ƏMLAK

Torpaq problemi ilə bağlı – YENİ TƏKLİFLƏR
02 DEKABR
371

Torpaq problemi ilə bağlı – YENİ TƏKLİFLƏR

2016-12-02 12:22:00

Bu gün dekabrın 2-də Əmlak Məsələləri Dövlət Komitəsində “Torpaqların kəmiyyət və keyfiyyət uçotu, aqroiqlim, relyef göstəricilərindən istifadə etməklə coğrafi informasiya sistemləri (CİS) əsasında elmi əsaslarla idarə edilməsi”nə həsr olunan təqdimat keçirilib. Fins.az xəbər verir ki, tədbirdə Komitə rəsmiləri ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AMEA Coğrafiya İnstitutu, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin nümayəndələri iştirak edib. 

Komitənin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev bildirib ki, Prezidentin tapşırıqlarına əsasən, torpaqların faktiki istifadə vəziyyətini əks etdirən kadastr göstəriciləri ilə sənəd göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılır. Torpaq ehtiyatlarından daha səmərəli istifadəni təmin etmək məqsədi ilə mühüm tədbirlər həyata keçirilir. 

“Belə ki, torpaqların elektron kadastr uçotu sisteminin yaradılması, İnzibati Ərazi Vahidləri, İnzibati Ərazi Dairələri və rayonlar üzrə torpaq ehtiyatları haqqında dəqiq elektron kadastr məlumat bazasının yaradılması işinə başlanılıb. Torpaq islahatından sonra torpaqların kadastr uçotu sahəsində ilkin layihələr reallaşdırılıb. Bu sahədə real vəziyyəti öyrənmək və mövcud uyğunsuzluqları aradan qaldırmaq məqsədi ilə pilot layihə çərçivəsində Şəkidə 240 min hektara yaxın sahədə kadastr işləri aparılıb. Bu işlər 2016-cı ilin dekabr ayında yekunlaşıb və pilot layihə başa çatıb”. 

Daşınmaz əmlak olaraq torpaq uzun illər ərzində torpaqəmələgətirən amillərin kompleks təsiri nəticəsində əmələ gəlmişdir. Bu amillərə torpaqəmələgətirən süxurlar, iqlim, relyef, insanın təsərrüfat fəaliyyəti (antropogen təsir) və digərləri aiddir. Ona görə də torpaq münbitliyinin bərpası, artırılması, mühafizəsi və kənd təsərrüfatı bitkilərindən yüksək məhsuldarlığa nail olunması məqsədi ilə torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsinə ehtiyac vardır.

Xidmət rəisi əlavə edib ki, kadastr məlumatları əsasında Şəki rayonunun timsalında CİS-in tətbiqi ilə torpaq ehtiyatlarından səmərəli istifadə edilməsinə dair təkliflər hazırlanıb. Bu zaman torpaqların kəmiyyət və keyfiyyət uçotu məlumatları, aqroiqlim, landşaft göstəricilərinə istinad olunub. 

Tədbirdə qeyd olunub ki, əldə edilən nəticələr əsasında Şəki rayonunda ayrı-ayrı bitkilərin hansı sahələrdə ekoloji-iqtisadi baxımdan daha əhəmiyyətli olmasını görmək olar. Bildirilib ki, təqdim edilən təkliflər torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsində olduqca əhəmiyyətlidir. Hazırlanmış baza və proqram təminatı ölkənin bütün ərazisində ayrı-ayrı bitkilərin yerləşdirilməsi areallarının təyin olunmasına imkan verir.

Diqqətə çatdırılıb ki, rayonlar üzrə torpaq uçotu işləri yekunlaşdıqca bu işlərin həmin rayonlarda da aparılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274