SƏNAYE

Fransızlar SOCAR-ın zavodunu yenidən quracaq
03 MAY
517

Fransızlar SOCAR-ın zavodunu yenidən quracaq

2016-05-03 19:01:00

Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində zavod ilə Fransanın “Air Liquede” şirkəti arasında lisenziya, mühəndislik və zəmanət müqavilələri imzalanıb. Dövlət Neft Şirkətindən (SOCAR) fins.az-a verilən məlumata görə, bu münasibətlə keçirilən mərasimdə SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov, şirkətin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, “Air Liquede” şirkətinin qlobal mühəndislik və tikinti məsələləri üzrə vitse-prezidenti Domeniko de Eliya, şirkətin rəhbər nümayəndələri Jörq Ot və Benjamin Buqeat, eləcə də Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQENKK), “SOCAR KBR” şirkətinin nümayəndələri iştirak ediblər. Müqaviləni Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və “Air Liquede” şirkətinin qlobal mühəndislik və tikinti məsələləri üzrə vitse-prezidenti Domeniko de Eliya imzalayıblar.

Mərasimdə Heydər Əliyev adına NEZ-in yenidən qurulması layihəsindən ətraflı söz açılıb, imzalanan sənədin əhəmiyyəti vurğulanıb. Müqaviləyə əsasən, layihə çərçivəsində tələb olunan yüksək saflıqlı hidrogenin (həcmə görə minimum 99,9 faiz) təchizatının təmin edilməsi məqsədilə “Air Liquide” şirkəti zavodun ərazisində yeni hidrogen istehsalı qurğusunun inşasına cəlb ediləcək. Sənədin imzalanması ilə hidrogen istehsalı üzrə ixtisaslaşmış “Air Liquide” şirkəti layihə üzrə icra qrafikinə uyğun olaraq, texnoloji layihələndirmə paketinin (PDP) hazırlanması işlərinə başlayacaq.

Baş ofisi Parisdə yerləşən “Air Liquide” şirkəti sənaye qazlarının istehsalı və tədarükü, sənaye qazlarının istehsalı obyektlərinin mühəndisliyi, təchizatı, tikintisi üzrə ixtisaslaşan və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı qurumlarındandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272