RƏSMİ

30 Aprel

Naxçıvan Muxtar Respublikasında ÜDM istehsalı 3 faizədək artıb

Bu ilin birinci rübündə Naxçıvan Muxtar Respublikasında ÜDM istehsalı 318 milyon 794 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz çoxdur.

Fins.az Naxçıvan Muxtar Respublikasının rəsmi nəşrinə istinadən xəbər verir ki, bunu Naxçıvanda keçirilən "Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri" mövzusunda tədbirdə Muxtar Respublikanın iqtisadiyyat naziri vəzifəsinin icraçısı, nazir müavini Abbas İsmayılov deyib.

Onun sözlərinə görə, ötən il Naxçıvan Muxtar Respublikasında ÜDM istehsalı 1 milyard 550 milyon manatdan çox olub.

"İqtisadi inkişafda, büdcə daxilolmalarında sahibkarlığın rolu olduqca böyükdür. Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətində qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən il 2022-ci illə müqayisədə 36,6 milyon manat və ya 29,4 faiz artıb. 2024-cü ilin birinci rübündə DVX-nin xətti ilə büdcəyə 45,8 milyon manat vergi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 faiz və ya 9,1 milyon manat çoxdur. Cari ilin birinci rübündə Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 116,1 faiz icra edilib", - deyə A.İsmayılov qeyd edib.