BANK

01 May

Bu ilin yekunu üzrə cari əməliyyatlar hesabı profisitli olacaq - Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına əsasən mövcud meyillər davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir.

Bu barədə Fins.az AMB-yə istinadən xəbər verir.

Qeyd edilib ki, profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır. Tədiyə balansının əsas komponenti olan ticarət balansında 2024-cü ilin I rübündə 2.3 mlrd. ABŞ dolları məbləğində profisit formalaşıb.

Yenilənmiş proqnozlara əsasən mövcud meyillər davam edəcəyi təqdirdə 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir.

Beynəlxalq Valyuta Fondu (IMF) 2024-cü il üçün Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-in 8,5 %-i səviyyəsində proqnozlaşdırır. Dünya Bankı isə Azərbaycanın ortamüddətli perspektivdə cari əməliyyatlar hesabının profisitini ÜDM-in 7,5 %-i həcmində proqnozlaşdırılır.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 8 milyard 329,4 milyon ABŞ dolları və ya ÜDM-in 11,5 %-ini təşkil edib. 2022-ci illə müqayisədə profisit 64,5 % və ya 2,8 dəfə azalıb ki, bu da 2023-cü ildə neft və qazın ucuzlaşması ilə əlaqədardır.

Tədiyyə balansına əsasən, 2023-cü ildə neftin orta qiyməti bir barel üçün 85,9 ABŞ dolları olub. Halbuki 2022-ci ildə bu rəqəm 103,7 ABŞ dollarına bərabər idi.

Neft-qaz sektorunda profisit 17 milyard 91,5 milyon ABŞ dolları (40,4 % azalma), qeyri-neft-qaz sektorunda isə 8 milyard 762,1 milyon ABŞ dolları (68,9 % artım) təşkil edib.

Fuad Mədətov

Fins.az