SIĞORTA

İcbari tibbi sığorta gələn ildən başlayır - RƏSMİ - VİDEO
02 SENTYABR
1121

İcbari tibbi sığorta gələn ildən başlayır - RƏSMİ - VİDEO

2016-09-02 10:55:00

Tibb müəssisələri icbari tibbi sığortaya cəlb olunan vətəndaşlara göstərilən bütün növ tibbi xidmətlər barədə elektron məlumatlar təqdim edəcək. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanovun fins.az-a verdiyi məlumata görə, icbari tibbi sığortanın idarə edilməsi üzrə proqram təminatı bu ilin sonuna tam başa çatacaq. 

Onun sözlərinə görə, digər qurumlar, o cümlədən Səhiyyə Nazirliyi ilə intensiv məlumat mübadiləsi nəticəsində tibbi xidmətlər barədə daha dolğun məlumat bazası formalaşdırılacaq. “Təqdim ediləcək məlumatlara sığortaolunanın tibb müəssiəsinə ilk müraciətindən başlayaraq, keçmiş olduğu bütün müayinə və müalicə prosedurları, diaqnozlar və s. daxil olacaq”. V.Qurbanov bildirib ki, Agentliyin tətbiq edəcəyi proqram təminatının texniki tələblərinin hazırlanması üzrə işlər artıq yekunlaşmaq üzrədir.

Digər tibbi xidmət təchizatçıları ilə yanaşı, İTSDA ilə müqaviləsi olacaq Təcili Tibbi Yardım Stansiyaları da göstərdikləri xidmətlər barədə bu proqram vasitəsilə Agentliyə məlumat təqdim edəcəklər. Nəticədə göstərilən tibbi xidmətlər təhlil olunacaq və həmin məlumatlar əsasında tibbi xidmət təchizatçılarına ödənişlər ediləcək.

V.Qurbanov bildirib ki, icbari tibbi sığorta ilə bağlı baza paket hazırlanıb. Prezident İlham Əliyevin bununla bağlı sərəncamından sonra pilot rayonlarda həmin paket işə düşəcək. 

Qeyd edək ki, icbari tibbi sığortanın işə düşməsi səhiyyə sistemində ciddi dəyişikliklərə, eləcə də ailə həkimi xidmətinin formalaşmasına səbəb olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275