizlər bu aldadıcı yemin iyinə toplanır və qidalanmaqla dərhal məhv olurlar.

Qeyd edək ki, çılpaq ilbizlər karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə aid olmadığından, bu orqanizmlərə qarşı müşahidə və mübarizə üçün dövlət büdcəsindən vəsait ayrılmır. Buna görə də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti çılpaq ilbizlərlə mübarizə aparmaq üçün sahibkarlara və fermerlərə yalnız metodiki dəstək göstərir, müşahidə mübarizə işləri isə hüquqi, yaxud fiziki şəxslərin vəsaitləri hesabına aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259