SƏNAYE

Qusarda regional logistik mərkəz yaradılır
30 MART
456

Qusarda regional logistik mərkəz yaradılır

2018-03-30 13:45:00

Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 1,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər heyvandarlıq və bağçılıq sahələrinin inkişafına, logistik mərkəzin tikintisinə və genişləndirilməsinə yönəldiləcək ki, bunun nəticəsində də 80-dən çox yeni iş yeri açılacaq. Güzəştli kreditlər sahibkarlara martın 30-da, Qusar rayonunun Yuxarı Zeyxur kəndində keçirilən işgüzar forum çərçivəsində təqdim olunub.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Forumda qeyd edilib ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini davam etdirir.

Sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum çərçivəsində Qusar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap və kənd turizmi layihələrinin, tərəvəzçilik və intensiv bağçılıq təsərrüfatlarının, müasir meyvə-tərəvəz və süd emalı müəssisələrinin, ixtisaslaşdırılmış “yaşıl market” və logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Tədbirdə kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun fəaliyyəti və bu ilin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə danışıb. Bildirilib ki, 2018-ci ilin ötən dövründə sahibkarlıq subyektlərinin investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5 min 100-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.

Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 min 500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 189,1 milyon manat güzəştli kredit verilib.

Forum çərçivəsində Qusar rayonunun Kuzun kəndində güzəştli kredit ayrılmış 400 hektar ərazidə intensiv bağçılıq təsərrüfatının və tutumu 12 min ton olan logistik mərkəzin daxil olduğu kompleksə baxış keçirilib. Kompleksdə ötən il istehsal olunan meyvə Rusiya, Qazaxıstan, BƏƏ və Gürcüstana ixrac edilib. Hazırda Qətər, Əfqanıstan, Pakistan, Şri-Lanka və s. ölkələrlə danışıqlar aparılır. Bu kompleks fəaliyyətini genişləndirərək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən fermerlər tərəfindən istehsal olunan məhsulların tədarükü, çeşidləmə və qablaşdırma, məhsulların saxlanması, satışının təşkili, nəqliyyat, sertifikatlaşdırma, gömrük və digər xidmətlər göstərəcəkdir ki, bu da yeni intensiv meyvə bağlarının salınmasını stimullaşdıracaq.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273